Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Fazil Mustafa: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əxlaqı bir qıraqda qaldı…”

Mart 03
17:36 2016

“Biz İslamı kənara qoyub əlimizdə bıçaq başımızı yardıq…”

2014-cü ilin avqust ayında Azərbaycan hökuməti yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri “adət”ini ləğv etməyə qərar verdi. Azərbaycanda bir neçə dəfə yas mərasimlərindəki israfçılığın qarşısını almaq cəhdləri olsa da, bu, nəticəsiz qalıb. Yalnız Naxçıvanda yerli rəhbərliyin sərt qadağası nəticəsində ehsan süfrələri qənd-çayla məhdudlaşdırılıb. Elə sonuncu dəfə hökumətin işə qarışması ilə ilk günlərdə tətbiq edilən qadağaya da tam əməl olunmur.

Eyni zamanda iddia olunur ki, hökumətin ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyx Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub. Hazırda isə Bakıda QMİ-nin nəzarətində olan əksər məscid və xeyir-şər evlərində dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir.

Tətbiq edilən qadağa daha çox bölgələrdə, rayon kəndlərində öz qüvvəsində qalıb. Bir çox rayonlarda insanlar yas süfrələrindən meyvəni və digər bu kimi qidaları xurma və çayla əvəz ediblər. Misal üçün cənub, Şirvan zonalarında, Qazax, Şəmkir, Tovuz rayonlarında artıq yas mərasimlərində ehsanlar yüngülləşdirilib.

Bakının bəzi kəndlərində isə ağsaqqallar yığışaraq, ehsan süfrələrində israfa yol verməmək üçün qaydalar tətbiq ediblər. Buna misal olaraq, Balaxanı kəndini göstərmək olar. Əldə etdiyimiz məlumata görə, hökumətin bu qərarından sonra Balaxanıda yas mərasimlərində ehsan olaraq çay və xurma verilir. Əgər molla məclisə gəldiyi zaman orada aş və digər isti yeməklərin verildiyini görərsə, məclisi aparmaqdan imtina edir.

Lakin yas yiyəsi ehsan verməkdə israr edirsə, kənd ağsaqqalları tərəfindən bu durum üçün də çıxış yolu tapılıb. Belə ki, ağsaqqallar tərəfindən kəndin imkansız, xəstə, əlil üzvü olan ailələrinin siyahısı tutulub. Həmin şəxs ehsan kimi onlara yardım edir. Şəhərin mərkəzində isə vəziyyət başqadır. Misal üçün Laləndə xeyir-şər evində demək olar ki, hər gün ehsan süfrələri açılır. Bu süfrələrdə isə bəhs etdiyimiz qadağanın heç bir təsirinə rast gəlinmir.

Mövzu ilə bağlı deputat F.Mustafa bildirdi ki, əslində İslamın Azərbaycan cəmiyyətinə yaxından və uzaqdan çox da dəxli yoxdur: “Bizim cəmiyyət özünə görə bir İslam yaşayır. İstər mərasimlər, istərsə də digər ritualların həyata keçirilməsində böyük əksəriyyət Allahın təqdirini qazanmaq əvəzinə insanların razılığını əldə etmək yolunu seçib. Hökumət ehsan süfrəsini yüngülləşdirir, insanlar isə deyirlər ki, yox, biz əziyyət çəkmək istəyirik. Yoxsulumuz da, zənginimiz də belədir. Zənginimiz şöhrətpərəst, yoxsulumuz isə sadəcə olaraq cahillik içərisində problemləri öyrənməyə çalışmır. Buna artıq başqa formada necə təsir göstərmək olar? Bakıda bir sıra yerlər var ki, orada yemək ehsanları verilmir. İnsanlar yaslarını orada nə üçün keçirmirlər? Kim insana “ölünə nə üçün yemək ehsanı vermirsən” deyə irad bildirə bilər? Biz xəstə bir cəmiyyətik. Bunun müalicəsi isə çox uzun çəkəcək. O boyda İslam dini gəldi, biz dini kənara qoyub, əlimizə bıçaq götürüb, başımızı yardıq. Peyğəmbərin əxlaqı bir qıraqda qaldı, biz küçələrə çıxıb, mərsiyə dedik. Yəni dini də doğru yaşamadıq. Nəticədə “Şeyx Nəsrullah”ları, “Molla İbrahimxəlil Kimyagər”ləri və sairələri yetişdirdik. Fırıldaqçıların, dələduzların böyük əksəriyyəti molla adı ilə bu cəmiyyəti yanlış istiqamətə yönəltdilər. Bu gün də Azərbaycan hacı, kərbəlayi ilə doludur. Onların da böyük əksəriyyəti özlərini saxta formada gözə soxan şəxslərdir”.

“Sələf Xəbər”in Avropa.infoya istinadən məlumatına görə, F.Mustafa hesab edir ki, cəmiyyəti islah etmək üçün maarifçilik lazımdır: “Almanlar, yaponlar təhsil sistemlərini qaydasına saldıqdan sonra normal vəziyyətə düşdülər. Biz oxumağı da kənara qoymuşuq. Adi İrlandiya Atçılıq Akademiyasında bir nalbəndin təhsil müddəti 4 ildir. Biz həmin 4 ilə universitetlərdə nalbənd yetişdirsəydik, bundan daha faydalı olardı. Hamının cibində diplom var, ancaq savadları yoxdur. Bu anlayış ehsanın verilməsində də belədir. Dini komitə də insanlara ən azı bir işarə verdi ki, dövlət bu məsələlərdə yüngülləşmənin tərəfdarıdır. Vətəndaş isə deyir ki, ölünün pulunu da yasına xərcləyəcəm, qoy, uşaqları acından ölsün. Bu cəmiyyətlə nəyisə irəli aparmaq olmur. Bu baxımdan mən insanları qınamıram. Deyirlər ki, molla bizi aldadır. Bəs, Quran kitabı nə üçün tərcümə olunub? Gedib, oxuyun də…”

Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir”. (Qurani-Kərim, Hədid surəsi, 9-cu ayə)

20-ci yüzilliyin məşhur İslam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) Quranın oxumaqdan başqa məqsədlərlə, məsələn divarda bəzək şəklində asılması və s. kimi istifadəsi barədə soruşublar. Buna şeyx cavab verib: “Biz Quranı layiqli şəkildə oxumalı, onun ehkamlarına riayət etməli, onun şanını uca tutmalı, hörmət etməli və təhqirlərdən və ona qarşı qeyri-düzgün münasibətdən qorumalıyıq, çünki Quran – Allahın, özündə yalnız həqiqəti əks etdirən kitabıdır və onda bir yalan da yoxdur”.

Digər xəbərlər