İordaniya kralı: islamofobiya İŞİD-in güclənməsinə kömək edir
806 dəfə baxılıb
“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, İordaniya kralı II Abdullah Fransanın Strazburq şəhərində çıxışı zamanı Avropa Parlamentinə üzünü tutaraq ekstremistlərin öz qanunvericiliklərini təsis etmək üçün münaqişələrdən istifadə etdiklərini və ölkəsinin bu ekstremist qruplaşmalara qarşı öz xalqını və inanclarını qoruyacağını bildirib.
Lider, həmçinin qeyd edib ki, terrorçuluq əleyhinə mübarizədə birlik həyati əhəmiyyət daşıyır və İŞİD terror xəvaric qruplaşması nəinki İraq və Suriya, hətta Yaxın Şərq və bütün dünya üçün təhlükədir.
İŞİD terror xəvaric qruplaşmasının hədəfinə çevrilmiş xristian azlıqlara dərin hüznünü ifadə edən kral Abdullah bildirib ki, regionda azlıqları hədəfə almaq insanlıq əleyhinə cinayətdir: “İŞİD terror xəvaric qruplaşması dini azlıqların kütləvi qırğınını həyata keçirib. Bu yaxınlarda qruplaşma Liviyada 21 misirli xristianın başını kəsib və Suriyada 90-a yaxın xristianı oğurlayıb”.
Nitqi zamanı lider, həmçinin İsrail-Fələstin münaqişəsi barədə danışıb və qeyd edib ki, İsrail dəfələrlə sülh prosesini pozub. O bildirib ki, münaqişə nifrət toxumları səpir və tezliklə həll olunmalıdır və Fələstin məsələsini yalnız siyasi yolla çözmək olar.
Suriya barəsində danışan kral, İordaniyanın, təqribən 1,4 milyon suriyalıya öz qapılarını açdığını və ölkəsinin dünyada qaçqınları ən çox qəbul edən üçüncü ölkə olduğunu bildirib.
Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir. (“Şərhu usul ət-təfsir”)