Azərbaycan böyük müharibəyə başlayarsa, nə baş verər?
1. 145 dəfə baxılıb
Əgər cəbhə xəttində hərbi əməliyyatlar yenidən bərpa olunsa, ermənilər Azərbaycan Ordusu qarşısında uzun müddət tab gətirə bilməyəcəklər. Ordumuz qısa zamanda ərazilərimizin bir hissəsini qaytarsa, onlar qorxudan qoyub qaçacaqlar. Hələ bu son 3-4 günlük əməliyyatlardan sonra artıq cəbhə zonasına yaxın kəndlərdəki ermənilər qaçmağa başlayıblar. Əgər böyük müharibə başlasa, nəinki işğal edilmiş ərazilər yenidən Azərbaycana qaytarılacaq, ümumilikdə Ermənistanın dövlət kimi mövcudluğu təhlükə altında olacaq.
“Sələf Xəbər” bildirir ki, bunu Milli.Az-a hərbi ekspert, keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
Aprelin 2-dən etibarən cəbhədəki vəziyyəti şərh edən hərbi ekspertin sözlərinə görə, 1994-cü ildə atəşkəs razılığı əldə olunandan bəri cəbhə xəttində belə bir hərbi əməliyyat olmayıb:
“Cəbhədə bir neçə gün ardıcıl təxribatlar törədən Ermənistan cavabını da layiqincə aldı. Azərbaycan tərəfdə həyata keçirilən əməliyyat zamanı birinci eşolondan və az bir hissə də ehtiyat eşolondan istifadə olundu. Son hərbi əməliyyatlar Azərbaycan Ordusunun gücünü ermənilərə göstərdi və onlarda olan özünəgüvəni sarsıtdı. Geri qaytarılmış ərazilərdə ələ keçirilən yüksəksiklər isə bizə bundan sonra bir neçə km geniş əraziyə nəzarət etməyə imkan verir”.
“Dünən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədləri ilə görüşdə bildirdi ki, əgər ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, cavablarını layiqincə alacaqlar. Sözsüz ki, növbəti əks zərbə əvvəlkindən daha sərt, daha kəskin, daha geniş miqyaslı olacaq.
Cəbhədə gedən son döyüşlər zamanı Azərbaycan Ordusunun ön xətdə yerləşən hissələrinin bəzi ehtiyat bölmələri tərəfindən ərazilərimizi işğal etmiş Ermənistan silahlı birləşmələrinə qarşı hücum əməliyyatları yox, sadəcə əks həmlələr olub. Ermənilər hələ, sadəcə, həmlələrdən sonra bu qədər tələfat verib qaçmağa başlayıblar. Bəs Ordumuz tam hücuma keçib ehtiyat qüvvələrdən istifadə etsə, necə olacaq?! Cavab bəllidir”.
Sələf Xəbər: Ey vətənimizin qəhrəman əsgərləri, bilin ki, uca Allah Qurani-Kərimdə düşmən qarşısında sabitqədəm olanları belə tərif edir: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (əs-Saff surəsi, 4-cü ayə)
Peyğəmbərimiz (ona Allahın salavat və salamı olsun) isə hədisdə sizi belə müjdələmişdir: “Allah yolunda bir gün keşik çəkmək, dünya və onun içərisindəkilərdən daha xeyirlidir…” (Tirmizi rəvayət etmişdir.)
Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!