İƏT ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı narahatlıqlarını bildiriblər
1. 154 dəfə baxılıb
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, təşkilat daxilində həll olunmamış münaqişələrin mövcudluğundan narahatlıqlarını ifadə ediblər.
Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə martın 1-də İslamabadda keçirilən 13-cü İƏT Sammitinin yekununda qəbul edilmiş Bəyannamədə deyilir.
Bəyannamədə bildirilir ki, həll edilməmiş qalan Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına və iqtisadi potensialının tam həyata keçirilməsinə maneə törədir, regional və daha geniş formatda iqtisadi əməkdaşlığın inkişafını ləngidir.
Sənəddə İƏT ölkələri həmçinin təşkilatın səmərəliliyini artırmaq məqsədilə birgə işlərin, təhsil, elm və humanitar əlaqələr sahəsində əməkdaşlığın təşviq edilməsinin vacibliyini qeyd ediblər.
Bəyannamədə eyni zamanda, İƏT-in İKT üzrə nazirlər səviyyəsində 2-ci görüşünün Azərbaycanda keçiriləcəyi vurğulanıb.