İlham Əliyev (Allah onu qorusun) Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirak edib – FOTO
1. 374 dəfə baxılıb
Selefxeber.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qorusun) Sammitdə iştirak edib.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Sonra Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun adından Sammit iştirakçılarının şərəfinə nahar verildi.
Daha sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Ərəb-İslam-Amerika Sammiti “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitdə iştirak edən dövlət və hökumət başçılarını salamlayaraq İslam ölkələri arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq bu Zirvə görüşünün əhəmiyyətinə toxundu. Sammitin dünyada terrorizm və ekstremizm hallarının qarşısının alınmasına, dayanıqlı sülhün təmin edilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edən Səudiyyə Ərəbistanının Kralı bu görüşü Amerika-İslam dünyası əlaqələrində də mühüm mərhələ kimi xarakterizə etdi. “İslam sülh və tolerantlıq dinidir”, – deyən Səudiyyə Ərəbistanının Kralı İslamın hər zaman terrorizm və ekstremizm hallarına qarşı çıxdığını və ölkəsinin bu cür təhlükəli amillərlə mübarizədə həmişə əməkdaşlığa hazır olduğunu bildirdi.
Sammitdə iştirak edən ABŞ Prezidenti Donald Tramp ilk növbədə ekstremizmlə mübarizənin vacibliyini vurğuladı. O, bu sahədə mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd etdi. Terrorizm yolunu seçənlərin həyatının boş və qısa olacağını deyən ABŞ Prezidenti bildirdi ki, hər dəfə bir terrorçu günahsız insanı qətlə yetirərkən Allahın adını çəkəndə inanclı insanları təhqir etmiş olur. Donald Tramp ABŞ-ın müharibənin deyil, sülhün tərəfdarı olduğunu bildirərək ekstremizmin və terrorizmin bütün təzahürləri ilə mübarizədə hələ çox iş görülməli olduğunu, İŞİD terror qruplaşmasının maliyyələşməsinə son qoymağın vacibliyini diqqətə çatdırdı. Donald Tramp vurğuladı ki, günahsız müsəlmanların qətlə yetirilməsinin, qadınların sıxışdırılmasının, yəhudilərin təqibinin və xristianların öldürülməsinin qarşısını almaq üçün səylər birləşdirilməlidir. ABŞ Prezidenti dedi ki, terrorizmə qarşı heç bir tədbir görülməsə qətllər, əzab və ümidsizlik daha da artacaq. Milyardlarla insanın dünya liderlərindən tədbir görmələrini gözlədiyini deyən Donald Tramp bildirdi ki, terrorizmin kökünü yalnız birgə səylərlə və qətiyyətli addımlarla kəsmək mümkündür.
Sammitdə çıxış edən İslam ölkələrinin liderləri artıq qlobal xarakter alan terror hücumlarına qarşı birgə mübarizənin vacibliyini vurğulayaraq, bu sahədə bütün ölkələrin əməkdaşlığının strateji əhəmiyyət daşıdığını bildirdilər. İslam aləmindəki münaqişə ocaqlarının dünyada təhlükəsizliyi təhdid etdiyini deyən dövlət başçıları sülhün bərqərar olması istiqamətində tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkdilər. Onlar dinlərarası münaqişəyə son qoyulmasının da önəmini vurğuladılar. Bu sahədə bütün müttəfiqlərlə səmərəli əməkdaşlığın tərəfdarı olduqlarını bildirərək cəmiyyətlərdə maariflənmə işlərinin aparılmasının əhəmiyyətinə toxundular. Vəziyyətdən çıxış yolu kimi ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinin tərəfdarı olduqlarını bəyan etdilər.
Qeyd edək ki, Sammit “Birlikdə güclüyük” devizi altında keçirilib. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.
X X X
Bununla da mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfəri başa çatdı.