Nəzər nöqtəsi: Terrorçu İslam Dövləti niyə davam gətirməyəcək?
1. 080 dəfə baxılıb
“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən təqdim etdiyi məqalədə Doktor Afzal Ashrafın “Allah yolunda cihad” şüarı altında insanları öldürərək “islam xilafəti” qurduğunu zənn edən İŞİD terror xəvaric qruplaşmasının əsl mətləblərini açır və terror qruplaşmasının hazırkı vəziyyətini araşdırır.
“İslam Dövləti” (İD) terror xəvaric qruplaşmasının İraqa hücumları, baş kəsilməsi videoları, İD-in öhdəsindən gəlmək üçün aparıcı dövlətlərin işə qarışması, təbii ki, insanlar arasında bu qurumla bağlı narahatlıq hissini gücləndirib.
Bu amillər “İD” terror qruplaşmasının təhlükəsinin həddən artıq şişirdilməsinə şərait yaradıb. Əslində isə vəziyyət güman edildiyi dərəcədə də ağır deyil.
İD hərbi cəhətdən təsəvvür edildiyindən zəif olmaqla yanaşı, ideoloji müstəvidə də ölümcül ola bilən zərbə alıb.
İD, əl-Qaidə terror qruplaşmasından fərqli olaraq, indiyədək Qərbə qarşı birbaşa hücumlar həyata keçirməyib.
Əl-Qaidə kimi bir təşkilat ABŞ dron hücumları nəticəsində mürəkkəb əməliyyatlar keçirən zəhmli qurumdan, köhnəlmiş internet təbliğatı ilə məşğul olan bir qrupa çevirib.
Hakimiyyət davası
Ən əvvəldən İD əl-Qaidə ilə müttəfiqlik edib.
Suriyada əl-Qaidə terror qruplaşmasının müttəfiqləri də daxil digər üsyançı qruplara qarşı İD-in amansızlığı bu qurumun zəhmini gücləndirsə də, İD-in hətta müttəfiqləri ilə də yola getmədiyini, bu qrupda hökm sürən totalitarlığı aşkar etdi.
İraqda İD əl-Qaidənin əldə edə bilmədiyini bacara bilib: əraziləri ələ keçirib və “dövlət” adlandırdığı bir qurum yaradıb.
Əl-Qaidənin verdiyi vədlərini yerinə yetirə bilməməsi İD üçün fürsət yaratmış oldu.
Qrup komandanının özünü xəlifə elan etməsi əl-Qaidə, Taliban və digər cihadçı qruplar tərəfindən təhqir kimi qəbul edildi, çünki onlar öz rəhbərlərini daha istedadlı və qabiliyyətli xadim sayırlar.
Beləliklə, İD əl-Qaidə ideoloji xəttinin yekun ünvanını aşkar etmiş oldu: əl-Qaidənin taktikası zorakılıqdırsa, İD gücünü əraziləri ələ keçirməklə artırmağa çalışır.
İki qrup arasında dava hakimiyyət davasıdır.
Hakimiyyət hərisliyi bu təşkilatlarda əqidə ilə din arasında onsuz da nazilmiş tellərin qırılmasına gətirib. Hakimiyyət uğrunda qan tökülməsi İslam dəyərlərinə bu təşkilatların sadiqliyini şübhə altına aldı. Zorakı üsullarla ərazilər ələ keçirərək dini “rəhbərliyə” can atmaq İslamın vahid ümmət və qardaşlıq müddəaları ilə bir araya gəlmir.
Vəziyyət dəyişir
İD terror qruplaşmasının ərazi qazanclarını bu qurumun gücündən daha çox İraq ordusunun gücsüzlüyü və acizliyi ilə izah etmək daha düzgün olardı.
Bu qurumun “şiə-fobiyası” rəsmi Bağdadla düşmənçilik aparan sünni tayfalar və keçmiş Baasistlər üçün bir “tapıntı” oldu.
İD 3 aydır ki Bağdadı tutacağını deyir, lakin buna nail ola bilməyib, əksinə, son zamanlar ələ keçirdiyi ərazilərin bir qismini itirib. Bir neçə həftə bundan əvvəl ABŞ hava zərbələri və Kürd peşmərgələrinin hücumu nəticəsində İD qruplaşması strateji əhəmiyyətə malik Mosul bəndindən çəkilməli oldu.
ABŞ-ın hava zərbələrini dayandırmaq üçün, İD terrorçuları 48 saatdan sonra Ceyms Foleyin başını kəsdi. Bundan sonra ABŞ Baş Komandanı cavab vermək məcburiyyəti qarşısında qaldı.
ABŞ vətəndaşlarının qanını tökməklə İD rəhbərliyi, əl-Qaidə rəhbərliyi kimi öz ölüm hökmünə imza atmış oldu.
Mülki amil
Sentyabrın 10-da, prezident Barak Obama ABŞ-ın İD terror xəvaric qruplaşmasının “axırına çıxmaq” strategiyasını açıqladı.
İD-in məhv edilməsi asan iş olmasa da, son nəticədə qaçılmazdır.
Qurudan və havadan zərbələrə məruz qaldıqda, terror xəvaric qruplaşmasının döyüşçüləri çox güman ki, şəhərlərə çəkiləcək, orada isə hərbi əməliyyatlar mülkilər arasında itkilərə gətirə bilər.
Bu səbəbdən hava və quru qüvvələrin təmkin nümayiş etdirməsi vacibdir. Əks halda mülki əhali arasında tələfat yalnız ekstremistlərə əl verəcək.
Eyni zamanda Suriyada Əsəd rejiminə müxalifətdə duran qüvvələri gücləndirmək qərarı İD-nin məhv edilməsi işini uzandıra bilər.
ABŞ tələblərinə cəmi bir neçə belə qrup uyğundur, qalanları isə hakimiyyət uğrunda öz aralarında və İraq hökuməti ilə mübarizəni davam etdirəcək.
Bunun ardınca yaranan hərc-mərclikdən İD qruplaşması yalnız yararlana bilər.
Əl-Qaidə ilə olduğu kimi hərbi əməliyyatlar İD təhlükəsinin qarşısını alacaq, lakin ideologiyasını məhv etməyəcək.
Ərazilərin itirilməsi, rəhbərliyin məhv edilməsi və amansız daxili didişmə isə bu qurumun tərəfdarlarını ruhdan salacaq.
Nəticədə, “xilafətin” güya “ilahi dəstəyə malik olması” iddialarına şiddətli zərbə vurulacaq, müasir cihadçıların “hədsiz zorakılıq hesabına siyasi uğur qazanmaq ideyası” məğlub ediləcək.
Doktor Afzal Ashraf Kral Birləşmiş Xidmətlər İnstitutunun (Rusi) məsləhətçi-əməkdaşıdır. O, Kral Havva Qüvvələrində böyük zabit, İraqda ABŞ Komandanlığı və ABŞ səfirinin terror və üsyan əleyhinə strateq, və eləcədə Britaniya XİN-də hərbi-siyasi şöbənin rəhbəri vəzifələrində çalışıb.