İndoneziyada 700 illik Qurani-Kərim tapılıb
853 dəfə baxılıb
İndoneziyanın Aceh əyalətində Nagan Raya İslam əlyazmalarının sərgisi zamanı ən qədim Qurani-Kərimin nüsxəsi nümayiş olunub.
“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən məlumatına görə, nümayiş edilən qədim Qurani-Kərim 700 il əvvəl Şeyx Mövlana Malik İbrahim tərəfindən əl ilə yazılaraq surəti köçürülüb.
Onu da qeyd edək ki, Aceh əyalətinin qərbindəki Nagan Raya dövlət muzeyində Qurani-Kərimin yaşı 300-500 il olan daha 62 qədim əlyazması mühafizə olunur.
Sələf Xəbər: Uca Allah buyurur: “Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik”. (Qurani-Kərim, “Furqan” surəsi, 32-ci ayə)
“Niyə Quran ona birdəfəlik bütöv nazil olmadı? Belə olsaydı, onun peyğəmbərlik missiyası şübhə doğurmazdı”. Müşriklərin qəlbinə bu cür fikirlər soxulurdu, lakin məgər Quranın hissə-hissə göndərilməsi ilahi vəhyin qüsurudur? Əlbəttə ki, yox. Məhz bu səbəbdən Uca Allah buyurur ki, o Quranı hissə-hissə məhz ona görə göndərib ki, öz peyğəmbərinin qəlbində imanı möhkəmlətsin. Hər dəfə Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) növbəti vəhyi qəbul edəndə, onun ürəyinə hüzur və sabitlik çökürdü. Xüsusilə əgər bu vəhy, onun ürəyi həyəcan və narahatlıqla dolu olduğu halda nazil olurdusa. Baş verən hadisələrlə əlaqədar olaraq nazil edilən Quran ayələri, Allahın Elçisinə və möminlərə daha çox təsir bağışlayırdı, nəinki o birdəfəlik bütöv nazil olsaydı. Bu hadisə tarixə çevriləndə isə, onlar nazil edilən vəhyi oxuyur və Uca Allahın lütfünü xatırlayırdılar.
“Ey Məhəmməd! Biz təkcə sənə müqəddəs yazı nazil etməmişik, həmçinin onu ən gözəl şəkildə izah etmişik. Biz sənə vəhyin bir hissəsini göndərir və səni növbəti hissəyə hazırlayırdıq. Biz səni tərbiyə edir və ardıcıl surətdə sənə həqiqəti öyrədirdik. Biz səni himayə edir və Yazımızın qayğısına qalırdıq, odur ki, sən ehtiyac duyduqda və yer üzərində sənin dinini sabitqədəm etmək zərurəti olduqda qurani vəhyləri göndərirdik”. (Bax: “Təfsir Əs-Saadi”)Uca Allah, həmçinin buyurur: “Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar”. (Qurani-Kərim, “İbrahim” surəsi, 52-ci ayə)