Fazil Mustafa: “Avropa üçün terrorun doğması və yadı var”
852 dəfə baxılıb
“Terrora qarşı mübarizədə Avropa özü ən sərt qərarlar qəbul edir, başqalarına isə bu qərarları həyata keçirməyə imkan tanımaq istəmir.
“Avropa Birliyinin Türkiyədən terrorla mübarizədə dəyişiklik istəməsi və bunu vizaların ləğvi üçün şərt qoşması bəhanədir”.
Bunu, Avropa parlamentinin rəhbəri Martin Şultsun “Türkiyə ilə viza rejimi ləğv edilməyəcək” açıqlamasını Sputnik-ə şərh edən, millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, terrora qarşı mübarizədə Avropa özü ən sərt qərarlar qəbul edir, başqalarına isə bu qərarları həyata keçirməyə imkan tanımaq istəmir.
“Hesab edirəm ki, Türkiyənin bu məsələdə mövqeyi tamamilə haqlıdır. Çünki həmin terrora qarşı mübarizədə Avropanın özü ən sərt qərarlar qəbul edir. Başqalarına isə bu qərarları həyata keçirməyə imkan tanımaq istəmir. Deməli Avropa üçün terrorun doğması və yadı var”, – deyə millət vəkili qeyd edib.
F. Mustafanın fikrincə, bu, bir daha göstərir ki, PKK terroruna Avropa ölkələri dəstək verir: “Və nəticədə Türkiyədə son 30 ildə on minlərlə insanın qətlinə Avropanın bugünkü siyasətini yönədən insanlar şərik çıxırlar. Onlar məhz PKK ilə birlikdə hərəkət elədiklərini göstərirlər. Türkiyə haqlıdır və bu məsələdə qəti güzəştə gedə bilməz. Separatçı qüvvələrin məhv edilməsinə davam edilməlidir”.
Millət vəkili, Avropanın sözündə durmamasının özü üçün ağır nəticələr doğuracağını bildirib: “Bu qərardan Avropa daha çox əziyyət çəkəcək. Çünki indiki şərtlərdə Türkiyəni bu məsələyə görə sıxışdıranda rəsmi Ankaranın da əks arqumentləri var. Və qarşı addımlar olacaq ki, bu da Avropanın faydasına deyil. Türkiyə qaçqın axınını Avropaya doğru buraxarsa, o zaman çox böyük problemlərin yaşanacağını indidən proqnozlaşdırmaq olar”.
F. Mustafa sonda qeyd edib ki, Türkiyə açıq siyasət yeridir və Avropaya bu mesajı çatdırır: “Bu qədər qaçqın saxlayıram, onlar üçün şərait yaradıram, siz isə mənim işimi asanlaşdırmırsınız. Əgər asanlaşdırmırsınızsa, onda mən də sizin işinizi çətinləşdirərəm. Məsələ budur. Başqa yolu da yoxdur”.
Xatırladaq ki, Avropa Parlamentinin sədri Martin Şults və assambleyadakı siyasi fraksiyaların rəhbərləri Türkiyə vətəndaşlarının Avropa İttifaqına (Şengen zonasına) vizasız gediş-gəlişi ilə bağlı müzakirələri dayandırıblar. Bu barədə Avropa Parlamentinin Niderlanddan olan deputatı Yudit Sippel məlumat verib. İttifaq Türkiyəyə terrorizmlə mübarizəyə dair qanunvericiliyə yenidən baxmasını tövsiyə edib.
Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!