İspaniyada kəfənlə basdırılmaq qadağan edilir
1. 184 dəfə baxılıb
İspaniya İslam İcması Birliyi hakimiyyətin İslam dininin qaydalarına zidd olan yeni qanuna qarşı etirazını ifadə edib. Yeni qanuna əsasən, cənazələrin tabutsuz dəfn olunması yasaqlanıb ki, bu da müsəlman ənənələrinə ziddir.
“Səhiyyə Nazirliyi bizə sanitar səbəblərdən dolayı ölünü kəfənlə birbaşa torpağa basdırmağa icazə vermir. Lakin tabutda cəsəd daha gec çürüyərək ətraf mühitə daha çox ziyan vurur. Hal-hazırda İspaniyada 2 milyondan çox müsəlman yaşayır. 1992-ci ildə müsəlman icması qəbirstanlıq sahəsinin ayrılması barədə İspan hökuməti ilə müqavilə imzalayıb. Lakin, Madriddə 300 000 müsəlman yaşamasına baxmayaraq, burada müsəlmanlar üçün ayrılmış xüsusi qəbirstanlıq yoxdur. Madridə yaxın Qrinon əyalətində olan yeganə müsəlman qəbirstanlığının aqibəti isə sual altındadır. Qrinon qəbirstanlığı İspaniyada gedən vətəndaş müharibələri zamanı general Fransisko Frankonun silahdaşları ilə birlikdə vuruşan mərakeşli döyüşçülər üçün salınıb. 70 ildən çox bir müddətdir ki, İspaniyanın müxtəlif yerlərindən müsəlmanlar öz ölülərini İslam qaydaları üzrə bu qəbirstanlıqda dəfn edir. 2014-cü ildən qəbirstanlıq artıq Müdafiə Nazirliyinin yox, yerli bələdiyyənin nəzarətindədir. Yerli bələdiyyə isə bundan sonra Səhiyyə Nazirliyi tərəfindən diktə olunan qanunları tətbiq etməlidir.” – deyə, icma birliyinin rəhbəri Riay Tatari müsahibəsində bildirib.
İcma Birliyinin rəhbərinin sözlərinə görə, hələki müsəlmanların kəfəndə basdırılmasına rəsmi icazə verildiyi yeganə bölgələr “zəngin İslam keçmişinə” malik və əhalisinin çox hissəsini müsəlmanlar təşkil edən Andalusia, Ceuta və Melilla əyalətləridir.
İspaniyada yeni dəfn qaydaları ilə bağlı qadağalara görə, dəfn xərcləri də artıb. Bu vaxta kimi Qrinon qəbirstanlığında hər məzar üçün 10 il müddətinə 2000 avro ödənildiyini bildirən Riay Tatari qadağalar səbəbindən, cənazənin ölkə xaricinə göndərməyin onlara 1200-1600 avroya başa gələcəyini qeyd edib.
Ümumiyyətlə, İspaniyada müsəlmanlar üçün 27 qəbirstanlıq var ki, onlardan 19 -u xristian qəbirstanlıqlarında icarəyə götürmüş fərdi torpaq sahələridir.
Digər Avropa dövlətlərinə gəlincə, onların əksəriyyətində, məsələn, Almaniya və Belçikada İspaniyadan fərqli olaraq, müsəlmanlara öz ölülərini İslam qaydalarına əsasən dəfn etməyə icazə verilir.
Mənbə : “Rudaw” Informasiya Agentliyi
Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.”(Müqəddəs Quran, “Mucadilə” surəsi, 20-21-ci ayələr)
“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!
Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax “Təfsir Əs-Saadi”)