Ərdoğan: “10 dəfə xəbərdarlıq edilib, lakin pozuntu davam edib”
634 dəfə baxılıb
“Rusiyaya məxsus “Su-24” təyyarəsi təhlükələrə cavab qaydaları çərçivəsində vurulub”.
“Sələf Xəbər” APA-a istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Təhlükəsizlik Şurasının iclasından sonra deyib.
“Biz bu vəziyyətin bu cür olmasını istəmirdik, lakin hər kəs Türkiyənin öz sərhədlərini qorumaq hüququna hörmətlə yanaşmalıdır. Naməlum təyyarə bizim hava məkanımızı pozub, beş dəqiqə ərzində ona 10 dəfə xəbərdarlıq edilib, lakin pozuntu davam edib. Qəbul olunmuş və bundan əvvəl elan edilmiş təhlükələrə cavab qaydaları çərçivəsində həmin təyyarəyə qarşı tədbir görülüb”, – deyə Ərdoğan qeyd edib.
Ərdoğan, həmçinin əlavə edib ki, Türkiyə hava zərbələrinə məruz qalan Suriya türkmənlərinə hücumları qəti şəkildə pisləyir: “Bayırbucaq türkmənlərinin olduğu bölgə İŞİD terror xəvaric qruplaşmasının olduğu bölgə deyil, qoy heç kim heç kimi aldatmasın. Orada sadəcə Bayırbucak türkmənləri, soydaşlarımız, qohum-əqrəbalarımız yaşayır… Bu səbəbdən dinc əhali Türkiyə sərhədi boyu yerləşməyə məcbur olub”.
Onun sözlərinə görə, bununla belə, Türkiyənin hər-hansı ölkəyə qarşı düşmən olmaq niyyəti yoxdur. “Bizim bu insidentdən yan keçmək üçün əlimizdən gələni etməyimizə dair heç kimin şübhəsi olmasın”, -deyə prezident qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)