Sumqayıtda dindarın həbsi ilə bağlı düşüncələrimiz – YENİ
3. 752 dəfə baxılıb
Bu günlərdə ölkəmizin müsəlmanları, xüsusən də, dövlətçiliyi və dövləti dəstəkləməkdə daha fəal olan qismi soyuq duş effekti yaradan bir hadisə ilə şoka düşüblər. Bu hadisə Zöhrab Şıxaliyevin həbsi xəbəridir.
İlk baxışdan bu xəbər gündəlik eşitdiyimiz kriminal xəbərlərdən biri kimi qəbul oluna bilərdi. Amma bu şəxsin dindar bir vətəndaş olması, xüsusən də, xəvaric və təkfirçilərə qarşı açıq şəkildə mübarizə aparması ilə tanınması bu cür rezonans doğurdu.
Dəfələrlə kütləvi informasiya vasitələrində açıq şəkildə, hətta, həyatını hardasa təhlükəyə ataraq, radikallara qarşı təbliğat aparan, ölkəmizin 3- cü böyük şəhəri olan Sumqayıtda əlindən gələni əsirgəməyib bu işdə can yandıran insanın məhz radikallara xas olan bir şəkildə həbs olunması çox düşündürücüdür.
Düşündürücüdür, ona görə ki, necə ola bilər, axı, ölkəmizin qanunlarına tabe olaraq, o qanunlara riayət etmənin dinimizin ən əsas prinsiplərindən olduğunu deyərək bar-bar bağıran şəxsin evindən və cibindən qanunsuz silah çıxır?!
Bu müşkül tapmacaya cavab tapmaqda, düzü, çətinlik çəkirik. Müxtəlif versiyalar beynimizdə dolaşır, buna məntiqi izah tapmağa çalışırıq… Bəlkə hansısa radikal birisi bunun yaşadığı yerə həmin silahı atıb sonra polisə xəbər verib?
Yoxsa, bu qardaşımız təqiyyə işlədərək üzdə bir cür, daxildə başqa cür hərəkət edirmiş?! Amma bildiyimiz kimi, dinimiz təqiyyəni qəbul etmir, əksinə, qadağan edir. Bu versiya da inandırıcı deyil.
Ya da xəvariclərin iddia etdikləri kimi, radikallara qarşı açıq aydın mübarizə apardığına görə bu insana Allah tərəfindən bəla üz verib və onların təbiri ilə desək, onun dəstəklədiyi və tərəfində olduğu tağut hökuməti həbs edib?!
Amma yox! Vallahi yox! Billahi yox! Tallahi yox!
Həbsə atılsa da, zülmə məruz qalsa da belə, bu əqidənin həqiqi daşıyıcısı bir an və ya bir saniyə belə bu ölkədən, bu vətəndən və onun rəhbərliyindən beyət və itaət əlini çəkməz.
Çünki Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bizlərə demişdir: “(Başçı) malını alsa da, belini qamçılasa da yenə onu eşit və itaət et!”
Bu hadisənin fonunda düşüncə və fikirlər içrə nə qədər çarpışsaq da bizlərə qalan iki şeydir: Dua və yaxşı zənn etmək.
Gəlin, Uca Allaha qardaşımızın işinin asanlaşması üçün dua edək və yaxşı zənn edərək düşünək ki, bu qaranlıq məsələ Allahın izni ilə aidiyyatı qurumlar tərəfindən dəqiq araşdırılacaq, qanun və ədalət müstəvisində öz həllini tapacaqdır.
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb