İŞİD-in qazandığı pulların hesabatı
641 dəfə baxılıb
“İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması dünyanın ən varlı silahlı qruplaşması hesab olunur.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, “BBC Azərbaycanca” terror təşkilatının maliyyə qaynaqlarını araşdırıb.
İŞİD terror xəvaric qruplaşmasının ilk qazanc mənbələrindən birinin ianələr olduğu üzə çıxıb.
Bu mənbələrdən gələn pullar əcnəbi döyüşçülərin Suriyaya səfərlərini maliyyələşdirir, amma qruplaşma hazırda özünün daha ciddi maliyyə mənbələrini tapıb.
ABŞ Maliyyə Nazirliyinin 2014-cü ilə olan hesablamalarına görə, İŞİD terror xəvaric qruplaşması xam neftin və neft məhsullarının satışından həftədə bir neçə milyon dollar əldə edir.
Digər qazanc mənbəyi adam oğurluğudur. Adam oğurluğu İŞİD terror xəvaric qruplaşmasına 2014-cü ildə girov pulları şəklində 20 milyon dollar gəlir gətirib.
Habelə, İŞİD terror xəvaric qruplaşması özünün tam və qismən nəzarətində olan ərazilərin sakinlərindən hər ay bir neçə milyon dollar qoparır.
Ödənişlər İŞİD terror xəvaric qruplaşması ərazisindən keçənlərdən, burada biznesi olanlardan və ya sadəcə olaraq burada yaşayanlardan xidmətlər və ya mühafizə müqabilində alınır.
Həmçinin banklara basqınlardan, qədim əşyaların talan və satışından, mal-qara və ya kənd təsərrüfatı məhsullarının oğurluğundan əlavə qazanc götürülür.
Dini azlıqlar xüsusi vergi növü olan cizyə ödəməyə məcbur edilirlər.
Bu barədə İŞİD terror xəvaric qruplaşmasının bəyanatı ötən il İraqın Mosul şəhərindəki məscidin minbərindən elan edilib.
Bu bəyanatda xristianlardan ya islamı qəbul etmək, ya cizyə tələb olunurdu. Qruplaşma oğurlanmış qız və qadınları kölə kimi satmaqdan da pul əldə edir.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)