Ərdoğan Putindən niyə üzr istədi?
1. 734 dəfə baxılıb
9 ay öncə Türkiyə Rusiya təyyarəsini vurub. Yəni birbaşa. Doğru edib. Bütün dünyaya başa salıb ki, kimin hansı gücü olmasından asılı olmayaraq mənim sərhədlərimi keçmək olmaz və belə olduqda ən sərt addımlara hazıram.
Selefxeber.az-ın axar.az-a istinadən məlumatına görə, Millət Vəkili Fazil Mustafa Türkiyənin Rusiyadan qırıcı təyyarəyə görə üz istəməsini belə şərh etmişdir:
9 ay sonra Türkiyə Rusiyadan üzr istəyib. Yəni dolayı yolla. Yenə də doğru edib! Türkiyə atdığı addıma görə Qərbdən lazımi dəstəyi ala bilmədi və ABŞ-a görə Suriyada Rusiya ilə münasibətlərini gərginləşdirən Türkiyəyə ABŞ PYD və PKK-ya dəstəyini gücləndirməklə cavab verdi, Avropa Birliyi miqrant məsələsində verdiyi vədi yerinə yetirmədi və bütün yükü Türkiyənin üzərinə qoydu, Almaniya da daha irəli gedərək saxta erməni soyqırımını tanıdı. “Mən demişdim axı üzr istəyəcək”, “mən demişdim axı rusun təyyarəsini vurmaq olmaz” ifadələrini indi daha tez-tez bizim və Türkiyənin mediasında gözdən keçirəcəyik, ancaq siyasətdə bunun qısa bir izahı var: xarakterimi göstərdim, gücüm çatana qədər dirəşdim, sonda dalandan qurtulmaq üçün bu yolu seçdim. Situasiyanın tələbi budur ki, türk ordusunun küncə sığışdırdığı PKK-nı ABŞ, Avropa Birliyi və Rusiyanın birgə dəstəyindən məhrum etmək lazımdır. Açığı söyləyim ki, rus təyyarəsi ilə bağlı epizodda ölkə prezidentinin addımı bədəli nə olursa-olsun, əsaslandırılmış idi, bu, həm də Rusiya ilə sanksiya dili ilə danışan Qərb dövlətləri üçün müttəfiqlik naminə edilən misli görünməmiş fədakarlıq idi. Ancaq Qərb müttəfiqlik əxlaqını yerinə yetirmədi. Fikrimcə, cənab Ərdoğanın əsil problemi İzraillə münasibətlərin mənasız yerə pozulmasından başladı. Qəzza məsələsinə görə bu qədər dərinə gedilməsinin izahını vermək mümkün deyil. Məsələn, Azərbaycana görə Ermənistanla sərhədləri bağlamaq, diplomatik münasibətlər qurmaqdan imtina siyasəti hərtərəfli anlaşılandır. Çünki bunun qarşılığını Azərbaycan hər zaman enerji və başqa məsələlərdə ayrıca jestlərlə verib və bundan sonra da verəcəkdir. Qəzzaya yardım və dəstək də lazımdır, ancaq bunu İzraillə münasibətləri pozmaq bahasına etmək doğru deyildir. Sırf iqtisadi baxımdan isə bölgədə hər iki dövlətin maraqlarına ciddi zərbə vurulmuş oldu. Məncə, İzrail və Rusiya həmlələrinin ardından cənab Ərdoğan özündə güc tapıb rəsmi Misirlə münasibətlərin normallaşmasına çalışmalıdır. İranla bağlı siyasətin də müsbət məcrada dəyişməsi vacibdir. Zaman göstərdi ki, xarici siyasətdə məsələlərə ideoloji prizmadan yanaşmaq Suriya kimi çözülməz bir problemi qarşıya çıxara bilər. Azərbaycan üçün isə bu addımların müsbət sonluğa varması hava-su kimi lazımdır. “Fillər savaşanda çəmənlik əzilir”. Təqribən belə bir şey… Bu arada Böyük Britaniyanın baş nazirinin Türkiyənin Avropa Birliyinə daxil olmasına ölçdüyü üç min illik müddət də yadıma düşdü. Özü isə Avropa Birliyində qalmaqla bağlı keçirilən referendumun nəticəsinə heç üç saat da qatlana bilmədi. Deməli, siyasətin konturları texnoloji inqilab sürəcində daha çevik dəyişəndir.
Yuxarıda 9 ay məsələsini əslində normal doğuş müddəti ilə əlaqələndirdim. Yəni 9 aydan sonra yeni siyasətin doğuşu söz konusu. Ona görə də düşmənçilikdə söyüşlərin hamısını işlətməmək, dostluqda da təriflərin hamısını yağdırmamaq məsləhətdir. Sonra istənilən üzr qəbahətdən betər olur.