Türk politoloq: “Rusiyanın Türkiyə hava sahəsini pozmasının arxasında plan ola bilər”
1. 032 dəfə baxılıb
“Burada Ankaranın siyasi iradəsinin də yoxlanılması istisna olunmur”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış politoloqu, professor Can Kasapoğlu deyib.
Onun sözlərinə görə, bütün xəbərdarlıqlara baxmayaraq, Rusiyanın Türkiyə hava sahəsini pozmasının arxasında “nəbz tutma” planı ola bilər:
“Rusların Su-24 təyyarələrinin Türkiyə sərhədinə bu qədər yaxınlaşması diqqət çəkir. Bu, Türkiyənin təhlükəsizlik qaydalarını yoxlamaq məqsədilə edilmiş bir test ola bilər. Ancaq Türkiyə hər bir ciddi dövlətin atacağı gərəkli addımı ataraq, bunun mümkün olmayacağını göstərdi. Burada Ankaranın siyasi iradəsinin də yoxlanılması istisna olunmur. Bunun da bir məqsədi var: G20 zirvəsindən sonra ABŞ və Türkiyə ortaq əməliyyat keçirəcəyini açıqlamışdı. Bu əməliyyatda dövrədə olacaq güclərdən biri də Azad Suriya Ordusu və onlarla birlikdə hərəkət edən türkman qüvvələri olacaqdı. Rusiya bu addımla özünün varlığını göstərməyə çalışdı”.
Ekspert hadisələrin gələcək inkişafında pilotların aqibətinin əsas rol oynayacağını deyib:
“Məsələnin hara qədər uzanacağında pilotların taleyi əsas rol oynayacaq. Rusiyanın məsələni qəlizləşdirməsi ehtimalını istisna etmirəm. Amma pilotlar türkmanların əlindədirsə və Türkiyə vasitəsilə sağ-salamat Rusiyaya təhvil verilərsə, vəziyyət qismən düzələ bilər. Rusiya Suriya təyyarələrini daha çox mühafizə edə bilər. Havada it döyüşləri də (qırıcıların üz-üzə gəlməsi) istisna olunmur. Ancaq bu təyyarələrdə hərbi təchizat olduğu üçün çox təhlükəli bir vəziyyət yarana bilər. Bundan başqa Rusiya xarici qrupları da cəlb edə bilər”.
Politoloq Türkiyənin hava sahəsinin pozulmasına imkan verməyəcəyini və NATO-nun Ankaraya yardım edəcəyini bildirib:
“Yəqin ki, NATO-nun 4-cü maddəsi işə salınacaq. Bu maddə NATO üzvü olan bir ölkənin təhlükəsizliyini təhdid edən vəziyyətlərdə ittifaqı konsultasiyaya çağırır. NATO-nun şərq qanadı, yəni Baltik hövzəsi davamlı olaraq Rusiya pozuntuları ilə qarşılaşır. NATO eyni halın cənub qanadında, yəni Türkiyə üzərində olmasına icazə verməyəcək. NATO bunu təmin etmək üçün Türkiyədə hava müdafiə sistemini gücləndirə, daha çox təyyarə göndərə bilər”.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)