Dubay Quranda adı çəkilən bitkiləri bir yerə toplayır
1. 374 dəfə baxılıb
Müqəddəs kitabda adı çəkilən, demək olar, bütün bitkiləri Dubayın Quran Parkında görmək mümkün olacaq. Parkın açılışı növbəti ilin sentyabrında nəzərdə tutulub. Onların əksəriyyəti tamamilə adi bitkilərdir, lakin onların çox gözəl xüsusiyyətləri heç də hamıya məlum deyil.
Quranda 54 bitki adına rast gəlinir, onların sırasında sarımsaq, soğan, mərci, arpa, buğda, zəncəfil, balqabaq, qarpız və tamarind var.
“Tikintinin ikinci mərhələsində biz artıq bitkilərdən 31-ni əkmişik, daha 20 növü isə qalıb. Parkda ancaq üç bitki olmayacaq, onlara da yer üzündə rast gəlinmir”, – layihə departamentinin direktoru Məhəmməd Maşrum Gulf News-a bildirib.
İsti əmirliklər üçün ekzotik olan 15 bitki xüsusi oranjereyada yerləşdiriləcək. Təşkilatçıların ideyasına görə, bitki aləmi park ziyarətçilərində “Quran haqqında daha dolğun təsəvvür” yaratmalıdır. Bütün eksponatlar onların xüsusiyyətlərindən və müalicəvi xassələrindən bəhs edən lövhəciklərlə təchiz ediləcəkdir, bu barədə “WordYou” xəbər verir.
Lakin, bitkilər nə qədər də möhtəşəm və faydalı olsalar da, ekspozisiya, əlbəttə ki, bununla məhdudlaşmır.
“Quran möcüzələri üçün ayrılan zona müqəddəs kitabdan möcüzələr və əhvalatların izahlı təqdimatı olan böyük bir tuneldən ibarət olacaq”, – Maxummad Maşrum deyib.
Dəyəri təxminən 7 milyon dollar olan dini-tematik parkın açılışı bu payızda planlaşdırılırdı, ancaq inşaatın qoyulan müddətə çatmayacağına görə açılış tam bir il təxirə salınıb.
Birinci mərhələdə tikinti və təkrar emal tullantılarından istifadə etməklə torpağın düzləşdirilməsi aparılıb, bu da xərclərdə əhəmiyyətli qənaət etməyə imkan verib. Bu barədə Dubay bələdiyyəsinin başçısı Hüseyn Naser Luta bazar günü hesabat verib.
“Ümumi ərazi 64 hektar təşkil edir; növbəti altı ay ərzində biz qalan 32 hektarda işləri qurtarıb başqa tikintilərə başlayacağıq”, – deyə o söz verib və layihənin artıq üçüncü yekun mərhələsinə keçdiyini qeyd edib.
Quran parkında uşaqlar üçün tematik oyun meydançaları, açıq havada teatr, “səhrada bağ”, palma ağaclarının olduğu vahə və göl, həmçinin qaçış və velosiped zolaqları olacaq, “Əl-Arabiya” bildirir.
“Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.”(Müqəddəs Quran, “Yunus” surəsi, 57-ci ayə)