İŞİD sıralarında 300-dən çox Dağıstan sakini döyüşür
964 dəfə baxılıb
“Suriya və İraqda İŞİD terror xəvaric qruplaşmasının tərkibində 300-dən çox Dağıstan sakini vuruşur”.
“Sələf Xəbər” Lent.az-a istinadən məlumat verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Dağıstan respublikasının rəhbəri Ramazan Abdulatipov bildirib.
“Hazırda, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, Dağıstandan Suriya və İraqa 300-dən çox sakin gedib. Onların arasında öldürülən və geri qayıdanlar var. Bütün bu faktlar üzrə cinayət işi başlanıb”, – deyə Abdulatipov bildirib.
“Geri qayıdanların nəzarətə götürülməsi çox məsuliyyətli məsələdir. Gənc şəxslərə rahat və maneəsiz Suriyaya və ya İraqa getməsinə imkan verilməməlidir. Bundan başqa, rayon və kənd icra rəhbərləri idarə etdikləri ərazilərdə sakinlər barədə məlumatlı olmalıdırlar: kim nə ilə məşğuldur, hara və hansı məqsədlərlə gedir”, – deyə Abdulatipov qeyd edib.
Qeyd edək ki, mayın əvvəlində Suriyanın Palmira şəhəri yaxınlığında gedən döyüşlərdə 40-dək Dağıstan və Özbəkistan sakinlərinin daxil olduğu terrorçu dəstəsi məhv edilmişdi.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)