İlham Əliyev (Allah onu qorusun) hərbi ittifaq üçün Pakistana gedir
10. 950 dəfə baxılıb
Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun) Pakistana edəcəyi səfər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak edəcək.
Selefxeber.az-ın “Virtualaz.org“a istinadən məlumatına görə, bu xəbəri Pakistanın “Tribune” qəzeti verib.
Mənbəyə əsasən, Azərbaycan prezidentinin Pakistana səfəri martın ilk günlərində baş tutacaq. İlham Əliyevlə birlikdə Pakistanı azərbaycanlı nazir və məmurlardan ibarət böyük nümayəndə heyəti ziyarət edəcək.
Ölkələr arasında bir sıra iqtisadi sazişlərin imzalanması gözlənilir ki, bunların arasında Pakistandan işçi qüvvəsinin cəlb edilməsi, neft və qaz təchizatı, həmçinin Azərbaycan şirkətləri tərəfindən Pakistanda maye təbii qazın qəbulu üçün terminalın tikintisi barədə sazişlər var.
Qeyd edək ki, İlham Əliyevin Pakistana səfər edəcəyini hələ ötən ilin noyabrında həmin ölkənin prezidenti Məmnun Hüseyn bildirmişdi. O zaman Məmnun Hüseyn iki ölkə arasında hərbi əlaqələrin genişləndirildiyini və bu əlaqələrin keyfiyyətcə yeni səviyyəyə keçməsini qeyd etmişdi.
Pakistan prezidentinin sözlərinə görə, bu ölkənin alim və mütəxəssisləri iqtisadi cəhətdən sərfəli və keyfiyyətli silahlar işləyib hazırlayır və Azərbaycan bu əməkdaşlıqdan fayda götürəcək. Məmnun Hüseyn həmçinin Azərbaycana ölkəsinin müdafiə institutlarının xidmətlərindən istifadə edərək hərbi kadrların yetişdirilməsini tövsiyə edib.
Gözlənildiyinə görə, İlham Əliyevin Pakistana səfəri çərçivəsində onun həmin ölkənin prezidenti ilə görüşü baş tutacaq və bu görüşdə ölkələr arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.