Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Yuxunuz gəlmir? Nahara düyü yeyin

Sentyabr 18
20:55 2014

“Sələf Xəbər” Daily Mail qəzetinə istinadən yuxuya getməkdə çətinliklə qarşılaşanlara bu problemin asan həllini təqdim edir.

Gecələr rahat yata bilmirsinizsə, nahar yeməyində menyunuza dəyişiklik etməyə dəyər. Alimlər çoxlu miqdarda düyü yeməyin insana yuxu gətirdiyini, makaron və vermişelin isə yuxuya mane olduğunu kəşf ediblər.

Yaponiyalı tədqiqatçılar həmçinin ağ çörək, fəsəli və pizza da daxil olmaqla un məhsulları yeməyin yuxunun keyfiyyətinə təsir etmədiyini aşkar ediblər.

Alimlərin sözlərinə əsasən, düyü kimi qlikemik indeksi (Qİ) yüksək olan qidaları yeməklə yuxunun keyfiyyətini yaxşılaşdırmaq olar. Yüksək Qİ-yə malik qidalar qana daha tez şəkər buraxaraq, qanda şəkərin səviyyəsinin uzun müddət yüksək olmasına gətirib çıxarır. Tərkibində Qİ səviyyəsi aşağı olan qidalar isə əksinə, qanda şəkərin səviyyəsinin qısa müddətdə və az qalxmasına səbəb olar. Yüksək Qİ tərkibli qidaların rasiona daxil edilməsi, sakitləşdirici təsirə malik və yuxu gətirən melatonin hormonu ilə əlaqəli olan triptofan amin turşusunun təsiri səbəbi ilə yuxunun keyfiyyətinə təsir edə bilər.

Daha əvvəl həyata keçirilmiş araşdırma zamanı, karbohidratla zəngin yüksək Qİ tərkibli qidaların beyinə daşınan digər amin turşuları ilə müqayisədə triptofanın miqdarını artırması məlum olmuşdur. Beyində triptofan serotoninə və daha sonra yuxu gətirici melatoninə çevrilir. Araşdırmaya əsasən, yaponiyalılar Avropa və Şimali Amerika əhalisi ilə müqayisədə 10 dəfə çox düyü istehlak edir. Düyü yaponiyalı insanların gündəlik enerji qəbulunun təqribən 28%-ni təşkil edir.

Araşdırma zamanı 1848 fabrik işçisinin (1164 kişi və 684 qadın) illik tibbi müayinələrinin nəticələri təhlil edilmişdir. Yaponiyanın Sənaye sahəsində Sağlamlıq və Təhlükəsizlik Qanununa əsasən sahibkarın bütün işçiləri illik müayinələrdən keçirməsi tələb olunur ki, daha sonra tədqiqatçılar bu məlumatlardan istifadə edə bilsin. Həmçinin 2003-2004-cü illərdə aparılmış araşdırmalar zamanı, iştirakçılar öz qida rasionları, məşğul olduqları fiziki məşqlərin miqdarı və siqaret çəkib-çəkmədikləri barədə sualları cavablandırıblar.

İştirakçıların yuxu keyfiyyətini dəyərləndirmək üçün, tədqiqatçılar insan yuxusunun keyfiyyətini dəyərləndirən Pittsburq Yuxu Keyfiyyəti İndeksinin yapon variantından istifadə ediblər. Yuxunun keyfiyyətini dəyərləndirmək üçün, işıqlar söndürüldükdən sonra yuxuya gedənə qədər keçən vaxt, yuxunun müddəti, effektivliyi, yuxu pozulmaları, dərman preparatlarının qəbulu və işçilərin gün ərzində özlərini necə hiss etdikləri və necə işlədikləri barədə məlumatlar qeydə alınıb.

Araşdırmanın nəticələrinə əsasən, çoxlu miqdarda düyü qəbul edən və Qİ qəbulu yüksək olan işçilərin yuxu göstəriciləri daha yaxşı olub, yəni, onlar daha yaxşı yatıblar. Tədqiqatçılar həmçinin çoxlu miqdarda düyü və Qİ qəbulunun daha uzun müddətli yuxu ilə əlaqəli olduğunu aşkar ediblər. Çoxlu miqdarda vermişel qəbulunun isə, yuxunun tez-tez pozulması, gün ərzində disfunksiya, yuxu dərmanlarının qəbulu, subyektiv yuxu keyfiyyətinin aşağı olması və yuxuya getmə müddətinin uzun olması ilə əlaqəli olduğu qeydə alınıb.

Çörək istehlakının yuxunun keyfiyyətinə təsiri qeydə alınmayıb. Araşdırmanı həyata keçirən alimlərdən biri bildirib: “Cari araşdırmanın nəticələri göstərir ki, yüksək miqdarda düyü və yüksək miqdarda Qİ istehlakı yaxşı və uzunmüddətli yuxu ilə əlaqələndirilir. Çoxlu miqdarda vermişel istehlakının isə yuxu keyfiyyətini aşağı saldığı aşkarlanıb. Nişastalı qidaların yuxuya təsiri, onların Qİ dəyərlərindən asılı olaraq dəyişir. Qida rasionunda yüksək miqdarda Qİ tərkibli qidalar, xüsusilə çoxlu miqdarda düyü qəbulu, yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər.

Araşdırmanın nəticələri Plos One jurnalında nəşr edilmişdir.

Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Müqəddəs Quran, “Furqan” surəsi, 47-ci ayə).

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız.

Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər