Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Neft hərisliyindən törəyən “İslam Dövləti”

Noyabr 30
10:28 2014

“Sələf Xəbər” Guardian qəzetinə istinadən xəbər verir ki, Qərb KİV-i vasitəsilə İraqda baş verən böhrana dair xəbərləri izlədikdə elə təəssürat oyanır ki, özünəməxsus tərzə malik İraq və Şam İslam Dövləti (İŞİD) terror xəvaric qruplaşması öz-özünə əmələ gəlib qərbi qəfildən lərzəyə gətirib və indi isə qəfil təbiət hadisəsi kimi Yaxın Şərqi bürüyüb. Reallıq isə bundan daha mürəkkəb və daha az məqbuldur.

İŞİD terror xəvaric qruplaşmasının sürətli inkişafı ABŞ-ın rəhbərliyi altında Yaxın Şərqdə uzun müddətdir davam edən, tiranlar və terroruçuları regional neft və qaz yataqlarına çıxış əldə etmək üçün bir vasitə olaraq istifadə edən geostrategiyanın gözlənilən nəticəsidir.

İkinci Dünya müharibəsindən sonra, Britaniyalı tarixçi Mark Körtis “İkimənalı güc” kitabında yazır ki, ABŞ və Birləşmiş Krallığın Yaxın Şərqdə məqsədləri neft üzərində cəmləşib. 1958-ci ildə qələmə alınmış məxfi sənəddə deyilir: “Fars Körfəzində Britaniyanın və digər qərb ölkələrinin maraqları: Britaniya və digər qərb ölkələrinin Körfəzlə sərhəd olan dövlətlərdə hasil olunan neftə sərbəst çıxışı təmin etmək; sərfəli şərtlərlə o nefti davamlı olaraq əldə edə bilmək və həmçinin, Küveytdən əlavə gəlirlər əldə edə bilmək; kommunizmin və psevdo-kommunizmin regionda yayılmasının qarşısını almaq və daha sonra regionu Ərəb millətçiliyindən qorumaqdır”.

Səddam Hüseyn ABŞ, Britaniya, Fransa, Almaniya tərəfindən ona satılmış çoxlu sayda kimyəvi və bioloji silahlardan istifadə edərək İranla mübarizə aparsa da, kürdləri və şiələri kimyəvi qazlarla zəhərləndirsə də, digərləri ilə müqayisədə o Qərbin adamı idi: 1988-ci ildə, Səddamın qüvvələri Hələbcəyə xardal qazı və neyrotoksinlərlə hücum edərək 5 min mülki şəxsi öldürdükdə, İraq neftinin ABŞ-a idxalı 126 milyon barrelə qalxdı. Mahiyyət etibarilə bu, İraq neft hasilatının hər 4 barrelindən birinin ABŞ-a ixrac olunması demək idi. Bu ABŞ-a qarşı xüsusi münasibətdən qaynaqlanırdı. ABŞ neft şirkətləri, digər Avropa şirkətləri ilə müqayisədə neftin hər barrelində 1 dollar endirim əldə edirdilər. Bu xüsusi münasibət yalnız Səddamın anti-amerikanist hissləri üzə çıxanda dəyişdi. 1990-cı ilin fevralında keçirilmiş Ərəb Sammitində, Baasizmin (Baasçılıq) lideri bəyan etdi: “Əgər Körfəz ölkələrinin sakinləri və digər ərəblər diqqət etiməsələr, Ərəb Körfəz regionu Amerikanın istəyi ilə idarə olunacaq”. O şikayət edib ki, ABŞ yalnız ABŞ-ın maraqlarına xidmət edən və digərlərinin maraqlarının nəzərə alınmadığı xüsusi yanaşma tərzi əsasında neftin istehsalı, paylanması və qiymətlərini diktə edəcək. Odur ki, ola bilsin qərbli rəsmilər Küveyti İraqa qarşı, Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji təhlükəsizliyi proqramının rəhbəri Henri Şulerin “iqtisadi müharibə” adlandırdığı prosesi həyata keçirməyə həvəsləndirəndə özlərini ağıllı hesab edirdilər.

Digər yüksək səviyyəli qaynaqlar arasından İordaniya kralının adını çəkən mərhum istintaqçı jurnalist Maykl Emeri vaxtilə “Village Voice” qəzetində yazıb: “Küveyt…qərb kəşfiyyat agentliklərinin İraqın maraqlarına qarşı ruhlandırdığı səhnəarxası iqtisadi kampaniyada həvəslə iştirak etmişdir. Küveytlilər, hətta, həddi aşaraq nefti OPEK-lə razılaşdırılmış qiymətlərdən də ucuz satdılar…bu isə, nəğd pul hərisi olan Bağdad üçün əhəmiyyətli olan neft gəlirlərini azaltdı. Dəlillər göstərir ki, Prezident Corc Buş, Britaniya baş naziri Marqaret Tetçer, Misir prezidenti Hüsni Mübarək və digər ərəb liderləri, Səddam Hüseynə xalqını yenidən dirçəltmək üçün ehtiyacı olduğu iqtisadi köməyi ona gostərməkdən boyun qaçırmaq üçün 1988-ci ilin avqust ayından başlayaraq gizli şəkildə bir neçə dəfə əməkdaşlıq etmişdir”. İraqın regional təsirini azaltmaq üçün edilmiş bu xəlvəti cəhdlər, Səddamın Küveytə basqın etməsinə, 1991-ci il Körfəz Müharibəsinin OPEK-in qərbin himayəsi altında neft hegemoniyasının təsdiqlənməsinə səbəb oldu.

2003-cü il basqınında neft yenə də diqqət mərkəzində idi. İraqın zəifləyən neft sənayesini əcnəbi sərmayəçilərə açmaq məqsədilə ona basqın etmək və zəbt edərək canlandırmaq barədə planlar Pentaqon, ABŞ Dövlət Departamenti və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi tərəfindən xırdalığına qədər tədqiq edilsə də, humanitar və ya sosial yenidənqurma istiqamətində çox cüzi və ya ümumiyyətlə, heç bir planlaşdırma nəzərdə tutulmamışdı. İraqın nəhəng neft yataqlarını açığa çıxarmaq Müvəqqəti Koalisiya Administrasiyasının bir britaniyalı diplomatının potensial neft ehtiyatlarının “dünyəvi çatışmazlığı” kimi səciyyələndirdiyi hadisənin qarşısını ala, qlobal qiymətləri sabitləşdirə və beləliklə, 2001-ci ildə vise-prezident Dik Çeyninin rəhbərliyi ilə təsis edilmiş araşdırma qrupunun proqnozlaşdırdığı enerji böhranını ləngidə bilərdi. Eyni zamanda, nüfuzlu neokonservativ ABŞ rəsmiləri bu vaxtı regionu İraqın 3 muxtar milli-məzhəbi kantona de-fakto bölünməsi ilə yenidən qurmaq kimi düşüncəsiz ambisiyalarını yürütmək üçün fürsət bildilər: bu məqsədə gizli zorakılıq olmadan nail oluna bilməzdi.

ABŞ özəl kəşfiyyat şirkəti olan “Stratfor”un təqdim etdiyi məlumatlara əsasən, Çeyni və Müdafiə Nazirinin müavini Pol Volfoviç, İraqın sünni əhalinin əksəriyyət təşkil etdiyi (Bağdad da daxil olmaqla) mərkəzi və ən böyük hissəsinin İordaniya ilə birləşməsini; Mosul və Kərkükün iri neft yataqları da daxil olmaqla, şimali və şimali-qərbi İraqın kürd regionunun muxtar dövlət olmasını; Bəsrə də daxil olmaqla cənubi-qərbi İraqın şiə regionunun üçüncü kantona çevrilməsi və ya Küveytlə birləşməsini nəzərdə tutan sxemi birlikdə işləyib hazırlayıblar. “Stratfor” sanki gələcəyi görərək xəbərdarlıq etmişdi: “Yeni hökumətin bütün İraqda nəzarəti ələ almaq cəhdləri sünni, şiə və kürd etnik qruplaşmaları arasında vətəndaş müharibəsinə gətirib çıxara bilər…ən kəskin müharibənin isə neft qurğuları uğrunda baş verməsi gözlənilə bilər”. Bu, məhz bu gün baş verən senaridir. Lakin ölkənin məzhəbi xətlər boyunca parçalanması Vaşinqtona müəyyən strateji üstünlüklər verə bilərdi.

İraqı müstəqil dövlət kimi aradan qaldırdıqdan sonra, paytaxt Amman (İordaniya) olduğu üçün, bir gün Bağdadda anti-amerika hökumətinin hakimiyyətə gələcəyi qorxusu ola bilməzdi. ABŞ-ın cari və potensial geosiyasi düşmənləri İran, Səudiyyə Ərəbistanı və Suriya bir-birindən təcrid olunacaq, onların arasında qalan böyük torpaq parçaları isə proamerikan qüvvələrin nəzarəti altında olacaq.

Həmçinin, Vaşinqton özünün regionda uzunmüddətli və ağır hərbi iştirakına ABŞ-dan ona dəstək olmasını xahiş edən gənc dövləti müdafiə etmək zəruriyyəti kimi haqq qazandıra və neft bazarları və ehtiyatlarının sabitliyini təmin edə biləcəkdi. Bu isə öz növbəsində ABŞ-a İraq neftinə birbaşa nəzarəti ələ keçirməyə və Riyadla münaqişə baş verəcəyi halda Səudiyyə neftini əvəzləməyə kömək edəcəkdi. “Stratfor”un tərtib etdiyi hesabatda yazılıb ki, bu plan o vaxt müzakirə olunan bir neçə plandan sadəcə biridir və hələ yekunlaşmayıb. Bu əsasda ABŞ-ın ziddiyyətli siyasətinə məna vermək olar.

2005-ci ilin əvvəllərində, Pakistan müdafiə mənbələri üzə çıxardı ki, Pentaqon “Şiə ruhanilərin idarə etdiyi dini hərəkat təhlükəsinin qarşısını almaq üçün, ABŞ qoşunlarının dəstəyinə əsaslanan və “Baasizm” partiyasının əl-Qaidə qiyamçıları ilə əlaqəli keçmiş üzvlərindən ibarət əhali arasında kök salmış kiçik milis ordusunu silahlandırmaq qərarına gəlib. Demək olar ki, eyni vaxt kəsiyində Pentaqon sünni qiyamçılar və onların tərəfdarlarını hədəfə almaq məqsədilə şiə ölüm dəstələrini maliyyələşdirmək üçün öz “Salvador seçimi” əməliyyatını hazırlamağa başladı.

Hər iki tərəfin silahlandırılmasının arxasında duran strateji düşüncə barədə ABŞ Birgə Xüsusi Əməliyyatlar Universitetinin hesabatında xatırladılır: “ABŞ-ın İraqdakı elit qüvvələri taktiki və əməliyyati səviyyədə öz iraqlı rəqibləri arasında daxili çəkişmə üçün şərait yaratmağa əl atdılar”. Buna, “ABŞ psixoloji müharibə (PSYOP) mütəxəssislərinin” “fraksion döyüşü” alovlandırması və “qiyamçılarla döyüşən qiyamçılar hazırlaması” üçün əl-Qaidə cihad fəaliyyətlərini yaymaq və təbliğ etmək daxil idi. Bu qeyri-uzaqgörən “parçala və hökmranlıq” et prinsipinə əsaslanan strategiya, İraqda təriqətçiliyi alovlandırmaqdan başqa heç nəyə nail olmadı, lakin bütün regiona sirayət etdi.

“Guardian” qəzetində və digər bir mənbədə də yazdım ki, həm Buş və həm də Obama administrasiyası – Səudiyyə Ərəbistanı, Qətər və digər Körfəz ölkələri vasitəsilə – Yaxın Şərq boyunca əl-Qaidəyə birləşmiş ekstremist sünni qruplaşmaların İranın təsirinə müqavimət göstərməsinə səbəb oldu. Bura Suriyadakı cihadçı qruplaşmaların milyardlarla dollar məbləğində geniş şəkildə maliyyələşdirilməsi-hələ 2009-cu ildə başlamış və boru-kəmər geosiyasəti kontekstində davam edən bir siyasət daxil idi. Belə görünür ki, ABŞ və Birləşmiş Krallıq qərara gəlmişdilər ki, təklif olunmuş İran-İraq-Suriya boru kəməri layihəsi onların sevimli dostlarının-Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İordaniyanın maraqlarını sarsıdacaq.

İndi baş verən hadisələr, 2008-ci ildə ABŞ ordusu tərəfindən maliyyələşdirilən strateji araşdırmalar mərkəzinin hesabatında “uzunmüddətli müharibədə” necə qalib gəlmək barədə təsvir edilmiş senariyə son dərəcə yaxındır: “Sübut olunmuş neft ehtiyatlarının coğrafi ərazisi əksər cihadçı şəbəkələrin enerji bazası ilə üst-üstə düşür…yaxın gələcəkdə, dünyada neft hasilatının artmasına və ümumi həcminə Fars Körfəzi dominantlıq edəcək”. Hesabatda tədqiq edilmiş bir strategiya da, ABŞ-ın Körfəz neftinə çıxışını mühafizə etmək üçün yürütdüyü, müxtəlif cihadçı qruplaşmalar arasındakı sınma xətlərindən istifadə edərək onları bir-birinə qarşı çevirmək və onların enerjisini daxili konfliktlərə sərf etməkdən ibarət “Parçala və hökmranlıq et strategiyası” olub.

Həmçinin, ABŞ öz diqqətini İranın Yaxın Şərqdə və Fars Körfəzində qüdrətinin və nüfuzunun qarşısını almaq üsulu kimi Səudiyyə Ərəbistanı, Misir və Pakistanda ənənəvi sünni rejimlərə dəstək olmaqda cəmləyə bilərdi. Hesabatda bildirilir ki, bu, terrorçulara səlahiyyət verməklə nəticələnə bilərdi. Lakin ABŞ-ın qısa müddətli perspektivdə maraqlarına yönəlmiş əl-Qaidə təhlükəsini azalda bildiyi üçün bu nəticənin ABŞ-a faydası ola bilərdi. Çünki onlar Yaxın Şərq və Fars Körfəzi boyunca İranın maraqlarını hədəfə alacaq, eyni zamanda isə anti-Amerika və anti-Qərb əməliyyatlarını azaldacaqdı. Potensial nəticələr proqnozlaşdırılırdı.

Fevral ayında, ABŞ Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru general-leytenant Maykl T. Flinn Konqresdə bəyan etdi ki, İŞİD terror xəvaric qruplaşması 2014-cü ildə öz gücünü göstərmək üçün İraq və Suriyada əraziləri ələ keçirməyə cəhd edəcək. İraqlılar düşünülməmiş imperialist Qərb təkəbbürün bədəlini hələ də ödəyirlər və ABŞ ümidsiz şəkildə azğınlığı ilə İraq boyunca neft hasilatını darmadağın etmək təhlükəsi təşkil edən İŞİD terror xəvaric qruplaşmasının qarşısını almaq üçün qatı düşməni İranla ittifaqı nəzərdən keçirir.

Münaqişə İŞİD terror xəvaric qruplaşmasının əsas şəhərləri tutmaqda davam etdiyi halda da pisləşəcək qiymət sıçrayışlarına səbəb olub. Neftin qiymətinə nəzarət etmək üçün yeni müdaxilə əlbəttə ki, ABŞ və Birləşmiş Krallıq hökumətləri üçün cəlbedici səslənir. Lakin bu, sadəcə, əlaməti aradan qaldıracaq, məsələnin kökündə yatan səbəbi yox. Və bizi bu günə qədər neft uğrunda aparılan mənfəətpərəst müharibələr bu hala salıb.

Amansızlığı ucbatından, hətta, əcdadı olan əl-Qaidə şəbəkəsinin üz döndərdiyi İŞİD terror xəvaric qruplaşmasının güclənməsi-elə həmin neft aludəçisinə çevrilmiş ABŞ-Birləşmiş Krallıq məxfi əməliyyatlarının nəticəsidir. Əgər biz həqiqətən İŞİD terror xəvaric qruplaşmasını və bu qəbildən olan digər qruplaşmaları məhv etmək istəsəydik, bu işə özümüzü terror saçan neft hegemonluğunun geosiyasi və maliyyə infrastrukturundan ayırmaq və azad etməklə başlaya bilərdik. Cari kontekstdə isə, bombalar eskalasiyaya gedən yoldan başqa heç nə vəd etmir. Eynşteynin sözü ilə desək: “Dəlilik eyni şeyi təkrar-təkrar edib fərqli nəticələr gözləməkdir”.

Nafiz Əhməd
Doktor Nafiz Əhməd Beynəlxalq Təhlükəsizlik üzrə jurnalist və akademikdir. O “Mədəniyyət böhranının təlimat kitabçası: Mədəniyyəti necə xilas etmək olar?” və bu yaxınlarda işıq üzü görəcək “Sıfır nöqtəsi” elmi fantastik trillerinin müəllifidir.

Digər xəbərlər