“Rusiyanın Türkiyəyə qarşı “erməni soyqırımı” məsələsindən istifadəsi strateji fəsad yarada bilər”
732 dəfə baxılıb
“Su-24 təyyarəsini Türkiyə tərəfindən vurulması Rusiyada bütün cəmiyyəti anti-Türkiyə əhval-ruhiyyəsinə köklədi. Rusiya ilə Türkiyə arasında ziddiyyətin mənbəyi “erməni soyqırımı” məsələsindədir. “Erməni soyqırımı”nı tanıyan Rusiya indi “erməni soyqırımı”nı tanınmamasına məsuliyyət müəyyənləşdirməklə iki ölkə rəhbərliyinin arasındakı indiki gərginliyin gələcək zamana ekstrapolyasiya edir. İki ölkə arasında indiki gərginliyin bünövrəsi Rusiyanın “erməni soyqırımı”nın 100 illiyində əndazəni asan iştirakı zamanı qoyuldu”.
“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, erməni kartı Rusiyanın əleyhinədir və gələcəkdə də əleyhinə olacaqdır: “Ermənilərin Qərb dünyasındakı dəyəri onların anti Rusiyaçılığı ilə ölçülür. Biz ermənilərin tarixdə olan digər antirusiyaçılığını, SSRİ-nin dağılmasındakı iştirakını və s. yada salmaq istəmirik. Bir şey aydındır ki, ermənilər rusları çox asanlıqla aldada bilirlər. Rusiya Ermənistanın antiqərbçiliyini maliyyələşdirmək imkanına və psixologiyasına malik deyil”.
M.Əhmədoğlu deyib ki, Qərb isə Ermənistanın anti Rusiyaçılığında maraqlıdır: “Bunu bir neçə dəfə sınaqdan çıxarıb. Bu məqsədlə Ermənistana külli miqdarda maliyyə və siyasi resurs ayırmağa hazırdır.
I.Suriyanın Kəsab hadisələri zamanı RF prezidenti V.Putin Ermənistan prezidenti S.Sərkisyana erməniləri qorumaq məqsədilə Kəsaba qoşun yeritməyi təklif etdi. Suriyanın ermənilərlə məskunlaşmış kiçik Kəsab şəhəri 2014–cü ilin martından radikal islamçı qruplaşmaların hücumuna məruz qaldı. Rusiyanın dövlət mətbu orqanları baş verənləri “Suriya ermənilərinin soyqırımı” adlandırdılr. Türkiyə günahlandırıldı. Sülhməramlı adı ilə Ermənistanın 6-7 dövlətdə qoşunu var. S.Sərkisyan Kəsaba qoşun yeritmədi, Kəsaba döyüşə gedən könüllüləri “Zvartnots” aeroportundan geri qaytardı. Suriya məsələsində Ermənistanın neytrallığını elan etdi. V.Putin bu təklifi irəli sürəndə Suriyada 80 minlik erməni icmasının sayı 60 minədək azalmışdı. İndi Suriyada cəmi 15-16 min erməni qalıb. Suriya məsələsi yaranandan Qərblə Rusiya arasında ziddiyyət var. Ermənistan Suriyada, hətta erməniləri müdafiə məsələsində V.Putini dəstəkləmədi.
II. Ermənistan çərkəz və erməni “soyqırımları”nın qarşılıqlı tanınması məsələsini aktuallaşdırdı. Prezident S.Sərkisyan bunu Dağlıq Qarabağda döyüş dostu olmuş E.Enfiacyan vasitəsi ilə reallaşdırdı. E.Enfiacyan “Los-Anceles Geosiyasi Klubunun” rəhbəri olmaqla yanaşı, S.Sərkisyanın bu şəhərdə, o cümlədən Kaliforniya ştatındakı mülklərinin idarəçiliyində iştirak edir. Azərbaycan mətbuatının erməni və çərkəz “soyqırımları”nın tanınması məsələsinə diqqət ayırmasından sonra bu məsələ Rusiya rəsmilərinin diqqətinə gəldi. Nəhayət S.Sərkisyan dostu E. Enfiacyanın fəaliyyətini dayandırmalı oldu.
III. 2013-cü ilin iyulunda Ermənistan-Türkiyə sərhədində Türkiyə vətəndaşı çoban Mustafa Ülkər öldürüldü. Türkiyənin Qars vilayətinin sakini olan Ülkər milliyətcə azərbaycanlı idi. Otardığı qoyunlar sərhədin Ermənistan tərəfinə keçir. Qoyunlarını geri qaytarmaq üçün sərhədi pozmalı olur. Ermənistan ictimai-siyasi mühiti bu hadisəyə tam antirusiya rəng verdi: Türklər bilirlər ki, Ermənistan-Türkiyə sərhədini ruslar qoruyur və milliyətcə azərbaycanlı Türkiyə vətəndaşını da milliyətcə rus olan rus sərhədçisi öldürüb. Bu Rusiya hökumətindən gələn tapşırıqdır. Məqsəd guya normallaşmaqda olan Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərini pisləşdirməkdir. Bu bizim yox ermənilərin fikirləridir. Ermənilər bu mövzunu, hətta Qərb mətbuatında aktuallaşdırdılar.
IV. Ermənistanın rəsmiləri dəfələrlə Gümrü-Qars dəmir yolunu bərpa etməyə cəhdlər ediblər. Hal-hazırda da Qars-Gümrü dəmiryolunun Ermənistan hissəsi tam gücü ilə fəaliyyətə başlamaq üçün hazırdır. Qars-Gümrü dəmiryolunun göz bəbəyi kimi qoruyan ermənilər Ermənistanı Rusiya ilə birləşdirən dəmiryolunu söküb dağıdıblar. Necə deyərlər, hətta yerini qaşıyıblar.
V. 2009-cü ilin iyul ayında Ermənistan-Türkiyə Sürix protokolları da Ermənistanın Rusiyadan uzaqlaşıb, Türkiyəyə qaçmasının rəsmi dəlilidir. R.Koçaryan və S.Sərkisyan sonradan adı “futbol diplomatiyası” olan gizli diplomatiyanı işə salarkən Rusiya ilə məsləhətləşməmişdi. Rusiyanın ən sonda xəbəri oldu. Məhz ona görə də S.Lavrov Sürixdə E.Nalbandyana “imzala, çıx get” əmrini verdi. Türkiyə ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi səbəbindən Sürix protokolları nəticəsiz qaldı.
Politoloq qeyd edib ki, Türkiyə mətbuatının yazdığına görə, həmin dövrdə Rusiyanın xüsusi xidmət orqanları Ermənistanla Türkiyə arasındakı gizli danışıqların bütün materiallarını Azərbaycana ötürübmüş: “Rusiya belə ermənilərə inanırsa, dəstək verirsə özü bilər”.