Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

“Sarkisyan torpaqları Azərbaycana qaytaracaq” – Erməni politoloq

May 24
15:28 2016

“Ermənistanın hakimiyyət dairələri həmişə olduğu kimi, bu dəfə də çətinliklərin öhdəsindən gələ bilmədi, üzləşdiyi çağırışlar qarşısında zəif qaldı. 1999-cu ildən bəri bizim hakimiyyətin ritorikası “Azərbaycana bir qarış da torpaq vermərik” idi. Amma 2005-ci ildə prezident Serj Sarkisyan parlamentdə çıxış edəndə demişdi: “Nədir, bəyəm Ağdam bizim torpağımızdır, vətənimizdir?!” Bu açıqlamadan sonra ara qarışdı”.

Erməni politoloq Ağasi Yenokyan 1in.am-a verdiyi müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının “Madrid prinsipləri” hazırlanandan sonra onların bəzi elementləri açıqlandı. Ermənilər anladılar ki, Dağlıq Qarabağ ətrafında “nəzarət”də saxladıqları rayonları qaytarmaq gərəkəcək.

Aprel ayındakı “dördgünlük müharibə”dən sonra isə Ermənistan Prezidenti Serj Sarkisyan “800 hektar ərazi itirdik” söylədi.
A.Yenokyanın sözlərinə görə, Sarkisyanın bəyanatına erməni cəmiyyətinin çox sərt reaksiya verəcəyi, kütləvi narazılıqların başlayacağı gözlənilirdi.

Olmadı.

“Bunun iki səbəbi var. Əvvəla, Robert Köçəryan və Serj Sarkisyan tendemi məhz Qarabağ məsələsinin sayəsində hakimiyyətə gəldi, münaqişə ilə bağlı danışıqları daxili siyasi məsələyə çevirdilər. Daha sonra onlar bu məsələ ilə siyasi alver etdilər, iqtidara yiyələndilər. Təbii, belə olduğu üçün “bir qarış da torpaq verilməyəcək” tezisi onlar üçün əsas şüar olmalıydı və onlar bunu etdilər. Köçəryanla Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin paradiqmasını dəyişdilər. Əsas konturlar dəyişib. Halbuki, müəyyən etməliyik: biz insanlar uğrunda vuruşuruq, yoxsa torpaq uğrunda? Sarkisyanın dediklərindən belə çıxır ki, torpaq uğrunda. Bunu etmək asandır, çünki populist yanaşmadır. İndi elə bir situasiya yaranıb ki, vətənpərvərlik ətrafında çox gözəl konsensus yaranıb. Yəni “bir qarış da torpaq vermərik” tezisini hamı qəbul edib”, – A.Yenokyan söyləyib.

Politoloqun fikrincə, ikinci problem Ermənistanda normal siyasi mühitin olmamasıdır: “Serj Sarkisyan hakimiyyəti illərində siyasi meydanı məhv edib. Bəzi müxalifətçilər iqtidardakı Ermənistan Respublika Partiyasına birləşiblər və indi bu partiyanın peyki kimi çıxış edirlərsə, yerdə qalanlar sadəcə, məhv olunub. Ona görə də Ermənistandakı siyasi qüvvələrin necə hərəkət edəcəyi onların Serj Sarkisyandan alacaqları əmrdən asılıdır. Hə, bir də “yiyəsiz” qalmış qüvvələr var ki, onlar kütlə arasında populyarlıqlarını itirdikləri üçün iqtidar bu qüvvələr üzərində nəzarəti mənasız sayır. Məhz bu qüvvələr hazırda əraziləri itirməyimizlə bağlı etiraz etməyə cəhd göstərir”.

A.Yenokyanın fikrincə, “dördgünlük müharibə”də Ermənistanın 800 və ya 8000 hektar, bir mövqe, bir yüksəklik itirməsindən asılı olmayaraq, bu, məğlubiyyət, situasiyanın dəyişməsi deməkdir.
Politoloq “insanlar, yoxsa torpaqlar” dilemmasına aydınlıq gətirilməsini çox mühüm sayır.

“Qarabağ probleminin həlli güzəştli, kompromisli olmalıdır. Yəni yalnız biz istədiyimiz həll variantı ola bilməz. Qarabağ problemini həll etmək üçün bəzi əraziləri tərk etməli, onları Azərbaycana qaytarmalıyıq. Di gəl, bu qərarı imzalayacaq prezident ertəsi gün istefa verəcək. 800 hektar ərazinin itirilməsi ilə bağlı daxili siyasi həyatda problemlər yarana bilər. Seçkilərə bir il qalıb və bu 800 hektar iqtidar üçün başağrısı olacaq. Çünki o ərazilər Ermənistanın təhlükəsizlik problemidir. O da aydındır ki, əraziləri qaytaracaq prezident artıq prezident olmayacaq. Məhz bu səbəbdən sabiq prezident Levon Ter-Petrosyan prezident Serj Sarkisyanı Qarabağ məsələsində dəstəkləməyə başlayıb. Çünki o, başa düşür ki, Serj Sarkisyanın hakimiyyətdən getməsi üçün yeganə variant ərazilərin Azərbaycana qaytarılmasıdır”.

(Milli.az)

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər