Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İmkansızlara xoş xəbər

Avqust 02
18:01 2016

Ünvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək.

Selefxeber.az-ın Axar.az-a istinadən xəbərinə görə, bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib. Yeni layihənin ünvanlı sosial yardımla əvəzlənəcəyini deyən millət vəkili qeyd edib ki, bu proses ələbaxımlılığı aradan götürəcək:
“Söhbət ünvanlı sosial yardımın ləğvindən getmir. Məşğulluq məsələsi həll olunmayan insanlara ünvanlı sosial yardımın verilməsi davam edəcək. Ancaq hazırda yeni pilot layihələr həyata keçirilir. Artıq iki rayonda bu layihələrə start verilib və 11 rayonda da həyata keçməlidir. Əgər bu layihə gələcəkdə uğurlu olarsa, proses davam etdiriləcək. Prezident öz ehtiyat fondundan 6 milyon manat vəsait ayırıb və bu pilot layihə vasitəsilə də insanlara iş yerləri təşkil olunur. İnsanlar da məhz təmin edilən yeni iş yerləri ilə özlərini dolandırmalıdır. Hər bir kəs maraq göstərdiyi sahə üzrə işlərə cəlb olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu layihəni çoxdandır həyata keçirir”.

Layihəni müsbət qiymətləndirən millət vəkili bu prosesin Azərbaycan üçün müsbət nəticə verəcəyini deyib:
“İnsanlar rahat olurlar ki, dövlətdən yardım alacaqlar. Ancaq indi insana ömürlük iş yeri və onunla məşğul olması üçün şərait yaradılır. Ünvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək. 3-5 il ərzində buna gedəcək olan insanlara həmin layihə üzrə şərait yaradılacaq. Əgər bu layihə uğurla davam etsə, həmin insan ünvanlı sosial yardımdan çıxarılacaq”.

V.Əhmədov ötən illər ərzində ünvanlı sosial yardımdan faydalanan insanların 150, 180 manatla öz biznes fəaliyyətini qura bilməsinin qeyri-mümkünlüyündən də söz açıb:
“Ünvanlı sosial yardım insanların biznesinin qurulması üçün nəzərdə tutulmayıb. Bu layihə iş yerlərinin sayı azaldığına görə və insanların sosial vəziyyətinin yaxşılaşması üçün nəzərdə tutulmuşdu. 150, 180 manatla hər hansı biznes qurmaq çox çətindir. Bu dövlət başçısı tərəfindən atılan bir addım idi və biz də qanuni şəkildə bunu təsdiq etdik. Qarşıda pilot layihələrin necə icra olunmasına baxacağıq”.

Qeyd edək ki, ölkədə ehtiyac meyarı 105 manat məbləğində müəyyən edilən ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin I yarısının yekunlarına dair iclasında ünvanlı sosial yardımın insanlarda asılılıq yaratdığını və gələcəkdə aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanlı yardımın formalarına dəyişiklik edilə biləcəyini açıqlayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).” (Müqəddəs Quran, “Hud” surəsi, 6-cı ayə).

“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər