“Düşməni məğlub etməzdən əvvəl, onu müəyyən etməliyik”
989 dəfə baxılıb
“Sələf Xəbər” www.telegraph.co.uk saytına istinadən Bəhreyn şahzadəsi Salman bin Həməd əl-Xəlifənin ekstremist ideologiyalarla mübarizəyə dair məqaləsini təqdim edir:
“Bu, sadəcə, terrorçuluq əleyhinə müharibə deyil. Biz teokratlarla ölümünə mübarizə aparırıq”.
“Cari “terrorçuluq üzrə müharibənin” başlanmasından demək olar ki, 15 ildən çox vaxt keçib. Deyəsən, bu vaxt ərzində biz ümumi düşmənimizin kim olduğunu anlamağa və onu məğlub etməyə bir balaca yaxınlaşmışıq. Düşməni əsasən terror taktikaları və İslamın təhrif olunmuş versiyaları ilə tanımaq olar. Lakin terrorçuluq, sadəcə, təhrif edilmiş və özündə jurnalistlərin öldürülməsi, oğurlanması və iordaniyalı pilot Muaz əl-Kəsəsibənin vəhşicəsinə yandırılması kimi qəddarlıqları birləşdirən ideologiyaların əlində alətdir.
Bu həftə Kopenhagendə baş vermiş hücumlar bizə bir daha xatırlatdı ki, əgər biz bu qlobal təhlükəyə qarşı mübarizə aparmaq istəyiriksə, düşmənimizi müəyyən etməliyik ki, səylərimizi müvafiq şəkildə birləşdirə bilək. Terrorçuluq ideologiya deyil; biz, sadəcə, terrorçularla mübarizə aparmırıq, həm də teokratlarla mübarizə aparırıq. Mən “teokratlar” terminindən istifadə edirəm, çünki cari müharibə artıq İslama qarşı deyil və xristianlıq, iudaizm, buddizm və ya digər hər hansı bir dinə qarşı çıxa bilər. Bu, dini öz məqsədləri üçün istifadə edənlərə və bir çoxlarımızın müqəddəs hesab etdiyi ənənələri və inancları ləkələyənlərə qarşıdır.
Əgər biz teokratlarla müharibə apardığımızı özümüz üçün müəyyən etsək, o zaman inanıram ki, hərbi, siyasi, itqisadi – və bəlkə də sosial – siyasətləri bu təhlükəyə qarşı mübarizə aparmaq istiqamətində birləşdirmə prosesinə başlaya bilərik.
Keçən əsrdə, dünya bir sıra böyük təhlükələrlə üzləşdi: faşizm, totalitarianizm, soyuq müharibə, kommunizm. Lakin onlar bir konsepsiya olaraq öyrənilmiş, başa düşülmüş və açıq-aydın şəkildə müəyyən olunmuşdu. Biz olanlara ideologiya olaraq müraciət edirik. Bəs, biz bu yeni ideologiya şəklini necə adlandırırıq, onu necə müəyyən edirik? Gəlin, razılaşaq ki, xüsusi terminologiya və müəyyən səciyyəvi cəhətlər bizi üzləşdiyimiz problemin köklərinə aparıb çıxarır.
Sadəcə, bir qruplaşma üçün, biz İŞİD, İLİD, İD və Daiş adlarını tətbiq edirik. Biz əl-Qaidənin bənzərlərini və onun müxtəlif törəmələrini görürük. Əl-Şəbab və Boko Haram qruplaşmaları da mövcuddur, hələ gələcəkdə onlardan digər qruplaşmalar da törəyə bilər. Hər bir halda, biz kor-koranə şəkildə, düşmənimizi strateji cəhətdən anlamadan və ya təsnifatlaşdırmadan bir taktiki təhlükədən digərinə atlayırıq.
Biz bu prosesə onların səciyyəvi xüsusiyyətlərini tamamilə təhlil etməklə başlaya bilərik. Biz bilirik ki, bu insanlar həm bu dünyada və həm də Axirətdə bizi idarə etməyə cəhd göstərir. Özlərini təcrid edir və insan cəmiyyətləri olaraq aramızda müəyyən olunmuş sosial müqavilələrə dəyər vermirlər. Qadınlara zülm edir və onların təhrif olunmuş ideologiyaları ilə razılaşmayanları, təsdiq etməyənləri və ya həmrəy olmayanları kəsib-doğrayırlar. Onlar, həmçinin, dini əmrləri təhrif edir, bununla da möminlərin öz ağıllarını işlətməsini məhdudlaşdırırlar.Onların metodologiyası dini ideologiya taktikalarını və qanunsuz paramilitar qaydaları özündə birləşdirir. Kriminal müəssisənin gəlirləri, uğrunda ümidsiz mübarizənin davam etdiyi hökumət əfsanəsini təsis etməyə daha da təkan verir.
Biz bilirik ki, onlar fürsətçi, sosial və siyasi çevrilişlərin mərkəzində çiçəklənən, ümidləri puç olmuşlara, narazılara və unudulmuşlara məqsəd və liderlik bəxş edənlərdir. Tarix 2011-ci ildə Yaxın Şərqdə baş vermiş qızğın hadisələrin 1989-cu ildə Berlində və ya 1917-ci ildə Petroqradda baş vermiş hadisələrin eynisi olub-olmadığı mühakimə etməkdə ikən, bir şey açıq-aydındır – dövlət paradiqmaları puça çıxdıqda, bu boşluğa ekstremist ideologiyaların gəlməsi ehtimalı daha çoxdur.
Onlar çoxsaylı kanallar, qondarma moizəçilərin müraciətləri, rəqəmsal eranın nəaliyyətləri vasitəsilə dildən-dilə keçən köhnə və yeni ideoloji ismarıclar yayırlar. Və Yaxın Şərqin özündə Qərb tamaşaçılarının görmədiyi peyk kanalları vasitəsilə və onların məhdudiyyətləri və qaydalarına məhəl qoymadan, internet vasitəsilə böyük təsir göstərməklə, demək olar ki, davamlı şəkildə nadan və həssas insanlara dözümsüzlük və kin ismarıcları ötürülür. Biz mətbuat nizamnamələri və onlayn azadlığın konseptual, praktiki və qanuni müdafiəsi ilə əlləşməkdə ikən, onlar nifrət toxumları səpmək və ziyankarlıq nümayiş etmək üçün qəddarcasına bu platformaları istismar edir.
Nəticə etibarilə, 17-ci əsrə məxsus bir çox üsulları nümayiş etdirməklə yanaşı, 21-ci əsrin strategiyasını da təqib edən yeni bir düşmənlə üzləşmişik. Biz onlara yalnız qədim dünyada istifadə olunan həll yolları ilə müraciət etməyə nail olmayacağıq. Bu yalnız həm müasir, həm də ənənəvi, yeni müdaxilə üsulları vasitəsilə mümkündür. Bu yalnız, qarşımızda duran təhlükənin razılaşdırılmış, kollektiv və fundamental şəkildə yenidən nəzərdən keçirilməsi ilə, üzləşdiyimiz problemin fokusunu dəqiqləşdirməyə və bununla bizi ümumi məqsədimizə daha da yaxınlaşdırmağa kömək edəcək.
Biz yalnız o zaman özlərini digər insanlardan üstün tutan və istibdadını həyata keçirmək üçün ilahi idarəetmə sistemi qurduqlarını iddia edən bu cinayətkar ideoloqları məsuliyyətə cəlb etmək üçün öz birləşdirilmiş resurlarımızdan istifadə edə bilərik. Kədərləndirici də olsa, onlar nə qədər vəhşi və primitiv olsalar da, çox güman ki, biz onlarla hələ uzun müddət mübarizə aparmalı olacağıq.
İdeologiyanın özünün adı və başa düşülməsi bizim növbəti hədəfimiz olmalıdır. Bu fərdlər və qruplaşmalar, əlbəttə ki, bəzən qabaracaq və bəzən geri çəkiləcək, lakin biz ideologiyaya qarşı vuruşmalı və onu məğlub etməliyik. Eyni zamanda, “terror əleyhinə müharibə” terminini əvəzləməli və diqqətimizi həqiqi təhlükədə – bu şərli faşist teokratiyaların yüksəlişində cəmləməliyik”.
Əlahəzrət Şahzadə Salman bin Həməd əl-Xəlifə- Bəhreyn Krallığının vəliəhdidir.