“İslam Xilafəti” Qazaxıstan üçün böyük təhlükədir
1. 245 dəfə baxılıb
“Sələf Xəbər” tengrinews.kz xəbər portalına istinadən xəbər verir ki, Qazaxıstan, bu yaxınlarda özünü bütün dünyaya bəyan etmiş “İslam dövləti” (digər adları “İslam xilafəti”, İŞİD) terror xəvaric qruplaşmasının daşıdığı təhlükəyə maksimal dərəcədə ciddi yanaşmalıdır.
Bu barədə “Meqapolis” qəzetinə verdiyi müsahibədə tanınmış qazax politoloqu Dosım Satpyaev xəbərdarlıq edib.
Qəzet yazır ki, bu ilin sentyabr ayının ortalarında sosial şəbəkələrdə qruplaşmanın tərəfində vuruşan qazaxların əks olunduğu video çarx yayılıb.
Satpayevin sözlərinə əsasən, “İslam xilafətinin” daşıdığı təhlükə tamamilə real ola bilər: “Hər şey bütövlükdə Qafqaza və Mərkəzi Asiyaya təhdiddən başlamışdı, indi isə artıq bilavasitə ölkələrin adı çəkilir. Tez-tez səslənən bu cür bəyanatlar hansı təhlükə daşıyır? Həqiqətən, hal-hazırda İD qruplaşmasının əsas səyləri Suriya və İraqın ərazilərinin zəbt edilməsinə yönəlib.
Bununla bərabər, qruplaşmanın döyüşçülərinin əsas kütləsi – dünyanın müxtəlif ölkələrindən gəlmiş müxtəlif insanlardır. Onlar qruplaşmaya məhz adı çəkilən ərazilərdə həmin xilafəti qurmağa kömək edirlər. Bununla bərabər, bəzi “mücahidlər” zəruri döyüş təcrübəsi qazandıqdan sonra öz ölkələrinə qayıdırlar.
Xüsusilə, Böyük Britaniya, Fransa və Almaniyadan bu barədə məlumatlar daxil olur. Vətəndaşlarımızın İD-in tərəfində döyüşlərdə və ya “Taliban” hərəkatında iştirakı ilə bağlı ölkəmizin məruz qaldığı riskə gəldikdə isə, onların Qazaxıstana qayıtması, əsasən radikal fəaliyyətdə güc balansını müəyyən dərəcədə dəyişdirə bilər.” – “Risklərin dəyərləndirilməsi qrupunun” direktoru izah edib.
Politoloq qeyd edib ki, insanların öz ölkələrinə təxribat fəaliyyəti təcrübəsi ilə qayıtması, həm müxtəlif radikal islamçı qruplaşmalar arasında yeni birliklərin yaranmasına, həmçinin terrorçuluq fəaliyyətinin aktivləşməsinə gətirib çıxara bilər.
Politoloq hesab edir ki, ehtimal olunan risklərdən biri, “İslam Xilafətinin” döyüş əməliyyatlarında Mərkəzi Asiyanın bütün dövlətlərindən vətəndaşların iştirak etməsidir: “Əgər Suriya və İraqda bir-birinə qarşı müqavimət göstərməyən veteranların bizim regiona qayıdacağını təsəvvür etsək, onlar ilk növbədə Tacikistan və Türkmənistanla sərhədin ən zəifləmiş məntəqələrinə güclü zərbə endirmək üçün regionumuzda həm İD, həm “Taliban” və həm də Əfqanıstanın digər radikal qruplaşmaları ilə sıx əlaqə qurmağa səy göstərən yeni təşkilat yaratmağa cəhd göstərəcəklər” – Dosım Satpayev bəyan edib.
Qazaxıstanlı mütəxəssis Erlan Karinin verdiyi məlumatlara əsasən, islamçıların sıralarında 250 qazax, 100 qırğız, 190 tacik, 500 özbək və 360-a yaxın türkmən vuruşur.
Dosım Satpayev qazax “mücahidlərin” sayının nə xüsusi xidmət orqanlarına, nə də mütəxəssislərə məlum olmadığı barədə mülahizə irəli sürüb.
Öz növbəsində Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeniy Satanovskiy inanır ki, “İslam xilafəti” simasında İraqa üz vermiş fəlakət qısa zamanda Əfqanıstanda da təkrarlanacaq və daha sonra Mərkəzi Asiya ölkələrinə keçəcək.
Uznews.net qəzetinə verdiyi müsahibədə rusiyalı mütəxəssis bildirib ki, ən zəif regionlar Qırğızıstan və Türkmənistandır. Döyüşçülərin vətənə qayıtmasının hansı təhlükə daşıdığı barədə danışan Satanovskiy qeyd edib ki, döyüş əməliyyatları aparmaq təcrübəsinə malik təcrübəli və cihad aləmində əlaqələrə malik peşəkarlar nəinki lazım olan vaxtda istənilən regionu partlatmağa qadir olan səyyar gücə malikdirlər, həmçinin onlar xüsusilə gəncləri ideal şəkildə öz sıralarına cəlb edirlər.
Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəllərində Suriyada vuruşmuş döyüşçülər İraqın şimali və qərbi rayonlarını zəbt edərək Bağdada yaxınlaşıblar. Döyüşçülər zəbt etdikləri ərazilərdə “bütün müsəlmanların lideri olan” Əbu Bəkr əl-Bağdadinin başçılığı altında yeni dövlətin – islam xilafətinin qurulmasını elan ediblər.
Cihadçılar bəyan edib ki, 5 il ərzində şərqdə Çinin sərhədlərindən başlayaraq qərbdə İspaniyaya, şimalda Qazaxıstanın şimal sərhədlərindən cənubda Afrikanın ekvatorial rayonlarına qədər uzanan geniş əraziləri öz nəzarətləri altına keçirəcəklər.