Telefon aludəçisi olan valideynlər övladlarına pis nümunədir
1. 307 dəfə baxılıb
“Sələf Xəbər” independent.co.uk internet səhifəsinə istinadən bildirir ki, övladlarının telefon aludəçiliyinə görə narahat olan valideynlər, öz telefonlarını daha az işlətməklə onlara yaxşı nümunə olmalı və yemək üçün masa ətrafında toplaşdıqda “ekranları” kənara qoymalıdır.
Analar Birliyinin icraçı direktoru Req Beyli “İndependent”-ə müsahibəsində bildirib ki, Britaniyalı valideynlər “ekranlara” aludə olub. Onun fikrincə, valideynlər uşaqları ilə daha çox ünsiyyət qurmalıdır. “Ailələr “üzbəüz” daha çox vaxt keçirməli və birlikdə yemək üçün televizor ətrafına yox, süfrə ətrafına toplaşmalıdır”, Beyli əlavə
edib.
“Parentline Plus” təşkilatının idarə heyətinin üzvü və “Xoşbəxt ailə həyatına necə nail olmaq olar?” kitabının müəllifi Süzi Heymen, ailə üzvlərinin bir-biri ilə ünsiyyətinin getdikcə pisləşməsində qismən smartfonları və texnologiyanın digər nailiyyətlərini “günahlandırır”.
O hesab edir ki, problem təkcə valideynlərin uşaqlarına ekran qarşısında çox vaxt keçirməsinə icazə verməsində deyil, həm də valideynlərin özlərindədir. “Əgər bir ailənin üzvlərindən “evə çatdıqda gördükləri ilk
iş nədir?” deyə soruşsaq, hər biri etiraf edəcək ki, mobil telefonda və ya dizüstü kompüterdə Facebook hesablarını yoxlayır. Süfrə arxasında əyləşib söhbət etməkdənsə, kilometrlərlə uzaqda olan dostlarla söhbətləşirlər. Uşaq üçün də valideynlər nümunədir”.
O əlavə edib ki, valideynlər gün ərzində bütün elektron cihazların qadağan edildiyi bir vaxt təyin etməlidirlər. “Biz masa ətrafına daha tez-tez toplaşmağa, birlikdə yemək yeyərək üzbəüz ünsiyyət qurmağa ehtiyac duyuruq”, o, deyib.
Britaniyada valideynlərin istifadə etdiyi ən böyük “Netmums” internet səhifəsinin təsisçisi Sioban Friqard valideynlərə Cənab Beylininin sözləri barədə dərindən düşünməyi tövsiyə edir. “İndi daim “xətdə olmaq” dövrüdür. Hər birimiz masa arxasında elektron ünvanımızı yoxlayır və ya işimizi çatdırmaq üçün uşaqlara yemək yeyə-yeyə televizora baxmağa icazə veririk”, o, deyib. “Lakin, öz təcrübəmizdən də bilirik ki, vaxt tapıb ailəmizlə birlikdə olduqda, söhbətləşir, birgə keçirdiyimiz vaxtdan həzz alırıq.
İndi ailələrin bir yerdə toplandığını, bir-birinə vaxt ayırdığını, diqqətini yayındırmadan masa arxasında ailəsi ilə oturduğunu çox nadir hallarda görmək olar. “Harada aş, orada baş olan” ekranlardan azad olduqda, ünsiyyət öz-özünə, təbii şəkildə qurulur”.
Kaliforniya Universitetinin alimlərinin apardığı araşdırmanın nəticələri göstərib ki, kiçik yaşlardan “ekranlı” cihazlardan çox istifadə, uşaqların sosial bacarıqlarına mənfi təsir göstərə bilər.
Araşdırmanın “Computers in Human Behavior” jurnalında nəşr olunmuş nəticələrinə əsasən, 5 gün smartfon, televizor və ya digər rəqəmsal ekranlı cihazdan istifadə etməyən 11 və 12 yaşlı uşaqlardan ibarət bir qrup, cihazlara saatlarla aludə olan həmyaşıdlarından daha çox insanların dərdinə şərik çıxıblar.
“Hər biriniz çobansınız və öz himayəsi altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisi) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur.” (Buxari, 2554; Müslim, 1829)Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)