Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Bakı “İsgəndər”lərlə bağlı hədəfinə çatdı

Oktyabr 26
16:17 2017

Bakı-Minsk hərbi əməkdaşlığının hazırkı səviyyəsi Azərbaycanın öz siyasi hədəflərinə çatdığının mühüm göstəricisidir.

Selefxeber.az-ın xəbərinə görə, bu sözləri “Axar.az“a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bu əməkdaşlığın “İsgəndər” raket sistemlərinə rəqib sayılacaq “Polonez” reaktiv yaylım atəş sistemlərinin alınması ilə daha üst səviyyəyə qalxdığını vurğulayıb:
“Bakı-Minsk hərbi əməkdaşlığının hazırkı səviyyəsi Azərbaycanın öz siyasi hədəflərinə çatdığının mühüm göstəricisidir. Artıq “Polonez” reaktiv yaylım atəş sistemlərinin bir hissəsi Azərbaycana daxil olub və davamı da gələcək.

Bakının əsas məqsədi nəinki Belarusla raket texnikası sahəsində əməkdaşlıq etmək, lazım gələrsə, bu istehsal sahəsini Azərbaycana da daşımaqdır. Sözügedən sistemlər öz səmərəliliyinə görə dörd istiqamətə atəş açmaq və bununla da havada daha çox raket texnikasını zərərsizləşdirmək imkanına malikdir.

Minskin Azərbaycanın hərbi sənaye kompleksinin yaradılmasına bu qədər yaxından yardımı ölkəmizə verilən dəyərdən xəbər verir. Azərbaycanın Belarusla qarşılıqlı faydalı hərbi ticarət əlaqələri hər iki tərəf üçün böyük səmərə vəd edir”.

Politoloq bildirib ki, Bakı-Minsk hərbi əməkdaşlığının İrəvan-Moskva hərbi əməkdaşlığına paralel surətdə inkişaf etməsi indidən bəzi dairələri təşvişə salıb:

“Çünki Bakı-Minsk silah sövdələşməsi hərbi hədəflərimizlə yanaşı, özündə bir çox siyasi dividentləri də ehtiva edir.

Birincisi, Azərbaycan Rusiyanın Ermənistana verdiyi İsgəndər-M-lərə uğurlu alternativ əldə etdi və bunu rus və erməni mütəxəsislər də etiraf edirlər.

İkincisi, heç də uzaq olmayan müddətdə Azərbaycan raket texnikası istehsalı sahəsində müəssisələr yarada bilər. Azərbaycanda sovet dövründə bu sahədə yaradılan zavodların işə salınacağı məsələsinin gündəmə gələcəyini istisna etmək olmaz.

Güman edirəm ki, Bakı bu istiqamətdə fəallığını artıraraq tezliklə “Polonez” və zenit tipli raket sistemlərinin istehsalına başlaya bilər”.

Q.Hüseynli Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrin siyahısının yaxın vaxtlarda genişlənə biləcəyini də açıqlayıb.

Qeyd edək ki, Belarusla Azərbaycan arasında yeni silah anlaşması imzalanıb.

Digər xəbərlər