Azərbaycan və Efiopiya XİN-ləri arasında memorandum imzalanıb
1. 039 dəfə baxılıb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Vorkene Qebeyehu ilə görüşüb.
Selefxeber.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən “Report“a verilən məlumata görə, görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərinin son illər inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb. Bu xüsusda Vorkene Qebeyehu Elmar Məmmədyarovun Efiopiyaya səfərini yüksək qiymətləndirib və iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətinə toxunub.
E.Məmmədyarov Efiopiyanın xarici işlər nazirini Azərbaycana rəsmi səfərə dəvət edib və Verkene Qebeyehu dəvəti məmnuniyyətlə qəbul edib.
Nazirlər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar. Eyni zamanda ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər və iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə oxşar mövqedən çıxış etdiyini bildiriblər.
Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə nəzər salıblar. Ticarət əlaqələrinin təşviqi və biznes dairələri arasında birbaşa təmasların qurulması üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Efiopiyaya səfərinin təşkil olunması və birgə biznes forumlarının keçirilməsinə dair razılıq ifadə olunub.
E.Məmmədyarov Azərbaycandan Cibutiyə və digər Afrika ölkələrinə hava yolu ilə yüklərin daşındığını, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarını qeyd edərək iki ölkə arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq üçün potensialın olduğunu nəzərə çatdırıb.
Həmçinin nazirlər iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər efiopiyalı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldığını qeyd edərək bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, Azərbaycanın beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli istiqamətində atdığı addımlar barəsində məlumat verib.
Görüş əsnasında nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar.
Görüşdən sonra Elmar Məmmədyarov Efiopiyaya səfər və keçirilmiş görüşlər haqqında yerli mətbuatın suallarını cavablandırıb.