Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Neoliberalizm ən pis keyfiyyətlərimizi üzə çıxardı

Noyabr 06
22:31 2014

“Sələf Xəbər” www.theguardian.com saytına istinadən bildirir ki, “Bizə həmişə deyirlər ki, indi əvvəlki dövrə nisbətən öz həyatımızda seçimlər etməkdə daha azadıq. Lakin, uğur hekayələri çərçivəsindən kənarda azad seçim məhduddur”.

Biz daim can atırıq ki, öz kimliyimizi xarici qüvvələrdən tamamilə ayrı dərk edək. Lakin, on illər boyunca aparılmış araşdırmalar və terapevtik təcrübələrdən sonra inanmağa başladım ki, iqtisadi dəyişiklik nəinki dəyərlərimizə, hətta şəxsiyyətlərimizə əhəmiyyətli dərəcədə təsir göstərir.

30 il ərzində neoliberalizm, azad bazar qüvvələri və özəlləşdirmə öz işini görüb. Nəyəsə nail olmaq üçün yorulmadan təzyiq göstərmək bir normaya çevrilib. Əgər buna skeptik yanaşırsınızsa, sizə sadə bir fakt deyim: meritokratik neoliberalizm bəzi şəxsi xüsusiyyətləri yaxşı qəbul edir, digərlərini isə tənqid edir.

Bu gün karyera qurmaq üçün, insan müəyyən ideal səciyyəvi cəhətlərə malik olmalıdır. Birincisi, özünü dəqiq ifadə edə bilməlisən, ikincisi isə məqsədin bacardığın qədər çox insana qalib gəlmək olmalıdır.

Əsas odur ki, öz bacarıqların barədə mümkün olduqca çox danışasan: geniş əhatəyə, xeyli təcrübəyə malik odluğun və bu yaxınlarda mühüm bir layihəni həyata keçirdiyin barədə bolluca danışmalısan. Daha sonra hamıya məlum olur ki, bunların hamısı boş söz imiş. Lakin, onları belə asanlıqla aldatmağın digər şəxsi bir xüsusiyyətdir: sən inandırıcı şəkildə yalan danışa və özünü bir balaca günahkar hiss edə bilərsən. Odur ki, öz davranışına görə heç vaxt məsuliyyəti öz üzərinə götürmürsən.

Ən əsası isə sən zirək və impulsivsən, daim yeni stimullar və sınaqlar axtarışındasan. İşə gəldikdə isə, bu riskli davranışdır, amma bu vacib deyil, çünki nəticədən əziyyət çəkən sən olmayacaqsan. Bütün bunları sıralamağım üçün ilham mənbəyi nə olub? Psixoterapiya sahəsinin ən tanınmış mütəxəssislərindən olan Robert Heyrin hazırladığı siyahı.

Əlbəttə ki, bu təsvirlərdə bir balaca ifrata varılıb. Lakin, neoliberal meritokratiya insanları makro-sosial səviyyədə illüstrasiya edilmiş maliyyə böhranına (məsələn, Avrozona ölkələri arasında münaqişələrdə) düçar edib.

Həmrəylik bahalı bir zinətə çevrilir və müvəqqəti ittifaqlar üçün yol açır. Əsas məsələ rəqabət yox, vəziyyətdən daha çox gəlir əldə etməkdir. Həmkarlarla sosial bağlar, müəssisə və ya təşkilatlara qarşı emosional bağlılıq zəifləyir.

Zorbalıq məktəblərdə tətbiq edilirdi; indi isə bu iş yerləri üçün də adi hala çevrilib. Zorbalıq, zəif insanın qəzəbini zəiflərdən çıxmasının tipik əlamətidir. Psixologiyada bu yerini dəyişmiş agqressiya adlanır. İnsanlar bir çox qorxulardan əziyyət çəkir: performans barədə narahatlıqlardan tutmuş, digərlərini təhdid etmək kimi sosial qorxulara qədər.

İşdə daim aparılan dəyərləndirmələr muxtariyyətin itirilməsi və xarici, çox vaxt dəyişən normalardan asılılığın artmasına gətirib çıxarır. Bu isə öz növbəsində, sosioloq Riçard Sennetin “işçilərin infantilizasiyası” kimi təsvir etdiyi hala gətirib çıxarır. Yetkin insanlar uşaqlara xas davranışlar və cüzi məsələlərə münasibətdə qısqanclıq nümayiş etdirirlər (“Ona ofisdə təzə stul veriblər, mənə isə yox”), ağ yalan danışırlar, başqalarının uğursuzluğuna sevinir və qisas hissi ilə alışıb yanırlar. Bu, insanların müstəqil düşünməsinə mane olan və onlarla yetkin insanlar kimi davranmayan sistemin nəticələridir.

Ən mühümü isə, insanların özünəhörmət hissinə vurulan ciddi zədədir. Hegel və Lakan kimi mütəfəkkirlərin yazdığı kimi, özünəhörmət hissi digərlərinin bizi tanımasından çox asılıdır. Son zamanlar işçilərin özünə ən çox verdiyi sualın “Mənə kimin ehtiyacı var?” var sualı olduğunu gördükdə, Sennet də bu nəticəyə gəlib. Bir çox insanlar üçün bu sualın cavabı belədir: heç kimə.

Cəmiyyətimiz daim bəyan edir ki, insan çox çalışsa, uğur əldə edə bilər. İnsanları üstün olmağa təşviq edir və yüklənmiş və yorulmuş vətəndaşlarına daha çox təzyiq göstərir. Çox sayda insan özünü alçalmış, günahkar və xəcalətli hiss edərək uğursuzluğa düçar olur. “Bizə həmişə deyirlər ki, indi əvvəlki dövrə nisbətən öz həyatımızda seçimlər etməkdə daha azadıq. Lakin, uğur hekayələri çərçivəsindən kənarda azad seçim məhduddur”.

Bundan əlavə, işi gətirməyən insanlar sosial müdafiə sistemimizdən faydalanan uğursuz müftəxorlar hesab edilir. Neoliberal meritokratiya bizi inandırır ki, uğur fərdi səylər və istedaddan asılıdır. Yəni, guya məsuliyyət tamamilə fərdlərdən asılıdır və səlahiyyətli orqanlar insanlara bu məqsədlərinə çatmaq üçün daha çox müstəqillik verməlidir.

Sosioloq Ziqmund Bauman dövrümüzün paradoksunu dəqiq şəkildə belə cəmləşdirir: “Biz heç vaxt bu qədər müstəqil (azad) olmamışıq. Heç vaxt da özümüzü bu qədər gücsüz hiss etməmişik”. Həqiqətən biz əvvəlki dövrlərdən daha müstəqilik, dini tənqid edə, cinsi münasibətlərə istədiyimiz nəzər-nöqtəsindən yanaşa və istədiyimiz siyasi hərəkatı dəstəkləyə bilərik. Biz bütün bunları edə bilərik – çünki bunların daha heç bir əhəmiyyəti yoxdur – laqeydlik, bu cür azadlığın hərəkətverici qüvvəsidir. Lakin, digər tərəfdən gündəlik həyatımız bürokratiya ilə daimi mübarizəyə çevrilib. Çörəyin tərkibində duzun faizindən tutmuş şəhərdə ev quşları saxlamağa qədər hər məsələ barədə nizamnamələr (qaydalar) mövcuddur.

Azadlıq adlandırdığımız məfhum, bir mərkəzi hala bağlıdır: biz uğur qazanmalıyıq – yəni bizdən “nəsə” çıxmalıdır. Nümunə axtarmağa ehtiyac yoxdur. Valideynliyi karyerasından üstün tutan bir şəxs tənqid atəşinə tutulur. Yaxşı işi olan bir nəfər başqa işlərə vaxt sərf etmək istəyəndə onu dəli adlandırırlar. Amma sərf etmək istədiyi şeylər uğur qazanmağa zəmanət verirsə, bu başqa məsələ. İbtidai sinif müəlliməsi olmaq istəyən gənc qadına valideynləri deyirlər ki, o iqtisadiyyat elmləri üzrə magistr dərəcəsi qazanmalıdır. “İbtidai sinif müəlliməsi? Bu qız nə danışır !?”

Cəmiyyətimizdə hər kəs normaların və dəyərlərin itirilməsindən danışır. Lakin, normalarımız və dəyərlərimiz bizim kimliyimizin ayrılmaz və əhəmiyyətli bir hissəsidir. Odur ki, o dəyərləri itirmək olmaz, yalnız dəyişdirmək olar. Dəqiq desək, bu baş verib: dəyişmiş iqtisadiyyat özündə dəyişmiş əxlaq normalarını əks etdirir və bu da öz növbəsində kimliyin dəyişməsinə gətirib çıxarır. Bir sözlə, cari iqtisadi sistem, bizə məxsus olan ən pis keyfiyyətləri üzə çıxarır.

Pol Verxa, fəlsəfə elmləri doktoru, Gent Universitetinin professoru və Psixotəhlil və Məsləhətləşmə Psixologiyası kafedrasının müdiri

Digər xəbərlər