Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BƏƏ-də ilk dəfə olaraq hərbi xidmətə çağırışlar başlayıb

Sentyabr 02
17:01 2014

“Sələf Xəbər” Gulfnews xəbər portalına istinadən xəbər verir ki, avqust ayının 31-i 9000-dən çox BƏƏ vətəndaşı ilk milli xidmət çağırış təlimlərinə başlayıb.

“Bu gün tarixin səhifələrinə düşəcək, çünki ilk dəfədir ki, BƏƏ-də icbari hərbi xidmət tətbiq olunur”, Milli və Ehtiyat Xidməti orqanının sədri general-mayor Əhməd bin Təhnun əl-Nəhyan bildirib.

Bu ilin əvvəlində qəbul edilmiş qanuna əsasən, 18-30 yaş arası bütün kişilər hərbi xidmətə cəlb edilməlidirlər. Qadınların hərbi xidmətdə iştirakı könüllüdür.

Xidmətin müddəti ali təhsili olmayanlar üçün 2 il, ali təhsili olanlar üçün isə 9 aydır. Təhsil dərəcəsindən asılı olmayaraq, qadınlar könüllü xidməti 9 ay keçəcəklər.

Şeyx Əhməd bildirib ki, Əmirliklərin bütün vətəndaşlarının milli xidmətə cəlb edilməsi nəzərdə tutulur. “Nizam-intizam və hərbi sistemə akkulturasiya sayəsində təlimlər gənc oğlanların və qızların davranışını formalaşdıracaq”, Şeyx Əhməd əlavə edib.

O, həmçinin vurğulayıb ki, milli xidmət həm də BƏƏ cəmiyyətini silahlı qüvvələrin strateji aktivinə çevirmək və daha çox gənc lider yetişdirmək məqsədi daşıyır.

“Xidmət, bu gənc çağırışçılara cəmiyyətlə əlaqəli faydalı və effektiv fəaliyyətlərdə iştirak etmək üçün öz yaradıcılıq qabiliyyətlərini və bacarıqlarını inkişaf etdirməyə kömək etmək məqsədi daşıyan bir sıra mühüm təlim-məşqlərdən ibarətdir”, Şeyx Əhməd bildirib.

O, həmçinin qeyd edib ki, Milli Xidmət Əmirliklərin gənc vətəndaşlarının həyatına müsbət təsir göstərəcək. “Silahlı qüvvələr gənc nəsil qarşısında mənəvi vəzifə daşıyır, biz onların imkanlarını genişləndirmək və onları ölkələrinin rifahına həsr edəcəkləri və cəmiyyətdə müsbət sosial təsirə malik olmaq üçün zəruri olan bacarıqlarla təmin etmək üçün vaxtımızı və səylərimizi əsirgəmirik” – o, deyib.

Şeyx Əhmədin sözlərinə görə, ilk 3 həftə ərzində çağırışçılar bir sıra çağırış təlimləri keçəcək və milli xidmət təlimləri zamanı hansı fəaliyyətlərlə məşğul olacaqlarına dair mühazirələr dinləyəcəklər. Qadınlar üçün nəzərdə tutulmuş təlimlər 2 həftə davam edəcək. Çağırış təlimi mərhələsindən sonra, çağırışçılara 1 həftə istirahət veriləcək. Daha sonra onlar ixtisaslaşdırılmış hissələrə paylanılacaq və Silahlı Qüvvələrin gündəlik xidmət rejimi onlara da tətbiq olunacaq.

Federal qanun layihəsinə əsasən, BƏƏ-nin, onun müstəqilliyinin və suverenliyinin qorunması, Əmirliklərin hər bir vətəndaşı üçün müqəddəs borcdur.

Milli xidmət gənclərin şəxsiyyətini cilalayacaq və gələcəkdə qarşıda duracaq vəzifələrin öhdəsindən gəlmək üçün milli vətənpərvərlik ruhunu yüksəldəcək.

Bundan əlavə, BƏƏ yanvar ayından etibarən icbari hərbi xidmətin tətbiq olunmasına dair planlarını açıqlayıb.

Digər xəbərlər