Gül Şərif məscidində fasiləsiz Quran oxunacaq
835 dəfə baxılıb
Kazan İstanbul şəhərindən sonra sutka boyu fasiləsiz olaraq Quran oxunan dünyanın ikinci şəhəri oldu.
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda yanvarın 2-dən etibarən fasiləsiz olaraq Quran oxunmağa başlanılıb.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Tatarıstanın Müsəlman-Ruhani İdarəsinin mətbuat katibi Əhməd Xalikov məlumat verib. O qeyd edib ki, respublikanın əsas ibadətgahı olan Gül Şərif məscidində bundan sonra Quran ayələri il boyu hər gün səslənəcək.
Onun sözlərinə görə, belə bir təşəbbüs Rusiyada ilk dəfədir həyata keçirilir. Ə.Xalikov əlavə edib ki, bununla Kazan İstanbul şəhərindən sonra sutka boyu fasiləsiz olaraq Quran oxunan dünyanın ikinci şəhəri oldu.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Qurani-Kərim Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır.
Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir”. (Qurani-Kərim, Hədid surəsi, 9-cu ayə)