Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Liviya: o zaman və indi – Birinci hissə

Dekabr 15
16:35 2014

“Sələf Xəbər” www.newdawnmagazine.com saytına istinadən, yazıçı və siyasi analist Mehdi Darius Nazemroyanın “Liviya o zaman və indi” adlı məqaləsini təqdim edir.

2011-ci ildə bütün dünyanın Ərəb Baharını heyrətlə izlədiyi bir dövrdə ABŞ və onun müttəfiqləri Şimali Atlantika Əməkdaşlıq Təşkilatının (NATO) və Körfəz Əməkdaşlıq Şurasının bayrağı altında Liviya Ərəb Cəməhiriyyəsini hərbi cəhətdən viranə qoydu.

Onların guya qorumaq üçün ölkəyə müdaxilə etdikləri dinc mülki qiyamçılar heç də ABŞ və onun dəstəsinin dünyaya təqdim etdiyi kimi deyildilər. Bu “qiyamçılardan” əksəriyyəti silahlı idi və bu aşkarlandıqda onlar tədricən özlərini “üsyançı qüvvələr kimi” qələmə verdilər. Liviyadakı bu “qiyamçılar” əsasən öz-özünə meydana gəlmiş hərbi qüvvə yox, Liviyada hər hansı müxalifət fəaliyyəti başlamazdan əvvəl törəmiş və təşkil edilmiş qiyam hərəkatı idi.

Liviyanın ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmasından sonra Vaşinqtonun və ya onun müttəfiqlərindən hər hansı birinin Liviya hökumətini devirəcəyi çoxlarının ağlına da gəlməzdi. Liviya və ABŞ, Britaniya, İtaliya, Fransa, İspaniya və Türkiyə arasında biznes və ticarət əlaqələri 2003-cü ildə Polkovnik Müəmmar Qəddafi Vaşinqtonla əməkdaşlıq etməyə qərar verdikdən sonra çiçəkləndi. Heç kim təsəvvür etməzdi ki, Seyfəl-İslam Qəddafinin neoliberalizm tərzinə malik “Yeni Liviyası” NATO ilə razılığa gələ bilər.

Lakin ABŞ və onun Avropa İttifaqı yoldaşları uzun illər Liviyanı ələ keçirmək üçün hazırlıqlar görüb. Onlar Cəməhiriyyənin hökumət, təhlükəsizlik və kəşfiyyat sektorlarına nüfuz edib. İkinci Dünya Müharibəsindən bəri mövcud olan uzunmüddətli və Liviyanı 3 müstəmləkə ərazisinə bölməyi qarşısına məqsəd qoymuş imperialist məqsədlər yazılı şəkildə Vaşinqton, London, Paris və Roma hökumətlərinin sənəd qovluqlarından çıxarılaraq NATO-nun Brüsseldəki mənzil-qərargahına çatdırıldı.

ABŞ və onun müttəfiqləri bu kolonial planlarla əlaqəli Liviya müxalifətinin mütxəlif təmsilçiləri ilə əlaqələr qurur və Tripolidə rejimin dəyişməsi üçün həmişə bu müxalifət üzvlərindən istifadə etmək seçimini əllərində saxlayırdılar. Öz kolonial planlarını birləşdirərək və agentlərini səfərbər edərək, ABŞ və onun müttəfiqləri, sadəcə, Keçid Şurası adlandırılan Keçid Milli Şurasının və Liviyanı öz yeni marionet rəhbərliyi kimi idarə etmək üçün bənzər orqanlar təsis edilməsi üçün səhnə qurmağa başladılar.

Hətta, 2011-ci ildə Liviya münaqişəsinin kulminasiyası olan Ərəb Baharından aylar öncə Britaniya və Fransa basqın barədə birgə təlimlər də təşkil ediblər. NATO və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin müxtəlif kəşfiyyat xidmətləri və əcnəbi hərbi kommandoslar da, həmçinin, Liviyada bu Şimali Afrika ölkəsinin destabilizasiyası və Cəməhiriyyə hökumətinin və institutlarının devrilməsi üçün hazırlıqlara kömək edirdilər.

Reallıqlar başıaşağı çevrildi və qurbanlar münaqişənin aqressorları kimi qələmə verildi. Tamahkarların və əcnəbi döyüşçülərin genişləndirdiyi Keçid Şurası qüvvələri NATO və KƏŞ-in köməyi ilə mülki şəxslərə və özlərinə əngəl törədənlərə işgəncə verir, zorlayır və öldürürdülər. Liviya daxilində bütün zorakılığa görə isə yalnız Müəmmar Qəddafi sərt şəkildə günahlandırılırdı. Baş verən vəhşiliklər liviyalıların daxili çəkişmələrinin nəticəsi deyildi.

Münaqişə zamanı NATO Şimali Afrika ölkəsini ələ keçirmək və nəzarəti altına salmaq üçün ciddi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdi. Əcnəbi jurnalistlərin müharibəyə haqq qazandırması və müdafiə etməsi azmış kimi, onlar Liviyanın hədəfləri və nəzarət-keçid məntəqələri barədə məlumatları Cəməhiriyyənin düşmənlərinə ötürməklə NATO-nun müharibə cəhdlərinə kömək etməkdə əsas rol oynadılar. Lakin müharibə planlaşdırıldığı kimi getmədi və Liviya müqaviməti Pentaqon və NATO-nun təsəvvür etdiyindən güclü olduğunu sübut etdi.

Liviyada münaqişə üçün zəmin hazırlamaq və hökuməti devirmək üçün konfrontasiya gedişatı boyunca beynəlxalq səviyyədə bir sıra insan hüquqları təşkilatları və mütəxəssislərdən ibarət komissiyalardan istifadə olundu.
Bu təşkilatlar əsasən intervenizasiyaya haqq qazandırmaq mexanizmlərini təsis etmək və Liviyada yalançı “demokratiya” adı altında proksi hökumət üçün tələb olunan fərdlər və ictimai xadimlərdən ibarət şəbəkənin qurulması üçün çalışan qurumun bir hissəsi idi.

Zamanı gəldikdə bu orqanlar Liviya Ərəb Cəməhiriyyəsini təcrid etmək, axtalamaq və özündən asılı vəziyyətə salmaq üçün NATO qüvvələri və KİV-lə fəaliyyətini koordinasiya etmişdir. Bu saxta insan haqları təşkilatları və KİV şəbəkələri Afrika muzdurları, Liviyanın mülki şəxslərə yönəldilmiş hərbi qırıcı hücumları və Müəmmar Qəddafi rejiminin mülki şəxsləri soyqırım etməsi barədə yalanları təbliğ etmək üçün birgə çalışırdılar.

Bu yalanlar BMT və digər beynəlxalq orqanlar tərəfindən araşdırma aparılmadan qəbul edilirdi. Liviyanın beynəlxalq araşdırma aparılması üçün irəli sürdüyü tələblər cavabsız qalırdı. Pentaqon militarizminin və qlobal imperiyanın Pol Volfoviç, Con Makkeyn, Cozef Liberman, Eliot Abraams, Leon Viseltyer, Con Hanna, Robert Kaqan və Uilyam Kristol kimi tərəfdarları müharibə tələb edirdilər.

Ardı var…

Yazıçı və geosiyasi analist Mehdi Darius Nazemroya, “NATO-nun qloballaşması” və bu yaxınlarda işıq üzü görəcək “Liviya uğrunda müharibə, Afrikanın rekolonizasiyası” kitablarının müəllifidir. O, həmçinin, mədəni tənqiddən beynəlxalq münasibətlərə qədər mövzularda yazılmış bir çox digər kitabların müəllifi, Qloballaşma üzrə Tədqiqatlar Mərkəzinin elmi əməkdaşı, Moskva Strateji Mədəniyyət Fondunun əməkdaşı və İtaliya Elmi Geosiyasət Komitəsinin üzvüdür.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən tərcümə olunub

Digər xəbərlər