Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İndoneziyada vulkan püskürməsi minlərlə insanı evsiz qoydu

İyun 16
14:35 2015

Azı 3000 insan öz evindən didərgin düşüb.

İndoneziyada vulkan yaxınlığında yaşayan minlərlə insan şiddətli püskürmə başladıqdan sonra evlərini tərk etməyə məcbur olublar.

“Sələf Xəbər” BBC-yə istinadən bildirir ki, Sumatra adasında yerləşən Sinabung dağı 2010-cu ildə fəallaşsa da, bu il iyunun 2-dən bəri fəallıq yüksək həddə çatıb.

2010-ci ilə qədər vulkan 400 ildən artıq fəaliyyətsiz olub.
Sumatranın hərbi komandanı deyib ki, gələcək günlərdə daha minlərlə insan ərazidən təxliyə ediləcək.
Alimlər növbəti həftələrdə vulkanın daha çox təhlükə yaradacağından narahatdırlar.

Bazar ertəsi isti kül və qaz axınından ibarət ən azı 28 piroklastik axın yüksək sürətlə dağın bir tərəfindən axıb.

İndoneziya dövlət vulkanoloqu Gede Suantika bildirib ki, Sinabung dağında lava örtüyünün böyüdüyünə dair işarələr var. Ötən ilin fevralında Sinabung dağında baş vermiş piroklastik axına görə azı 14 nəfər həyatını itirmişdi.

Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir. Bu, təbii fəlakət, daşqın, itki, hökmdarların və ya zalımların özbaşınalığı, yolda soyğunçuluq və digər bədbəxtliklər ola bilər. Buna görə biz taleyimizlə razılaşmalı və Allaha, Onun təyin etdiyi, hətta insan başa düşmədiyi halda, ona fayda gətirən qədərinə görə, həmd etməliyik. Allahın qulları olaraq biz mütləq Qiyamət günü öz Rəbbimizə dönəcəyik və onda hər bir insan öz əməllərinin əvəzini alacaq. Əgər biz Allahın mükafatına ümid bəsləyərək səbirlilik göstərsək, onun əvəzini tam alarıq. Yox, əgər biz qəzəblənsək və taleyimizdən şikayət etsək, onda bu mükafatdan məhrum olarıq və bizə öz hiddətimizdən başqa heç nə qalmaz. Bizim, Allaha məxsus olan və hökmən Ona qayıdacaq, qulların vəziyyəti bizdən dözümlü və səbirli olmağı tələb edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər