İŞİD-in “paytaxtı” əlindən çıxır
917 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması xilafətin paytaxtı elan etdiyi Rakka şəhərində gərginlik artır.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Qərb koalisiyası və Rusiya döyüş təyyarələrinin Rakkaya qarşı hava hücumları təşkil etməsi “xilafət paytaxtında” həyatı iflic edib, əhali üçün həyat şəraiti çətinləşib. Buna baxmayaraq, terrorçular şəhərdə nəzarəti əldə saxlamaq üçün daha ağır cəza üsullarına əl atıblar.
Terrorçular ilk növbədə yaşı 14-ü ötən bütün oğlan uşaqlarını “İslam polisi”nə cəlb edib. Əhaliyə elektrik və su gün ərzində yalnız bir neçə saat verilir. Sosial şəbəkələrdə yayılan fotoşəkillərdə Rakka küçələrində qalaq-qalaq zibil toplandığı aydın görünür.
Bununla bərabər təşkilat terrorçulara ödənilən maaşı da kəskin azaldıb. Məlumatlara görə, əvvəllər ayda 400 dollar alan döyüşçülər indi 50 dollar maaş alır.
Həkimlərin şəhərdən çıxışına qadağa qoyulub. Qadağanı pozanların isə bütün mülkü müsadirə edilir. Buna baxmayaraq sakinlərin kütləvi şəkildə paytaxtı tərk etdiyi bildirilir.
Hava hücumları terrorçuların neft istehsalına da ciddi təsir göstərib. Bu səbəbdən təşkilatın əldə etdiyi gəlirlər bir neçə dəfə azalıb.
Xatırladaq ki, Rakka şəhəri 2013-cü ilin martında terrorçular tərəfindən zəbt olunub. 2014-cü ilin yanvarında “xilafətin paytaxtı” elan olunub.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.