Radikallıqdan çəkindirməyin Danimarka metodu. Siz hansı yolu seçərdiniz?
1. 167 dəfə baxılıb
“Sələf Xəbər” www.theguardian.com saytına istinadən xəbər verir ki, digər qərb ölkələri Suriyadan qayıdan cihadçılara qarşı qəti tədbirlər görməkdəikən, Danimarka fərqli bir addım atıb.
Ölkənin daşlı küçələri və zərif butikləri olan Orhus adlı qədim şəhərində 15 dəqiqə uzaqlıqda tutqun bir yolun üstündə keçmiş dondurma zavodunun anbarları və alçaq sənaye qurğuları, indi Qrimhoyvey məscidinə çevrilib. Bu alçaq və boz tikilidə namaz qılmağa gələn məktəb, universitet tələbələri və təzəcə işə başlamış 22 gənc öz ailələrini, təhsillərini və kariyeralarını ataraq Suriyada cihada qoşulmağa vadar edən şeylər eşidiblər. İndi onların çoxu geri qayıdır və Orhus onlara qeyri-adi şəkildə “xoş gəldin” deyən ikinci Danimarka şəhəridir.
Bir çox qərb ölkələri üzləşə biləcəkləri təhlükələrdən qorxaraq ölkələrinə qayıdan döyüşçülərə qarşı ciddi tədbirlər görür. Fransada, yeni terror əleyhinə sərt qanunvericilik hökumətə “qayıtdıqda ictimai təhlükəsizliyə təhdid törədə biləcək”, cihada getməyə hazırlaşan şəxslərin pasportları və şəxsiyyət vəsiqələrini müsadirə etməyə imkan verir. Britaniyada ən az 60 cihadçı həbs edilib. Hökumət nümayəndələri onların uzunmüddətli həbs cəzasına məhkum edilməsi və ya ümumiyyətlə, geri qayıtmalarının qadağan edilməsi barədə danışıqlar aparır.
Almaniyada ən az 30 cihadçı məhkəməyə cəlb olunub və ölkədən çıxmaq barədə qanunları sərtləşdirmək planlaşdırılır. Antverpendə 46 nəfər bu yaxınlarda cihada döyüşçü cəlb edən və onları Suriyaya yollayan Belçikalı qruplaşmaya mənsub olmaqda təqsirli bilinir. Qruplaşmanın lideri 15 ilə qədər həbs cəzası ala bilər. Orhus universitetinin psixologiya üzrə professoru Preben Bertelsen deyir ki, Orhus modeli inkluziyadır: “Baxın, bu gənclər də digərləri kimi eyni məsələlər uğrunda öz həyatlarını idarə etmək, baş verənlərə məna vermək, cəmiyyətdə mənalı bir yer tapmaq üçün mübarizə aparır. Biz məcburuq onlara deyək ki, əgər siz heç bir cinayət törətməmisinizsə, biz sizə geri qayıtmağa kömək edəcəyik. Bu, Danimarkada yekdilliklə qəbul edilməyən bir yanaşmadır.
2012-ci ildən bəri Danimarkadan 100-dən çox cihadçı çıxıb. Bu isə o deməkdir ki, Belçika istisna olmaqla, digər qərb ölkələri ilə müqayisədə Danimarkada adambaşına daha çox cihadçı düşür. İmmiqrasiyanın əleyhinə olan Danimarka Xalq Partiyası da daxil olmaqla, mühafizəkar partiyalar şəhərin deradikalizasiya proqramını “yumşaq”, “sadəlövh”, “ehtiyatsız” və “çox təhlükəli” bir addım kimi sərt şəkildə tənqid edib.
Venstre partiyası ölkəyə qayıdan cihadçıların vətəndaşlıqdan məhrum edilərək 6 il azadlıqdan məhrum edilməsinə çağırıb. Lakin Orhusun Şərqi Yutlandiya mənzil-qərargahının 5-ci mərtəbəsində yerləşən idarədə proqramın polislə əlaqəli məsələlərinə görə cavabdeh olan baş polis məmuru Allan Aarslev oturur və o asan çıxış yolu kimi görünən bütün təklifləri rədd edir. O deyir: “Yeni sərt qanunlar qəbul etmək çox asandır. Çətini isə fərdlərlə həqiqi bir prosesdən keçməkdir: mütəxəssislər paneli, məsləhətləşmələr, tibbi qayğı, təhsilə, işə, yaşayış yerinə, gündəlik həyata və cəmiyyətə qayıtmağa dəstək. Biz bunu siyasi inanclarımızdan irəli gələrək etmirik. Bu üsulun işə yaradığını düşündüyümüz üçün edirik”.
Şəhər rəsmiləri və Qrimhoyvey məscidinin liderləri arasında yeni açılmış, intensiv və bəzən mürəkkəb dialoqdan belə görünür ki, bu strategiya səmərəlidir. 2012-ci ilin sonlarından keçən ilin sonunadək, 18-25 yaş arasında olan 31 nəfər 325 min sakini olan Orhusu tərk edərək Suriyaya qaçmışdır. Bu il isə bu rəqəm cəmi 1 nəfərdir. Polis komissarı Yurgen İlum bildirib ki, proqrama bu ilin əvvəllərində start verilməsinə baxmayaraq, Orhus proqramı 30 ildən çoxdur ki, fəaliyyət göstərən uzunmüddətli, inteqrasiya edilmiş və cinayətlərin qarşısının alınması üçün tətbiq edilən Danimarkasayağı yanaşma tərzinin əsasında qurulub.
Polis, sosial xidmətlər və məktəblər 1980-ci illərdən bəri birgə çalışaraq məlumat mübadiləsi aparır. 2004-2005-ci illərdə Madrid və Londonda baş verən partlayışlar səbəbilə, 2007-ci ildən başlayaraq Orhusda bu vaxta qədər əsasən danimarkalı bayker qrupları və qarışıq ifratçı sağ və ifratçı sol qruplaşmalar üzərində cəmləşmiş anti-radikallaşma cəhdləri –dini radikalizm və ölkədaxili terrorçuluğa yönəldi.
Orhusda polis, sosial xidmətlər və məktəblər sıx qarşılıqlı əlaqə şəklində fəaliyyət göstərir. İlum “biz müəllimləri, sosial işçiləri, gənclər təşkilatlarını işə cəlb edirik” – deyir. “Biz onlara radikalizmin ilkin əlamətlərini müəyyən edə bilmələri üçün təlim keçirik. Risq qrupunda olduğunu hesab etdiyimiz gənclərə məsləhətlər verir və məktəblərdə seminarlar təşkil edirik. Azlıqlar və onların valideynləri ilə yaxşı münasibətlərimiz var. 2012-ci ildə bəzi gənclər heç nəyə baxmayaraq Suriyaya yollananda, bizə bunu ilk xəbər verən elə onlar idi”.
Qanundankənar qruplaşmaların tərkibində vuruşmadıqları təqdirdə Suriyada döyüşmək qeyri-qanuni deyil və Danimarka qanunları səlahiyyətli orqanlara, insanlara səyahət etməyi qadağan etməyə icazə vermir. Komisar deyir: “Biz insanların pasportlarını müsadirə edə bilmərik. Qadağan olunmuş terrorçu qruplaşmaların tərkibində iştirak etməyin, bu tip şeyləri maliyyələşdirməyin əleyhinə qanunlarımız var. Lakin yeganə həqiqi vasitəmiz onları getməməyə inandırmaqdır”. Bir çox hallarda bu yanaşma kifayət edir. Bəzi hallarda isə yox.
2012-2013-cü illərdə öz liman şəhərlərindən Suriyaya səyahət etmiş gənc cihadçılar əksərən çox tez şəkildə – həftə və ya aylarla Qrimhoyvey məscidinin içində və ətrafında radikallaşdırılmış gənclər olub. Orhus modelinin psixologiya üzrə mütəxəssisi Bertelsen deyir ki, onların bəzi ümumi cəhətləri var: “Səthi olaraq onlar mükəmməl şəkildə inteqrasiya edilmiş görünür: orta sinfə mənsub, yaxşı təhsil almış, sabit ailələrdən olan gənclər. Lakin dərinə getsək adətən fərqlər üzə çıxır: gündəlik, aşağı səviyyədə rasizm, digər danimarkalılardan fərqlilik hissi. Onlar iki mədəniyyət arasında sıxışıb qalıblar: ev və bayır mədəniyyəti. Və iki kimlik arasında sıxışıb qalıblar- biri tam inteqrasiya olunmuş, digəri isə burada xoş qəbul olunmayan kimlik. Bunlar, ifrat ekstremistlər yox və ya hələ ki yox, ekzistensial (reallığa aid) suallara cavab axtaran gənclərdir”. Aarslev sözünü belə tamamlayır: “Orhusun 29 gənc döyüşçüsü ikinci nəsil immiqrantlardır”. Böyük əksəriyyəti afrikalı, xüsusilə, somalili ailələrdəndir. Digərləri türk, fələstin və iraq mənşəli olub şəhərin immiqrant icmalarının kəsişməsində yaşayırlar. (İmmiqrantlar Orhus əhalisinin cəmi 15%-ni təşkil edir. Lakin Qrimhoyvey məscidinin yerləşdiyi Brabrand da daxil olmaqla, şəhərkənarı regionlarda bu rəqəm 2/3-dir).
“Başqa vaxt, başqa şəraitdə onlar cinayətkar dəstələrə də qoşula bilərdilər” – deyə Aarslev bildirir. “Bunun əvəzinə onlar radikal dini firqəni tapıblar. Əlbəttə ki, bu problem deyil. İnsanlar qeyri-qanuni faliyyəti dəstəkləmədikcə və ya qeyri-qanuni fəaliyyətdə iştirak etmədikcə onların dini və ya siyasi fikirlərinə etirazımız yoxdur”. (Bertelsen daha açıq danışır: “Biz onlara başa salmalıyıq ki, sizin dini, siyasi inanclarınızın olması, cəmiyyəti tənqid etmək istəyiniz çox gözəldir. Lakin elə edin ki, bu məsələlərin öhdəsindən zorakılığa əl atmadan gələsiniz”.)
Orhusdandan Suriyaya getmiş 31 nəfərdən 5-i elə orada dünyasını dəyişib. 10-u hələ də oradadır və 16-sı isə geri qayıdıb. İlum deyir ki, proqramın işçiləri ilə daim əlaqə saxlamaq mümkün olan qaynar xətt fəaliyyət göstərir və onlar ölkəyə qayıtmış bütün cihadçılarla danışıblar. Onlara əmr olunmayıb sadəcə, xahiş olunub ki, polis məntəqəsinə gəlsinlər. Daha sonra onlar ciddi yoxlanışdan keçirilib və ehtiyatlı şəkildə dəyərləndiriliblər: “Lakin bu, o demək deyil ki, onlar sərbəst şəkildə hərəkət edə bilərlər” –deyə komisar vurğulayır. “Əgər əlimizdə onların cinayət törətdiyinə dair əsas olsa, araşdırma aparacaq və onları məhkəməyə cəlb edəcəyik”. Polis bu vaxta qədər şəhərə qayıdanlardan hər hansının terrorçuluğa dəstək verdiyi və ya terrorçuluqla məşğul olduğu barədə məlumat əldə etməyib.
Bəs, daha sonra onların aqibəti necə olur? Onların kimliyi açıq-aşkar səbəblərdən gizli saxlanılır. Lakin bir neçə gənc köməyə ehtiyacları olmadığını və həyatlarına qaldıqları yerdən davam etməyə cəhd edəcəklərini bildiriblər. Odur ki, Orhus polisi sadəcə onların sənədlərini Danimarka kəşfiyyat xidmətinə ötürüb və onları nəzarətdə saxlamalarını xahiş edib. Yerdə qalan 10 nəfər müxtəlif dərəcədə kömək qəbul edib. Aarslev bildirir: “Bəzilərinin Suriya barədə xəyalları tamamilə puç olub və onlar artıq Suriya barədə fikirləşmirlər də. Lakin digərləri hələ də geri qayıtmaq haqqında düşünür və bəziləri məscidin gənclərdən ibarət qrupunda yer almaqda davam edir. Lakin biz onların da fikirlərində təkamülün şahidi oluruq.
Onların yarısı artıq məktəbə qayıdıb, digərləri isə ya işləyir və ya da iş axtarırlar”. Üç nəfər cihadçı isə deyib ki, özlərini aid olmaq istəmədikləri mühitdən çıxarmaq üçün daha davamlı köməyə ehtiyacları var. Gənclər üçün bu proqram münasib və effektlidir. Hətta, onlardan ikisinə şəhərdən bir yerdə köçməyə kömək edilir. Bu işə cəlb edilmiş insanların hamısı eyni fikirdədir ki, Orhus prosesinin ən mühüm komponenti fərdi məsləhətlərin verilməsidir. Cihada yollanmaq istəyən və cihaddan qayıdan hər bir şəxs həm praktiki, həm gündəlik kömək və həm də ciddi dini və mənəvi debat üçün müraciət edə bilər.
Məxfiliyinin saxlanılacağı şərti ilə bizə məlumat verən Maykl, 2010-cu ildən bəri şəhərin deradikalizasiya üzrə çoxsaylı məsləhətçilərindən biri olub. O, indi qəyyumluğu altında olan sayca dördüncü nəfərlə işləyir. Bu gənc, Suriyaya getmək fikrinə tamamilə mübtəla olmuş orta məktəb şagirdidir. Vəziyyət o dərəcəyə çatıb ki, o fikrini başqa heç nədə cəmləyə bilmir. Məsələn, fiziki olaraq o məktəbdədir, amma mənəvi olaraq yox. Mayklın məsləhət verdiyi şəxslərdən ikisi ona yönləndirilib. Çünki Orhus preventiv şəbəkəsinin üzvləri – müəllimlər, polis məmurları, gənclərlə işləyənlər – onlarda radikallaşmanın ilkin əlamətlərini müəyyən ediblər: dinə qarşı yeni və çılğın maraq; müəyyən saytlarda yüksək fəallıq; geyimdə və davranışda qəfil dəyişikliklər; dostlar və ailə ilə mövcud münasibətləri kəsmək.
Biri isə, cihaddan qayıtmış və ümidsiz şəkildə məktəbə qayıdaraq imtahanlarını vermək üçün çalışan bir gəncdir. O deyir ki, gənclərin hamısı ilə aşağıdakı işlər görülür. “Mən ev tapşırıqları, ərizələr və bunun kimi praktiki məsələlərdə köməklik göstərə bilərəm. Həmçinin, biz din, İslam, söz azadlığı, siyasət, beynəlxalq münasibətlər barədə söhbət edirik. Həftədə 2 dəfə, 2-3 saat ciddi, fəlsəfi, intellektual söhbətlər aparırıq”.
Universitetdə din elmləri və müqayisəli din üzrə təhsil almış Maykl deyir ki, bu görüşlər hər yerdə baş tuta bilər: kafelərdə, parklarda, bəzən isə onun indi mənimlə söhbətləşdiyi universitet kitabxanasının yeməkxanasında, kitabların, müdrikliyin, elmin və açıq fikirlərin əhatəsində.
O deyir ki, məqsəd onları təqib edərək dini inanclarından əl çəkdirmək deyi: “Məqsədimiz onlara dini perespektivləri, məktəb, iş, ailə – bir sözlə, həyatla balanslaşdırmağa kömək etməkdir. Məsələlərə fərqli bucaq altında baxmağı bacarmaları, daha dəqiq anlamaları, üfüqlərinin daha da genişlənməsi üçündür”. Maykl deyir ki, din bu gənclərin həyatına tamamilə elə hökmranlıq edir, başqa şeyə yer qalmır. Adətən, biz ilk dəfə görüşəndə onlar deyir: “Bu belədir və başqa cür ola bilməz”. Onlar qəti şəkildə inanırlar ki, əgər Suriyaya getsələr, öz dini vəzifələrini yerinə yetirmiş olacaqlar və Allah onlardan razı qalacaq.
Orhusdakı bir çox məsləhətçilər kimi, Maykl da Bertelsenin rəhbərliyi altında təlim keçib. Psixologiya üzrə professor öz araşdırmasında qeyd edir ki, proqrama göstərdiyi köməyin əsasında onun “həyat psixologiyası” dayanır. O inanır ki, problemin nə olursa olsun, kim olursan ol, hətta, diaqnozun nə olursa olsun, sən yaxşı həyat yaşamaq üçün hələ də müəyyən həyat bacarıqlarına malik olmalısan. Gələcəkdə cihada gedəcək və ya cihaddan qayıdan insanlar barəsində Bertelsen deyir: “Bu bacarıqlar onları möhkəm olmağa hazırlamalıdır.
Problemlərin öhdəsindən İslam Dövlətinin hər hansı onlayn videolarına qapılaraq gəlməməlidirlər. Sosial həyatda iştirak çox mühimdir; digər insanların perespektivlərini görmək; dəyərlərin toqquşmasının öhdəsindən gəlmək. Bir sözlə, hər birimizin ehtiyacı olan adi həyat bacarıqları”. Lakin proqramla paralel olaraq, Orhuslu mütəxəssislər, həmçinin, bu il Qrimhoyvey məscidi ilə danışıqlar aparmağı qərara alıb. İlum “biz onları öz öhdəlikləri ilə qarşı-qarşıya qoyduq”- deyir. “İndi biz hər ay görüşlər təşkil edirik.
Müzakirələr, debatlar, fikir mübadiləsi aparırıq. Həqiqi dialoq yürüdürük”. Şəhərin gənc ve enerji dolu meri, Sosial Demokratlar Partiyasının üzvü olan Yakob Bundsqaard bu məsələyə daha sərt yanaşır: “Bir şəhər olaraq biz istəyirik dini icmalar bilsin ki, əgər onlar həll yolunda iştirak etmək istəmirlərsə, o zaman özləri problemin bir hissəsinə çevriləcəklər. Həqiqi, ciddi dialoqa ehtiyac var və insanları fəal şəkildə səfər etməkdən çəkindirmək lazımdır.
Əgər onlar buna hazır deyillərsə, qanuni tədbirlər də daxil olmaqla, biz təzyiq göstərməli olacağıq və bunu ictimai şəkildə, açıqcasına və mətbuat vasitəsilə həyata keçirəcəyik”. Bundsqaardın sözlərinə əsasən, məsələnin mahiyyəti budur ki, gənclərin minlərlə kilometr uzaqda və onlara aidiyyatı olmayan, onların ölümünə, ya əqli, ya da fiziki zədələnməsinə və nəticədə məhkəməyə cəlb olunmalarına səbəb olan bir münaqişəyə qoşulmaları qəbuledilməzdir”.
Təbii ki, məscid məsələyə bu cür yanaşmır. Məscidin gülərüzlü imamı Usama əl-Saadi deyir ki, Qrimhoyveydən Suriyaya gedən gənclərin niyyətləri amansız rejimə qarşı müharibədə müsəlman yoldaşlarına kömək etmək olsa da, onların geri qayıtmasının səbəbi Suriya hakimiyyəti uğrunda bir-birilə vuruşan müxtəlif radikal qruplaşmalar arasında gedən qanlı döyüşlərin pəncəsində sıxılıb qalmalıdır.
Əl-Saadi deyir: “Açıq danışsaq, vəziyyət o qədər də asan deyil”. Qrimhoyvey məscidi Orhusdan kənarda da radikal reputasiyasına görə tanınır: Almaniya polisi məscidin imamlarından biri olan Əbu Bilal İsmayılı Berlin məscidində ibadət edənləri ABŞ-dakı sionistləri öldürməyə təhrik etdiyi üçün məhkəməyə cəlb edib. ABŞ Dövlət Departamenti isə bu yaxınlarda Qrimhoyvey məscidində 2013-cü ilə qədər vaizlik etmiş Əbdussaməd Fatehi Xüsusi Təyinatlı Qlobal Terrorçular siyahısına əlavə edib. Lakin belə görünür ki, məscid ən azından cihad məsələsində əvvəlkinə nisbətən daha mötədil mövqedən çıxış edir. Lakin məscid hələ də İslam Dövlətini birbaşa ittiham etməkdən imtina edir.
Qrimhoyvey məscidinin sözçüsü Fadi Abdullah deyib: “Biz Danimarkadayıq, İslam Dövlətini dəstəkləyib-dəstəkləmədiyimizi demək üçün əlimizdə kifayət qədər məlumat yoxdur. Biz günahsız insanların ölümünü dəstəkləmirik, bu islama aid deyil. Lakin biz gözləyib görməliyik ki, nəticə etibarilə İslam Dövləti İslama həqiqətən aiddir, ya yox”. Və məscid ictimai şəkildə öz müqəddəratını təyin etməyi, Yaxın Şərq xilafətini dəstəkləyir. Abdullah deyir ki, Danimarka hökumətinin İslam Dövlətinə qarşı ABŞ-ın rəhbərlik etdiyi hava hücumlarına qoşulmaq istəməsi, ölkə daxilində eksterimizmin meydana gəlməsinə səbəb ola bilər.
Əgər hətta Abdullah Qrimhoyveydə heç kimə Suriyaya getmək tövsiyyə olunmadığını və məscidə gələn 22 gəncin ora yollandığını öyrənməyin onlar üçün “həqiqi sürpriz” olduğunu iddia etsə də, indi ora getməyin yaxşı fikir olmadığını fəal şəkildə təbliğ edirik deyib. Məscid rəsmi olaraq proqramın bir hissəsi olmasa da, onun nümayəndələri proqramın çox doğru fikir olduğunu bildirib. “Londonda və digər yerlərdə olduğu kimi bu gənclərlə cinayətkar kimi davranmamaq çox yaxşı fikirdir.
Onlarla gözəl davranmaq daha yaxşıdır. Bu yolla onlar qayıtdıqda pis bir şey etməyə utanacaqlar. Əgər onlarla sərt, haqsız davransalar, onlar cəmiyyətə nifrət etməyə başlayacaq”. Mer üçün şəhərin mövqeyi kifayət qədər aydın və sadədir. “İnsanların düşüncəsinə, hissləri və inanclarına dair qanunlar qəbul edilə bilməz”-deyə Bundsqaard söyləyir. “Lakin dialoq və inteqrasiya məsələlərində səmimi olmaq lazımdır”. (O bildirir ki, şəhər şurasının bir səslə danışması, hətta, mühafizəkar müxalifətin bu proqrama səs verməsi və iştirak etməsi çox işə yarayır).
Sərt tədbirlər – qanunlar, qadağalar, bütün bunlar da Orhus üçün faydalıdır. Lakin Bundsqaardın koordinə edilmiş, praktiki, reallığa yaxın gündəlik yanaşması – insanları düzgün yöndə, yalnış yoldan çəkindirməklə heç nə müqayisə oluna bilməz. Bundan əlavə, komisar İlum deyir ki, əgər biz bu addımı atmasaydıq, həqiqətən də, çox şeyə nail olmazdıq.” Biz dəlilsiz heç kimi məhkəməyə cəlb edə bilmərik. O zaman da bu insanlar ətrafda dolaşaraq potensial təhlükəyə səbəb olardılar. Siz hansı yolu seçərdiniz?”
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).