İŞİD terror xəvaric qruplaşması 4 azərbaycanlını cəzalandırıb
891 dəfə baxılıb
“İslam Dövləti” terror xəvaric qruplaşması silahlıları 10 gün əvvəl Suriyanın ər-Riqqa əyaləti ərazisində tutduqları və fərarilik və xəyanətdə ittiham etdikləri dörd azərbaycanlını cəzalandırdıqlarını bildiriblər.
“Sələf Xəbər”-in İstiqlal.az-a istinadən məlumatına görə, İŞİD terror xəvaric qruplaşması bildirib ki, bu şəxslər “şəriət”ə uyğun cəzalandırılıblar.
Xatırladaq ki, bu ayın 20-də İŞİD terror xəvaric qruplaşması dörd azərbaycanlının etiraflarını əks etdirən videoyazı yaymışdı. Həmin videoyazının sonunda fərarilik və xəyanətdə ittiham olunan azərbaycanlıların Quranın “Maidə” surəsinin 33-cü ayəsinə (“Allaha və Onun Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”) əsasən cəzalandırılacaqları bildirilmişdi.
Qeyd edək ki, sözügedən azərbaycanlıların edam edildikləri ehtimalı daha çoxdur.
Sələf Xəbər: XX-ci əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).