İŞİD-in Qiyamət barədə yalanları
1. 799 dəfə baxılıb
“Sələf Xəbər” Qazaxıstanın L. Qumilev adına Milli Avrasiya Universitetinin Dinşünaslıq fakültəsinin professoru, Geosiyasi araşdırmalar institutunun direktoru, tarix elmləri doktoru Asılbek İzbairovun zakon.kz saytına verdiyi müsahibəsini təqdim edir.
– Asılbek müəllim, İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirdikdən sonra, İŞİD dünyanın ən zəngin terror təşkilatına çevrilib. Zəhmət olmasa təşkilatın fəaliyyəti və öz sıralarına insanları necə cəlb etməsi barədə məlumat verin.
-İŞİD – İraq və Şamda İslam Dövləti (və ya Levanta – müasir Suriya, Livan, Fələstin, İordaniya, İsrail və Misirin bir hissəsini özündə birləşdirən ərazi) terror təşkilatı – əl-Qaidənin İraq bölməsindən törəyib. Bu gün İŞİD, Yaxın Şərqdə qüvvələrin yeni bölgüsünü təmin etmək məqsədi daşıyan, həqiqətən də dünyanın ən zəngin terror təşkilatı və iri geosiyasi layihədir. Belə bir rəy mövcuddur ki, İŞİD faktoru, aparıcı Qərb dövlətlərinə yaxın şərq regionunda müəyyən geosiyasi məsələləri həll etməyə imkan verəcək. İŞİD-in “cihadçı” üzvləri özlərini ən qəddar və radikal ekstremistlər kimi tanıdır.
– İŞİD öz ideologiyasını hansı teoloji əsas üzərində qurur?
– İŞİD heç bir düzgün ideoloji bazaya, sabit inanca malik deyil və heç bir müəyyən dini cərəyanın maraqlarını təmsil etmir. Əksinə, qəddarlıqlarına baxmayaraq, onların bazası bir çox islam qruplaşmaları üçün universaldır. İŞİD-in təbliğatı və ideologiyasının ideoloji birləşdirici əsası, əslində, sələfilik və ya hər hansı digər dini cərəyan deyil, Qiyamət gününün yaxınlaşmasını spekulyasiya etməkdir. Guya məhz İŞİD Qiyamət gününə yaxın zühur edəcəyi gözlənilən imam Mehdinin ordusuna qoşulacaq xilas olmuşlar firqəsidir.
– Yəni, İŞİD öz ideologiyasını Qiyamət gününün yaxınlaşması üzərində qurub?
– Bəli. Biz də bu gün müşahidə edirik ki, onlar neofitləri (dinə yeni gələnlər – tərc.) cəlb edərək, xilas olmaq istəyənlərin beyninə yeridirlər ki, bu böyük prosesə – imam Mehdinin ordusunun zühur etməsinə qoşulmalıdırlar. Bu, həmin terror təşkilatının sıralarında olan Qazaxıstanlı vətəndaşlar barədə videolarda da xüsusi olaraq səsləndirilib.
Bu gün İŞİD digər terror təşkilatları ilə müqayisədə, texnoloji nailiyyətlərin istifadəsi ilə fərqlənir, Facebbok-dan və digər sosial şəbəkələrdən fəal şəkildə istifadə edir, öz təbliğat məhsullarını ən son proqram tətbiqatlarına uyğunlaşdırır. Qruplaşmanın iş miqyası və detalların dəqiqliyinə görə hesabatlar, bir çox transmilli korporasiyaların illik hesabatlarını ötüb keçir. Belə bir sual meydana çıxır: kifayət qədər gənc terror təşkilatının informasiya sistemlərindən belə geniş istifadə etməsi, Facebook, Twitter hesabları, video çarxlar və keyfiyyətli analitik hesabatlar aparmaq imkanı hardandır? Bu, İŞİD-in bilavasitə xarici xüsusi xidmət orqanlarının əmri ilə işləməsə də, ən azından öz fəaliyyətlərində onların təcrübəsindən istifadə etməsinin göstəricisidir.
Məsələnin kökünə nəzər saldıqda, onların xilafət elan etməsi, münaqişəyə qonşu əraziləri cəlb etməsi və kütləvi şəkildə repressiyalar tətbiq etməsi sadəlövh müsəlmanlar üçün tələ və ümumilikdə müsəlman aləmi üçün böyük bir fitnədir.
Bununla bərabər, onlar öz xalqlarına qarşı müharibəni, “uzaq düşməndənsə” (ilk olaraq Qərb), “yaxın düşmənə” (yəni, müsəlman ölkələrindəki “kafir” hökumətlərə) qarşı vuruşmağın məqsədəuyğunluğu konsepsiyasına əsaslandırırlar. Çünki “biz öz ölkələrimizdə müsəlmanların vəziyyətini düzəltməliyik”. Həmçinin İŞİD-in ideoloqları daim sosial şəbəkələrdə müxtəlif şayiələr buraxmaqla, fəal şəkildə KİV-in marağını öz əməllərinə cəlb etmək üçün spekulyasiya edirlər. Və bu şayiələrin fonunda dünyada islamafobiya dayanmadan artır.
– İŞİD-in cəlbetmə üsulları hansılardır?
– İŞİD tərəfindən insanların cəlb edilməsi də müvafiq olaraq Qiyamət gününün yaxınlaşmasına dair spekulyasiyalar üzərində qurulur. Bu, belə məsələlərdən çox da başı çıxmayan, lakin bütün fani insanlar kimi gələcəyi proqnoz etmək və “xilas olmuşlar” sırasında olmaq üçün aldanan sadəlövh müsəlmanlarda ruh yüksəkliyi oyadır.
– Axı Qiyamətin əlamətləri mövzusunun ortaya atılması sadəcə İŞİD yox, bir çox qruplaşmalara aiddir…
– Razıyam, lakin onu rəsmi ideologiya şəklində istifadə etmək, İŞİD-in bir növ peşə sirridir. Əlbəttə ki, bütün müsəlmanlar Qiyamət gününə və Hesab gününə inanır, lakin ağıllı mömin bilir ki, bunun vaxtı yalnız Allaha məlumdur. Hətta Quranda ayə var ki, Allah bu saatın nə zaman qopacağını hamıdan gizli saxlayır.
Ümumilikdə İŞİD və digər ekstremist təşkilatlar, insanları müstəqil şəkildə düşünmək qabiliyyəti olmayan zombiyə çevirərək cəlb edirlər və bu gün onlar öz adeptlərinin şüurunun dəyişdirilməsinə əsaslanan üsullardan uğurlu şəkildə istifadə edirlər. Əgər, məsələn, “assasinlər” transa girmək üçün narkotik maddələrdən istifadə edirdilərsə, müasir terrorçular digər üsullara əl atırlar. İŞİD ekstremistləri musiqidən, naşid adlanan mahnılardan fəal şəkildə istifadə edirlər. Məsələn, A. adlı keçmiş təkfirçinin sözlərinə əsasən, onlar trans halına girmək üçün xüsusi olaraq qaranlıq otağa girir və naşidlərə qulaq asırdılar və təsəvvür edirdilər ki, kafirlərlə vuruşur və Cənnətə girirlər. Naşidlərə davamlı şəkildə qulaq asdıqları barədə bir çox keçmiş təkfirçilər məlumat verir.
Daha sonra İŞİD tərəfdarlarının beyninə yeridirlər ki, onlar təşkilatın sıralarına öz böyük missiyalarını yerinə yetirmək üçün qoşulublar. Bu missiya qarşısında bütün dünya istəkləri və qorxuları sönür və bu qruplaşma Hesab günündən əvvəl başlayacaq böyük bir prosesin başlanğıcıdır. Bura sərt görünüş, Avropadan tutmuş Filippinə qədər könüllülərin gəlməsini də əlavə edəndə sizdə xilafətin – bütün müsəlmanlar üçün vahid ədalətli dövləti xatırladan bir birliyin illüziyası yaranır.
İŞİD-in ideologiyasının digər bir vacib cəhəti qan tökülməsini, yəni yenə də “yaxın düşmən” konsepsiyasına əsasən “xilafəti” dəstəkləməyən müsəlmanları öldürməyi icazəli görmələridir. İslama tamamilə zidd olan bu inanc, yaşadıqları cəmiyyətdə uzun müddət nifrət hissləri ilə dolu olan marginal şəxslər və qruplar arasında geniş yayılıb. Digər müsəlmanların ölümünü icazəli görmək, daha ənənəvi ekstremizm ideologiyasından – bütün siyasi rəqibləri kafirlikdə ittiham etmək mahiyyəti daşıyan təkfirçilikdən törəyir. Təkfirçilərin nöqteyi-nəzəri ilə müsəlmanın “kafirlik” kateqoriyasına keçməsi avtomatik olaraq onun qanını halal edir və onu öldürmək artıq günah hesab edilmir.
– “Cihada” gedənlər və İŞİD-in tərəfində vuruşanlar arasında Qazaxıstanın hansı regionlarından olan insanlar müşahidə olunur?
– Əsasən təkfir ideologiyasının ən geniş yayıldığı qərbi və mərkəzi Qazaxıstanda. Əgər qərbdə, xüsusilə şeyx Xəlil adlı bir nəfərin xütbələri ilə təkfir açıq şəkildə yayılırdısa, mərkəzi regionda təkfirçilik, təkfirçi icmaların üzvlərinin öz müəllimlərinin ideologiyasını sonadək dərk etmədiyi halda üstüörtülü şəkildə yayılırdı. Bu müəllimlər onları tədricən normal müsəlman praktikasından, öz siyasi rəqiblərinin yaşamaq hüququnun inkar edilməsinə doğru sürükləyirlər. Odur ki, Suriya və İraqa getmiş qazaxıstanlıların çoxu, Jezkazqan və Uralska şəhərlərinin sakinləri olub.
– Təkfirçilik nəyin sayəsində Qazaxıstanda yayılıb?
– B. adlı bir keçmiş təkfirçi mənə danışırdı ki, təkfirçilik, digər bidətçi cərəyanlar kimi, bir-bir qarşılıqlı əlaqədə olan iki üsuldan istifadə edərək yayılıb. Təkfirçilik ideologiyası öz təlimlərini yaya-yaya, konspirasiya məqsədilə məlumatın mənbəyini “əmanət” termini – bir müsəlmanın digərinə etibar etdiyi və onun qorumağa borclu olduğu əşya və ya məlumat – altında gizlədirmişlər. Onlar və ya onların lideri haqqında həqiqi məlumatlar yayıldıqda isə, təkfirçilər deyirdilər ki, bu qeybətdir. İslam inancına əsasən, əmanətə xəyanət və qeybət etmək – böyük günahlardır. Bütün bunlara əsasən, təkfirçilər öz təlimlərini həm azadlıqda, həm də Qazaxıstan həbsxanalarında gizli şəkildə yaymağa nail olublar.
– Siz bir dəfə demişdiniz ki, potensial ekstremistlər bir neçə mərhələ boyunca cəlb olunurlar. Bu barədə daha təfsilatlı məlumat verə bilərsiniz?
– Əgər bilavasitə təkfirçi icmaların üzvlərindən danışsaq, onların cəlbetmə prosesi 4 mərhələdən ibarət olur. Birinci mərhələdə, cəlb etməkdə olduqları insanları ətrafdakılardan uzaqlaşdırmaq üçün, ideoloqlar onlara ətrafdakılarla əlaqə qurmağı tamamilə qadağan edirlər. Belə ki, onlara hətta “din qardaşlarının”, yəni, onların inancları ilə tam həmfikir olmayanların kəsdiyi əti yemək qadağandır.
Bu süni marginalizasiya ikinci mərhələ hesabına daha da güclənir. İkinci mərhələdə, təkfirçilər yalnız namaz qılanları müsəlman hesab edir. Nəticə etibarilə, təkfirçilər bazarda alınmış və ya valideynlərinin, qohumlarının, qonşularının kəsdiyi əti yemirlər, çünki onların fikrinə görə bu insanlar artıq müsəlman deyil və islamı tam haqqı ilə yaşamırlar. Keçmiş təkfirçi D. hətta etiraf edib ki, o qruplaşmanın sıralarından çıxmayana qədər, onun öz xalqına qarşı heç bir doğma hissləri olmayıb, həqiqi şəfanı isə qohumlarının kəsdiyi heyvanların ətini yeyəndən sonra tapıb.
Cəlbetmənin üçüncü mərhələsi – islamın klassik təlimlərinə zidd olaraq, digər inanca sahib insanın mülkünün və qanının halal qəbul edilməsidir. Üçüncü mərhələ ən vacib mərhələdir, çünki “kafirlərin” mülkünün halal hesab edilməsi, avtomatik olaraq onun ekspropriasiyasını (zorla əlindən alınması – tərc.) şərtləndirir. Başqa sözlə desək, təkfirçilər qarət, qətl və zorakılığa “islamla bəraət” qazandırırlar. 2004-cü ildə, məhz bu üçüncü mərhələni keçdikdən sonra, J. Bimurzayevin yaratdığı ekstremist qruplaşması, bu cür cinayətlərin törədilməsi nəticəsindən əldə edilmiş maliyyə vəsaitindən istifadə edərək Daşkənddə terror aktları törətmişdir. Dördüncü mərhələ – silahlı “cihadda” bilavasitə iştirakdır. Ümumilikdə dini radikalizm iki əsas konsepsiyaya istinad edir. Bu təkfir – bayaq haqqında danışdığımız kafirlikdə ittiham və xuruc (rəhbərə qarşı çıxmaq), hökumət əleyhinə silahlı üsyan ideologiyasıdır.
– Bizə nə mane olur ki, təkfirçiliyin əleyhinə Qazaxıstanda ənənəvi olan hənəfilik məzhəbini təbliğ edək?
– Məsələ ondadır ki, bu gün radikalizm problemi çox mürəkkəbləşib, qarşıdurma aparan qruplaşmaların metodologiyası və fəaliyyəti çox təkmilləşib, onlar öz inanclarını müxtəlif texnologiyalarla kamuflyaj edirlər. Nəticə etibarilə, bu fəaliyyət bizim ənənəvi dəyərlərimizə qarşı yönəldilib və biz açıq-aydın şəkildə deyə bilərik ki, indi hənəfi məzhəbinin əsaslarına sistemli şəkildə hücumlar edilir, imam Əbu Hənifənin əqidəsi dağıdılır. Məsələn, bəzi moizəçilər vaxtilə Əbu Hənifənin nəzəriyyələrinə tənqidlə yanaşmış və ya Əbu Hənifənin müəyyən tələbələrini “zəif alimlər”, onların əsərlərini isə qeyri-səhih adlandırmış alimlərin nüfuzunu qaldırmaqla məşğuldurlar. Biz sadə bir həqiqəti anlamalıyıq: islam təlimi kimi hənəfilik bizim xalqımızın milli ənənələrinə hopub və adət-ənənələrimizin ayrılmaz bir hissəsidir. Əbu Hənifənin əqidəsinin əsaslarını gizli şəkildə dəyişmək və ya hücum etmək cəhdlərini isə, bizim dini mədəniyyətimizin əsaslarının, nəticə etibarilə dövlətimizin, müstəqilliyimizin, istiqlaliyyətimizin zəiflədilməsi cəhdi kimi qəbul etmək lazımdır. Çox sadə səslənir, amma biz radikallara qarşı profilaktik olaraq hansı fəaliyyəti göstəririk?
Cəmiyyətdə rəsmi islam strukturlarının ayrı-ayrı nümayəndələri – söhbət qətiyyən Krım Müsəlmanları Dini İdarəsindən getmir – ikinci dərəcəli məsələlər qaldırırlar, məsələn “Allah hardadır?”. Mən dəfələrlə təkrar edirəm ki, bu yüksək abstraksiya problemi, islamşünas alimlərin dəqiq və dürüst araşdırmalarının mövzusudur, asudə vaxtımızda söhbət etmək üçün mövzu deyil. Bu, mürəkkəb teoloji mövzulardır, lakin ən əsası, təcrübədə də sübuta yetirib ki, onlar dini radikalizmlə əlaqəli məsələləri həll etmirlər. Bundan əlavə, Dağıstanda reallaşdırılmış ssenariyə nəzər salsaq, onlar radikalizm problemini daha ağırlaşdırır və ənənəvi islamı açıq-aşkar şəkildə təhlükəyə atır.
– Gəlin cəlbetmə məsələlərinə qayıdaq. Cəlbetmə adətən harada və necə aparılır, bu tələyə kimlər düşür?
– Radikallar cəlbetmə zamanı insanın 3 əsas tələbindən istifadə edirlər – birliyə olan tələb, quruluşlanma və ətraf mühit üçün önəm daşımaya olan tələb, yəni özünütəyin, özünütəsdiq və özünü reallaşdırma. Radikal dini təşkilatların təsiri, xüsusilə gənclərlə iş zamanı özünü büruzə verir. Onlar əsasən cəmiyyətdən kənar qalmış, sosial autsayder olan gəncləri cəlb etməyə çalışırlar. Bu prosesdə qohum və dostluq əlaqələrinə böyük əhəmiyyət verilir, yad adamlar arasında həmfikirlərin axtarılması isə çox ehtiyatla və gizli şəkildə həyata keçirilir.
Gəncləri xəbərdar etmək istəyirəm ki, cəlbetmə hətta məscidlərdə də həyata keçirilə bilər. Məscidlərdə cəlbetmənin xüsusiyyəti odur ki, əvvəlcə qrup fəalları dinin əsaslarını təzə-təzə öyrənməyə başlayan gənclərlə ünsiyyət qurur. Bu və ya digər şəxsin möminliyinə əmin olduqdan sonra, qrupun üzvlərindən biri onunla dini və ya dini-siyasi söhbət aparır. Əgər qrup rəhbərliyi, cəlb edilən gəncin bir neçə söhbətdən sonra onların baxışlarının əsas məqamlarını bölüşdüyünü görürsə, bir neçə “fəaliyyət” yoxlamasından sonra, onu qrupa qoşulmağa dəvət edirlər.
– Gəncin cəlbetmə prosesində olduğunu necə bilmək olar?
– Gənc insanın cəlbetmə prosesində olduğunun əlamətləri, onun “filankəs kafirdir”, “biz tağut ölkəsində yaşayırıq” kimi kəlmələr işlətməsi, konspirasiyadır. Belə gənclər daim hansısa videolar izləyir, naşidlər dinləyir, namaz qılmayan müsəlmanın kəsmədiyi əti yemir, Qiyamət gününün əlamətlərini axtarır və s. Əgər siz bu əlamətlərin şahidi olsanız, bu halda taktika əkstəsir mövqeyi yox, profilaktika mövqeyi üzərində qurulmalıdır. Çünki, sərt yanaşma əks nəticə verə bilər. Belə olan halda savadlı ilahiyyatçıya müraciət etməyi tövsiyə edərdim. Lakin, bir çox hallarda təkfirçilər lap əvvəldən ilahiyyatçıları inkar edir, onları əqidələrinin yanlış olmasında ittiham edirlər, bu da əlbəttə ki, profilaktika işini çətinləşdirir.