Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Keçmiş əsir İŞİD-in dinə laqeydliyindən danışıb

Fevral 07
21:33 2015

“Sələf Xəbər” cnn.com saytına istinadən xəbər verir ki, 10 ay ərzində Suriyada əsirlikdə olmuş fransız jurnalist Didye Fransua CNN kanalına verdiyi eksklüziv müsahibəsi zamanı Kristien Amanpura onu həbs edən İŞİD terror xəvaric qruplaşması döyüşçülərinin dinə qarşı laqeydliyindən bəhs edib.

“İlahi mətnlər barədə, din barədə söhbətlər aparılmırdı. Ancaq siyasi söhbətlər aparılırdı. Onlar bizə Quran öyrətmək əvəzinə, öz inanclarını yeridirdilər. Çünki əməllərinin Quranla heç bir əlaqəsi yoxdur. Heç bizim Quranımız da yox idi. Onlar bizə Quran vermək istəmirdilər”.

Fransua ötən ilin aprelində azadlığa buraxılıb, lakin başına gələnlər haqqında nadir hallarda açıqlama verib. O, İŞİD terror xəvaric qruplaşmasının əsirliyindən buraxılmış nadir şəxslərdəndir.
Hələ də İŞİD terror xəvaric qruplaşmasının əsirliyində olanlar arasında bu həftə prezident Barak Obamanın NBC News kanalına verdiyi müsahibə zamanı təsdiqlədiyi amerikalı qadındır.

Fransua, Amanpura o qadınla 2 dəfə görüşdüyünü bildirib. Onun həyatını təhlükəyə atmamaq üçün təfsilatları öyrənməyə meyl göstərməyib. Onun sözlərinə əsasən, qadınlar nisbətən sərbəst hərəkət edə bilir, lakin İŞİD terror xəvaric qruplaşmasının əsiri olmaq “kifayət qədər qorxuncdur” və “qadın olmaq məsələni yüngülləşdirmir”.

“Xatırlamaq da istəmirəm…”
Fransua həbsdə olduğu müddətdə təsəvvür olunmayacaq dəhşətlərlə üzləşib. İŞİD terror xəvaric qruplaşması onu Aleppo xəstəxanasında saxlayanda, o hər gün döyüşçülərin onların güzəşstsiz qaydalarına tabe olmaq istəməyən yerli suriyalılara və iraqlılara işkəncə verdiyini eşidib və görüb. “Bizi ayaqyoluna aparanda onların bəzilərini dəhlizdə görürdük. Və bəziləri qanın içində döşəmədə uzanmışdı. Hər yerdə zəncirlər, kəndirlər və ya dəmir çubuqlar asılmışdı”, – deyərək söyləyib Fransua onların özünə qarşı davranışını belə təsvir edir. “Əlbəttə ki, bizi döyürdülər. Amma hər gün yox. Yəni kifayət qədər ağır şeylərdir – xatırlamaq da istəmirəm”.

“Azadlığından məhrum olmaq kifayət qədər ağırdır. Yüzlərlə və minlərlə suriyalını, iraqlını, liviyalını, tunislini öldürən, ölkələrimizə bomba qoyan insanların əlində olmaq kifayət qədər ağırdır. Çox qorxuncdur. Möhkəm döyürlər, amma hər gün yox”. Səni məhv etmək istəsələr, edirlər. Əgər bizi hər gün döysəydilər, hər gün işkəncə versəydilər, sağ qalmazdıq”.

Britaniyalılar “daha zorakı idilər”
İŞİD terror xəvaric qruplaşmasının qərbli jurnalistləri edam etməsi ilə dünya fərqli britaniya ləhcəsi ilə danışan “Cihadçı Con” adlı anonim döyüşçünün şahidi oldu.
Fransua əsirlikdə ikən İŞİD terror xəvric qruplaşmasının üzvü olan Conu tanıyırmış. O, gözətçilərdən biri olub. “Videoda da gördüyünüz kimi – heç kim onun əlinə düşmək istəməz”.

Onun sözlərinə əsasən, əsirlərin “Bitlz” adlandırdığı britaniyalılar “daha zorakıdırlar”.
O, Amanpura bildirib ki, britaniyalıların verdiyi qida daha yaxşı olub, “amma onlar əsirləri daha pis döyürlər”.
Fransua bildirib ki, Məğribdən, yəni Şimali Afrikadakı keçmiş fransız müstəmləkələrindən olanlar da fransız əsirlərə münasibətdə daha kobud idilər. “Onlar fransız əsirləri amerikalılar və britaniyalılarla eyni qruplara (salmağa) can atır və bizə görə danışıqlar aparmırdılar”- Fransua deyib.

“Bizim bəxtimiz gətirdi”
Fransua İŞİD terror xəvaric qruplaşmasının İraq boyunca sarsıdıcı qırğınlar törədərək böyük ərazilər ələ keçirdiyi dövrdən az əvvəl azadlığa buraxılıb. O deyir ki, əgər hələ də İŞİD terror xəvaric qruplaşmasının əlində olsa idilər, onun və 3 həmkarının sağ qalacağına inanmazdı: “Xüsusilə, Fransanın koalisiyada və İraqın bombalanmasında iştirakından sonra, bizim bəxtimiz gətirdi”.

O, Suriyaya yollananda onlardan əvvəl hər hansı jurnalist və ya QHT işçisinin girov götürüldüyü xəbər verilməmişdi, odur ki, əsirliyin nə qədər təhlükəli olduğunu bilmək çətin idi. “Biz risk səviyyəsindən xəbərsiz idik və ya həmin vaxt risk səviyyəsini anlamırdıq. Həm də, İŞİD terror xəvaric qruplaşmasının üzvlərinin Cəbhə əl-Nusra qruplaşması daxilində gizləndikləri və hələ əl-Qaidə daxilində bir növ çevriliş təşkil etmədikləri dövr idi”.

Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Krallıqdan fərqli olaraq, bir çox Avropa ölkələrinin İŞİD terror xəvaric qruplaşması da daxil olmaqla, terrorçu qruplaşmaların girov götürdüyü şəxslərə görə girovpulu ödədiyi güman edilir. Fransa açıq şəkildə jurnalistlərin azad edilməsi üçün girovpulu ödəməyəcəyini bəyan edib. Fransua deyib: “Məsələ, sadəcə, pulda deyil. Mətbuatda ödənilə bilən pulun məbləği barədə şaiyələr yaymaq tamamilə gülüncdür”.

“Ceyms Folinin böyük ürəyi var idi”
Fransua İŞİD terror xəvaric qruplaşmasının ürəkbulandırıcı qətlləri seriyasından birincisi olan, qəddarcasına edam edilən Ceyms Foli ilə birgə girovluqda olub. “Ceyms əla dost idi. O heç vaxt təslim olmurdu. Çox böyük ürəyi var idi. Həmişə başqaları üçün nəsə əldə etməyə çalışırdı”, – deyərək Fransua bildirib.

O deyib ki, gözətçilər girovlardan nəsə istəyib-istəmədiklərini soruşduqda, onlar hamısı özlərini təhlükəyə atmamaq üçün qeyri-iradi olaraq yox cavabını verirdilər: “Foli isə əksinə, fərqlilik olsun deyə, yeməyə tərəvəz verilməsini təklif edirdi. Onlar onun sınmamasından xoşlanmırdılar. Ona görə onu daha çox döyürdülər. Çünki o sınmırdı. Hələ də mübarizə aparırdı. Hələ də mübahisə edirdi”.

Foli belə iyrənc şəkildə öldürüldükdən sonra, “cihadçı Con” İŞİD terror xəvaric qruplaşmasının təbliğat videosunda jurnalistin boynuna bıçaq tutmuş şəkildə görüntüləndi. Həqiqi edam aktı kamerada göstərilmir və bu qətlin arxasında “cihadçı Con”un durub-durmadığı barədə şaiyələrin yayılmasına səbəb olur. Fransua Amanpura bildirib ki, Folini edam edənin “cihadçı Con” olduğuna inanır.

İxtilaflar arasında həyat uğrunda mübarizə
Keçmiş əsir kimi Fransua təşkilatın daxilində baş verən çəkişmələrə böyük ümid bəsləyir:
“İŞİD-ə qoşulan iraqlılar və suriyalılar tayfalardan gəlmiş daha mühafizəkar adamlardır. Və bəzən digər ölkələrdən gələnlərlə uyğunlaşmaq heç də asan olmur, çünki onlar eyni inanca sahib deyillər, eyni davranışları nümayiş etdirmirlər, eyni prinsiplərə malik deyillər. Və bəzən aralarında çox böyük gərginlik yaranır”.

Fransua “İŞİD terror xəvaric qruplaşmasının törətdiyi Əl-Qaidədən fərqli olaraq, Əbu Bəkr əl-Bağdadi həmişə öz təşkilatını yerli münaqişələrə bənd eləmək istəyir. O, həmişə sünni tayfaları, bədəviləri, şiələrə və ya yezidilərə və ya xristianlara qarşı vuruşmağa vadar edir. O belə yaşayır. İnsanları belə cəlb edir. Əlbəttə, ki, o, Avropadan və ya bütün dünyadan gələn gənclərdən istifadə edir. Lakin bu onun təşkilatının yalnız bir qismidir. Onun təşkilatının ən güclü hissələri tayfalar, yerli sünni tayfalarıdır”, – deyərək vurğulayıb. Onun sözlərinə əsasən, “sağ qalmaq, bütün bu məsələlər arasında mövcud olmağa cəhd etmək demək olub”.

 Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)

Digər xəbərlər