Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası
1. 066 dəfə baxılıb
Gürcüstanın Telavi rayonunun azərbaycanlıların sıx yaşadığı Qaracala kəndində məktəb direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb.
Selefxeber.az xəbər verir ki, “APA”nın yerli bürosuna istinadən məlumatına görə, şagirdin atası Tahir Astanov məktəb rəhbərliyini dini azadlığın məhdudlaşdırılmasında ittiham edərək, Gürcüstanın Təhsil və Elm Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb. O, artıq məsələ ilə bağlı Telavi Resurs Mərkəzinə müraciət edib.
Məktəb direktoru Elza Aşirova isə bildirib ki, məktəb qaydalarına əsasən, baş örtüyünə qadağa qoyulub. Onun sözlərinə görə, şagirdlərin məktəbə papaq və başqa baş örtükləri ilə gəlməsi qadağandır.
Qeyd edək ki, son illər Gürcüstanın orta məktəblərində hicabla bağlı bir neçə insident qeydə alınıb. Bu yaxınlarda ombudsman insidentlərlə bağlı ölkənin Təhsil və Elm Nazirliyinə şagirdlərin dini mənsubiyyətini ifadə etmək hüququnun təmin edilməsi ilə bağlı müraciət edib.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Müqəddəs Quran, “Əhzab” surəsi, 59).Uca Allah həmçinin buyurur: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar…” (Müqəddəs Quran, “Nur” surəsi, 31).
“Görünənlər istisna olmaqla” – yəni üz və biləklərə qədər əllər.
Lakin, əlbəttə ki, bir çox hətta qeyri-müsəlman ölkələrindən (!) fərqli olaraq bir sıra müsəlman ölkələrində bəzən təhsil müəssisələrində müsəlman qadınların hicab geyinmək qadağası ilə rastlaşması faktı bizi kədərləndirməyə bilməz.
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!