Türkiyənin Suriyaya müdaxiləsi ona nə verə bilər? – Politoloq rəyi
1. 503 dəfə baxılıb
“Bilirsiniz, bəzən elə hallar olur ki, milli maraqların müdafiəsi qeyri-standart addımlar və gedişlər tələb edir. Əlbəttə, beynəlxalq hüquq və Suriyanın suverenliyi haqqında danışmaq olar. Amma eyni zamanda etiraf etmək lazımdır ki, beynəlxalq ictimaiyyət tamamilə gücsüzdür və Suriyada baş verənlərə təsir edə bilmir.”
Selefxeber.az-ın məlumatına görə bu sözləri “Report”a açıqlamasında qazaxıstanlı politoloq Aydos Sarım Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatları şərh edərkən deyib.
“Türkiyə Suriyanın ən yaxın qonşusu kimi, çox sayda problemlə üzləşib. Buraya beynəlxalq terrorizmdən, kürd separatizmindən tutmuş, təkcə Türkiyə yox, beynəlxalq təhlükəsizlik üçün təhlükəli amilə çevrilən milyonlarla qaçqın və s. olan problemlər daxildir”, – deyə, o bildirib.
Rusiyanın Suriyadakı rejimi dəstəkləməsindən danışan A.Sarım Rusiyanın Suriyadan geri çəkiləcəyi təqdirdə Bəşər Əsədin devrilməsinin bir neçə aya reallaşacağını söyləyib: “Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin edəcək bufer zona yarada, Suriyadakı soydaşlarının hüquqlarını qoruya, kürdləri kifayət qədər uzaq məsafəyə “göndərə” və onları Rusiya və Qərbin dəstəyindən məhrum edə bilsə, bu, heç də pis mənfəət olmayacaq. Bir şərtlə ki, Türkiyə Suriyada uzun müddətə, ciddi şəkildə və çoxsaylı insan itkiləri ilə ilişib qalmayacaqsa. Çünki belə bir təhlükə də mövcuddur”.
A.Sarım kürd amilinin həmişə Türkiyəyə başağrısı olduğunu qeyd edib: “Bu, həqiqətən həm daxili, həm də xarici milli təhlükəsizlik məsələsidir”.
Qazaxıstanlı ekspert həmçinin Rusiya və Türkiyənin Suriyada maraqlarının toqquşmasının mümkünlüyünə münasibət bildirib. Onun fikrincə, belə vəziyyət təbii ki, mümkündür.
“İndiyə qədər iki ölkənin maraqlarının toqquşması açıq-aydın deyildi, daha çox diplomatik xarakter daşıyırdı. İndi isə ortaya həqiqətən çox şey qoyulub. Görünür, Ərdoğan hücum üçün yaxşı vaxt hesablayıb. Buna görə də RusiyaXarici İşlər Nazirliyinin narahatlıq təsadüfi deyil. Türkiy hərbçiləri Suriyada daha çox qalsa, döyüşlər isə uzansa, Türkiyə mövcudluğunu artırmaq, silahlı qarşıdurmaların miqyasını artırmalı olacaq”, – deyə, o vurğulayıb.
Ekspert eyni zamanda bildirib ki, Türkiyə ilə ciddi qarşıdurmalar halında Rusiya NATO ölkələrinin hamısı ilə baş-başa gəlməli olacaq: “Bu isə oyuncaq məsələ deyil. Buna görə də Türkiyənin bir çox amillər və səbəblərlə yanaşı, belə psixoloji məqsədlər güddüyünü də istisna etmək olmaz. Ərdoğan və Türkiyə hakimiyyəti dəfələrlə Əsəd rejiminin qeyri-legitimliyi barədə danışıb”.
“Mənə elə gəlir ki, Türkiyənin müdaxiləsi Əsəd rejiminin devrilməsini sürətləndirəcək. Sonra isə çoxlu müxtəlif ssenarilər mümkündür. Çox güman, Suriya vahid dövlət kimi parçalanacaq və onun yerində bir neçə dövlət yaranacaq”, – deyə ekspert bildirib.