“İŞİD”-in girov götürdüyü 49 Türkiyə vətəndaşı sərbəst buraxılıb
805 dəfə baxılıb
“Sələf Xəbər”-in APA-ya istinadən xəbərinə görə, “İraq Şam İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşması tərəfindən girov götürülən 49 nəfər Türkiyə vətəndaşı bu gün səhərə yaxın sərbəst buraxılıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, baş nazir Əhməd Davudoğlu keçmiş girovların yerli vaxtla saat 05.00 radələrində Türkiyəyə daxil olaraq Şanlıurfa şəhərinə hərəkət etdiklərini açıqlayıb.
O, girovluqdan azad olunanların səhhətinin normal olduğunu qeyd edib.
Ə. Davudoğlu Azərbaycana səfərini yarıda kəsərək Türkiyəyə qayıtmaq qərarına gəldiyini bildirib: “Bu gecə səhərə yaxın vətəndaşlarımızı təhvil aldıq və ölkəmizə gətirdik. Mən bir az sonra Bakıdan ayrılaraq baş konsulumuz başda olmaqla, bütün qardaşlarımızla, vətəndaşlarımızla qucaqlaşmaq üçün ölkəmizə dönəcəyəm.”
Xatırladaq ki, iyunun 11-də “İŞİD” terrorçuları İraqın Mosul şəhərində yerləşən Türkiyənin Baş Konsulluğuna hücum edərək baş konsul və digər 48 Türkiyə vətəndaşını girov götürmüşdü.