Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Nazirlər neçə rayonun azad edilməsini müzakirə edirlər?

Sentyabr 26
17:02 2017

Ermənilər işğal olunmuş rayonların qaytarılması ilə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini paralel olaraq həyata keçirmək niyyətindədir.

Selefxeber.az-ın məlumatına görə, bu sözləri “Axar.az”a politoloq Qabil Hüseynli Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında keçirilmiş görüşdən sonra ATƏT Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanata münasibət bildirərkən deyib. O bildirib ki, iki ölkə prezidentinin görüşündən əvvəl bəyanatın təfərrüatı tam olaraq açıqlanmır:

“Amma məsələ burasındadır ki, nazirlər prezidentlərin yaxın gələcəkdə görüşünün təşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarını və görüşün gedişindən razı qaldıqlarını bildirib. Nəzərə alaq ki, Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan erməni diasporunun üzvləri ilə görüşü zamanı “Qarabağ zonası üçün təhlükə yaratmayacaq” ərazilərin Azərbaycana qaytarılması ilə bağlı danışıqlar getdiyini bildirmişdi. Amma ermənilərə güvənmək olmaz, onlar öz bəd əməllərindən əl çəkmirlər. Bunun BMT-nin Baş Assemblyasında Ermənistan Prezidenti Serj Sərkisyanın çıxışında bir daha şahidi olduq. O, Dağlıq Qarabağın statusunun tanınmadığı təqdirdə heç bir danışıqlardan söhbət getməyəcəyini vurğulayır”.

Politoloq qeyd edib ki, görüşün yeganə müsbət tərəfi danışıqlar prosesinin sürətlənməsidir:

“Ancaq bəyanatda səsləndirilən digər fikirlər ermənilərin hər çıxışında təkrarladığı fikirlərdən başqa bir şey deyil. Onlar nə Rusiyanın imzaladığı Kazan anlaşmasının şərtlərini yerinə yetirməyin, nə də ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın səsləndirdiyi 7 rayonun qaytarılmasının tərəfdarıdır. Ermənilər ilkin mərhələdə 2 rayonun Azərbaycana qaytarılmasını, daha sonra isə prosesi mərhələli olaraq davam etdirməyi nəzərdə tuturlar. Görünür, onlar 2 rayonu qaytarmaqla, Dağlıq Qarabağın keçici də olsa, statusunu dəyişdirməyi paralel olaraq həyata keçirməyi nəzərdə tuturlar. Əlbəttə danışıqlar prosesinin başlaması, gələcəkdə prezidentlərin görüşünün təşkil olunması ilə bağlı razılığa gəlinməsi müsbət hadisədir. Amma bunun nəticələrinin necə olması ilə bağlı açıq fikir söyləmək çətindir. Çünki Dağlıq Qarabağın yekun statusu danışıqlar əsasında müəyyən edilməlidir”.

Qeyd edək ki, ötən gün Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanla görüşüb.

Digər xəbərlər