İŞİD terror xəvaric qruplaşmasının liderlərindən biri məhv edilib
818 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasının liderlərindən biri Həsən Səid əl-Cəburi hava zərbəsi nəticəsində öldürülüb.
“Sələf Xəbər”-in Milli.az-a istinadən verdiyi məlumata görə, terrorçu Mosul şəhərinin yaxınlığında məhv edilib.
Qeyd edək ki, bir ay əvvəl İŞİD terror xəvaric qruplaşmasının Mosuldakı digər lideri Radvan Talib Əl-Həmduni hava hücumları zamanı həlak olmuşdu.
Bundan əvvəl, beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr İŞİD terror xəvaric qruplaşmasının İraq və Suriyadakı mövqelərinə 31 hava zərbəsi endirib.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)
Orta əsrlərin böyük İslam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”
Beləliklə, bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla, sanki yer üzündə nizam qururlar. Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 11-ci ayə)
Uca Allahdan bütövlükdə müsəlman ümmətini və xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını diləyirik. Amin!