Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dəhşətli qum qasırğasının görüntüləri – VİDEO

May 07
16:35 2016

Səudiyyə Ərəbistanın Qasim şəhərində ötən cümə günü yerli vətəndaş tərəfindən çəkilərək sosial şəbəkələrdə yayımlanan videoda qum qasırğasının dəhşətli görüntüləri əks olunmuşdur.
“Sələf Xəbər” həmin sujeti sizə təqdim edir.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Qurani Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir.
Bu ayədə Allah bildirir ki, Onun qulları düşmənləri və aclıq qarşısında qorxu hissi ilə sınaqdan keçirlər, özü də bu zaman qorxu və aclıq çox cüzi olur, çünki əks halda möminlər həlak ola bilərlər. Lakin onların qismətinə düşən sınaq onları məhv etməyə deyil, onların sıralarını təmizləməyə yönəldilir.
Bununla yanaşı, Allah Öz qullarını var-dövlətini, adamlarını və məhsullarını itirməklə də sınaqdan keçirir. Var-dövlətin itirilməsi dedikdə, insanın maddi rifahına zərbə vuran hər hansı hadisə nəzərdə tutulur. Bu, təbii fəlakət, daşqın, itki, hökmdarların və ya zalımların özbaşınalığı, yolda soyğunçuluq və digər bədbəxtliklər ola bilər. İnsanların itirilməsi dedikdə, uşaqların, qohumların, dostların və digər sevimli insanların həlak olması və habelə, insanın özünə və ya ona əziz olanlara düçar olan xəstəliklər nəzərdə tutulur. Məhsulların itirilməsi dedikdə, taxıl sahələrinin, xurma ağaclarının və başqa meyvə ağaclarının, giləmeyvə kollarının kəskin soyuqlar, yanğınlar, qasırğalar, çəyirtkələrin basqını nəticəsində və başqa amillərin təsiri altında məhv olması nəzərdə tutulur.
Yuxarıda xatırlanan hadisələr həmişə baş verir və baş verəcəklər, çünki Hərşeyibilən və Hərşeydənxəbərdar Rəbb bu barədə öncədən bildirmişdir. Onlar baş verəndə insanlar səbirli və səbirsiz olanlara ayrılırlar. Səbirsiz insanlara o anda iki bədbəxtlik düçar olur. Onlar sevimli adamlarından və əşyalarından məhrum olurlar ki, sınağın mahiyyəti də elə budur. Bununla yanaşı onlar daha böyük və gözəl olandan – onlara tapşırılmış səbir etməyə görə Allahın əcrindən məhrum olurlar. Onlar zərərə düşürlər və Allahın onları müdafiə etməsindən məhrum edilirlər və imanları zəifləyir. Onlar səbir etmək, Allaha öz taleyindən razılıq bildirmək və Ona həmd etmək imkanını əldən verirlər. Bunun əvəzində, onlar hirslənir və hiddətlənir ki, bu da onların itkilərinin həcmi və ağırlığını təsdiq edir.Allah insanı sınaqdan keçirildiyi zaman ona səbir etməyə və narazılığını sözlə və əməli ilə bildirməkdən özünü saxlamağa kömək etdikdə, əgər insan Allahdan mükafat alacağına ümid bəsləyirsə və səbir etməyə görə mükafatın, ona düçar olmuş sınağın çoxsaylı üstünlüklərə malik olduğunu və baş vermiş bəlanın ona qarşı Allahın mərhəməti olduğunu, ona bəlalardan və çətinliklərdən daha çox xeyir və fayda verəcəyini bilirsə, onda o, Allahın iradəsinə tabe olur və mükafata layiq görülür. Bax buna görə, Allah, heç bir hesab istənilmədən, mükafat alacaqları haqqında səbirli iman sahiblərinə müjdə verilməsini əmr edir.
Məhz səbirli möminlər bu şərafətli müjdəyə və böyük ehtirama layiq görülmüşlər. Onlar mənəvi və ya fiziki əzab mənbəyi olan xoşagəlməz işlərə və təsadüfi hallara məruz qaldıqda, deyirlər: “Biz – Allahın qullarıyıq və Onun iradəsindən asılıyıq. Biz öz həyatımız və öz var-dövlətimiz üzərində hakimiyyətə malik deyilik və Allah bizi sağlamlıqdan və ya malımızın bir hissəsindən məhrum edərsə, bilmək lazımdır ki, Mərhəmətli Rəbbimiz Öz qulları və Öz mülkü üzərində istədiyi kimi sərəncam vermək haqqına malikdir. Biz buna qarşı ola bilmərik. Bundan başqa, Allahın əsil qulu bilməlidir ki, bütün müsibətlər Müdrik Hökmdarın iradəsi ilə baş verir. O, insanlara onların özlərindən daha çox şəfqətli və Rəhmlidir. Buna görə biz taleyimizlə razılaşmalı və Allaha, Onun təyin etdiyi, hətta insan başa düşmədiyi halda, ona fayda gətirən qədərinə görə, həmd etməliyik. Allahın qulları olaraq biz mütləq Qiyamət günü öz Rəbbimizə dönəcəyik və onda hər bir insan öz əməllərinin əvəzini alacaq. Əgər biz Allahın mükafatına ümid bəsləyərək səbirlilik göstərsək, onun əvəzini tam alarıq. Yox, əgər biz qəzəblənsək və taleyimizdən şikayət etsək, onda bu mükafatdan məhrum olarıq və bizə öz hiddətimizdən başqa heç nə qalmaz. Bizim, Allaha məxsus olan və hökmən Ona qayıdacaq, qulların vəziyyəti bizdən dözümlü və səbirli olmağı tələb edir”.(Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər