Kəbədə “Hicri İsmail”in mərmər örtüyü dəyişdirilib – FOTO
1. 149 dəfə baxılıb
“Sələf Xəbər”in ərəb mediasına istinadən məlumatına görə iki Müqəddəs Məscidin Xidməti İşləri idarəsi Kəbədə “Hicri İsmail”in mərmər örtüyünü yenisi ilə əvəz etmişdir. İki həftə müddətində aparılan işlərdən sonra Hicrin həm daxili, həm də xarici mərmər örtüyü yenisi ilə əvəz edilmişdir. Ağ mərmər örtüyü köhnəlib saraldığı üçün yenisi ilə əvəzlənmişdir. Məscid rəhbərliyinin məlumatına görə iki gündən sonra “İbrahim Məqamı”nda da təmir bərpa işləri aparılacaqdır.
İki Müqəddəs Məscidin Xidməti İşləri üzrə rəhbəri şeyx professor Əbdürrəhman bin Əbdüləziz əs-Sudeys “əl-Həram” məscidində aparılan təmir işləri ilə tanış olmuşdur.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir (Məkkədir)! Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr)
“Uca Allah – yer üzündə Ona ibadət və Onu zikr etmək üçün qurduğu Məscidülharamın əzəməti haqqında xəbər verir. Bu məscid məxluqlara böyük fayda verir və iri miqyasda nemət bəxş edir. Onda Allahın sevimlisi İbrahimin yüksək məqamını və onun həcc ziyarəti zamanı etdiyi əməlləri və həmçinin bütün elçilərin ağası və başçısı olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) yüksək məqamını xatırladan aydın əlamətlər vardır. Bu məscid haram edilmiş torpaqda yerləşir və insan bu torpağa ayaq basdıqda, Allahın qədərinə, İslam şəriətinin və dininin ehkamlarına müvafiq olaraq, əmin-amanlığa qovuşur.
Məscidülharamın sadalanan ümumi özəlliklərini və onunla bağlı ikinci dərəcəli ehkamları nəzərə alaraq, Uca Allah, öz əməlinə məsuliyyət daşıyan və imkanı olan bütün kəslərin Məkkəyə həcc ziyarəti etməsini məcburiləşdirmişdir. Bunun üçün adamlara bəs edir ki, imkan tapıb Məkkəyə qədər istənilən nəqliyyat vasitəsilə gəlsin və özü ilə ona zəruri olan ərzağını götürsün. Bu ayədə elə sözlər xatırlanır ki, onlar həm hal-hazırda mövcud olan və həm də gələcəkdə olacaq nəqliyyat vasitələrinə aiddir.
Müqəddəs Quranın möcüzələrindən biri də onun ehkamlarının bütün zamanlar və istənilən şərait üçün tətbiq olunarlığıdır. Bundan başqa, insanlar bu hökmlərə riayət etmədikcə, öz işlərini tam qaydaya sala bilməzlər. İnsan onlara tabe olduqda və onları layiqincə yerinə yetirdikdə, o, doğru yolla gedən möminlərdən biri olur. Əgər o, onlara itaət etməkdən boyun qaçırırsa və Məkkəyə həcc ziyarəti etmək istəmirsə, onda o, dinin ağuşundan çıxır və kafir olur, axı Allahın Öz qullarına ehtiyacı yoxdur.” (Bax “Təfsir Əs-Saadi”).