Dünyanın ən gözəl bağı – FOTO
3. 903 dəfə baxılıb
“Sələf Xəbər” gulfnews.com saytına istinadən Dubayda dünyanın ən gözəl bağının inşa edildiyini xəbər verir.
Gözünüzün görəcəyi qədər məsafədə uzanan parlaq rənglər, günün şüaları altında şölələnən və qaş qaraldıqda da seçilən parlaq güllərlə örtülmüş xarici divar və 4 km-lik cığırlar – Dubay Möcüzə Bağına xoş gəlmisiniz.
Möcüzə Bağı Ərəb Rançolarının yaxınlığında yerləşən “Dubailand” əyləncə mərkəzində yerləşir. Açıq hava məkanında salınmış bağda 45 milyona qədər gül-çiçək yerə döşənib və arkalardan asılıb. Çevrəsi 1 km olan bağ dünyanın ən uzun gül divarı kimi Ginnesin Rekordlar kitabına düşə bilər. Bağın gözəlliyindən valeh olan ziyarətçilər onu “Cənnət bağının bir hissəsi” adlandırıb. Bir çoxları etiraf edib ki, bağa təs adüfən gəlib çıxıblar. 9 ildir Dubayda yaşayan kanadalı Keyt Holbruk gördüyü mənzərədən heyrətə gəlib: “Niyə insanların bundan xəbəri yoxdur? Ömrümdə bu qədər gözəl mənzərə görməmişəm”.
Leyla və Siena adlı 2 yaşlı ekizlərin anası Holbruk, “Cənnət bağının bir hissəsini” səhrada görəcəyini təsəvvür etməyib: “Mən bir çox şəhərlərdə olmuşam, amma heç vaxt belə bir şey görməmişəm”,- deyib. Güllərlə örtülmüş xarici divardan əlavə, hər sahə üçün xüsusi şaquli və üfiqi dizaynlar mövcuddur: arkaşəkilli xiyabanlar, rəngarəng kiçik çətirlərlə bəzənmiş cığır, 10 metr hündürlüyə malik güldən ibarət piramidalar, su obyektləri və güllərlə örtülmüş vintaj və ya dizayner avtomobilləri.
Güllər ürək, ulduz formalarında, laylarla və iqlu (eskimos evləri) şəklində düzülüb. Xüsusi ehtiyaclı insanlar və ya yaşlı ziyarətçilər üçün qolf maş ını sifariş verilə bilər. Bağda ictimai tualetlər, dəstəmaz və namaz otaqları var. “Bura nigah və ya toy mərasimləri üçün əla məkandır”-deyə Britaniyalı ziyarətçi Keti bildirib. Bağda açıq havada istirahət və pərakəndə satış nöqtələri üçün geniş yer var.
Parkın qurucuları bildirib ki, Möcüzə Bağında Körfəz regionunda ilk dəfə əkilmiş güllər var. Layihənin icraçısı Akar Landscaping and Agriculture Co. şirkətinin nümayəndəsi Əbdul Nasir Y. Rəhhal Möcüzə Bağının 2 fəsildə eyni olmayacağını, hər fəsildə müxtəlif mövzuların qurulacağını bildirib.
Omanla sərhəddə 4 stadion böyüklüyündə və təqribən 10 milyon gül-çiçəklə örtülmüş Əl-Əyn Cənnəti parkının qurucusu da məhz bu şirkətdir. Cənab Rəhhal öz sözlərinə əlavə edib ki, onlar xarici divarda külək pəncərəsi şəklində ağaclar da əkirlər. Onun sözlərinə əsasən, bağ tam fəaliyyətə verild ikdən sonra, onlar ildə 1 milyon ziyarətçi cəlb edəcəklərinə ümid edirlər: “Biz bunları edəndə fikirimizdə turistləri tutmuşduq.
Həmçinin, göstərmək istəyirik ki, çirkab sularından səmərəli şəkildə istifadə etməklə, damcı suvarılma sistemlərinin köməyi ilə səhranı yaşıllaşdırmaq mümkündür”. Rəhhal bildirib ki, Möcüzə Bağında ən az 45 təbii rəng tapmaq mümkündür. Bağın inkişafının ikinci mərhələsində, burada pərakəndə satış nöqtələri, restoranlar, suvenir mağazaları, bitki yetişdirmə məntəqələri və çoxmərtəbəli avtomobil parkının (dayanacağının) inşası nəzərdə tutulub.
Rəhhal “Avropada, təbiət qışda ölür, yazda və yayda canlanır. Bizdə isə tamamilə əksinədir. Burada, səhrada çöl güllərinin böyüməsi üçün qış ideal mövsümdür. Bu, dünyanın işidir” – deyib.
MƏLUMAT:
Açıqdır: səhər 9-dan axşam 9-a qədər (May ayının sonuna qədər açıqdır, oktyabr ayında yenidən açılır)
Bitkilərlə örtülmüş ərazi: 72,000 m2
Cığırların uzunluğu: 4km
Güllərin sayı: təqribən 45 milyon
Giriş: 20 dirhəm və 3 yaşdan kiçik uşaqlar üçün pulsuzdur (fevral ayının 21-nə qədər giriş hər kəs üçün pulsuzdur).
“Sizə verilən nemətlərin hamısı Allahdandır”.
Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə