Liviya nefti kimə qismət oldu?
1. 176 dəfə baxılıb
“Sələf Xəbər” slon.ru saytına istinadən, dünyada baş verən bir çox hadisələrin neftlə əlaqəli olduğunu bildirir.
Neft – konspiroloqların sevimli maddəsidir. Neft bütün suallara universal cavabdır. Dünyada nə baş verirsə versin, təfərrüatları vacib deyil, nəticə etibarilə ilkin səbəb onsuz da neft olacaq. Səddam Hüseyni neftə görə devirdilər, Venesuela və ya İranla problemlər neftə görə baş verdi. Düzdür Ukraynada səbəb şist qazı idi, lakin məsələnin məğzi yenə neftdir. Əfqanıstan neftini Leninin otağındakı yeganə televizorda görmüşdülər. Amma neftin özünə görə olmasa da, neft borularına, onlarında orada qurulmasına və ya qurulmamasına görə problemlər yaşandı.
Əlbəttə ki, Liviyada inqilab da neftsiz keçinə bilməzdi. Ölkə dünyada neft yataqlarına görə ilk onluğa daxildir. Afrikada isə ümumiyyətlə birinci yerdədir. Aydındır ki, vətənpərvər Qəddafi Qərbə Liviyanın neft yataqlarını talan etməyə mane olurdu, odur ki, onu devirdilər. Lakin, Qərbin niyə Qəddafiyə 42 il dözdüyü anlaşılmaz olaraq qalır. Ola bilsin ki, Qərb münasib zamanı gözləyirdi və 2011-ci ildə Qərb bu münasib zamanın çatdığını anladı, polkovniki devirdi və indi, 3 il sonra Liviya neftinin içində üzməli idi. Lakin, reallıqda hər şey tamamilə əksinə oldu.
Əgər Qəddafi rejiminin devrilməsi ilə kimə daha çox neft qismət olmasını araşdırsaq görərik ki, bu liviyalıların gələcək nəsilləridir. Çünki Liviya neftinin böyük hissəsi heç kəsə çatmır – sakitcə torpağın altında üzə çıxacağı günləri gözləyir. 18 avqust tarixində Liviya hökuməti sevincək şəkildə əvvəllər döyüşçülərin blokadaya aldığı bir neçə neft yataqlarına nəzarəti geri qaytardığını bəyan etdi. İndi Liviya neft hasilatını gündə 550 min barelə qədər artıra bilər.
Yəni indi Liviyada nailiyyət kimi qəbul edilən neft hasilatı, Qəddafinin inqilabdan əvvəl hakimiyyəti zamanı hasil edilən neftdən 3 dəfə azdır. O zaman Liviya sabit şəkildə gündə 1, 65 milyon barel neft hasil edirdi: 300 min barel daxili tələblərə sərf edilirdi, qalanı isə (1,3 milyon bareldən çox) – ixrac edilirdi. Bu isə Liviyaya dünyanın ən böyük neft ixracatçılarından birinə çevrilməyə və Küveyt və Qatar və ya Meksika kimi ölkələrlə bərabərləşməyə imkan verirdi.
Gün ərzində neçə barel neft ixrac olunduğunu hesablamaq mənasızdır. Çünki ixracat qeyri-sabitdir. Məsələn, bu həftənin əvvəllərində böyük neft terminalı olan Əs-Sidr terminalında bir illik fasilədən sonra İtaliyaya məxsus tankerə neft doldurularaq Avstriyanın OMV şirkətinin sifarişi ilə Triestə göndərildi. Bu artıq yaxşıdır. Sabah isə, ola bilsin ki, heç nə satılmayacaq. Çünki terminalı kimsə ələ keçirəcək və ya satmağa heç nə olmayacaq: son 3 ildə Liviyada neft hasilatının gün ərzində 200 və hətta 100 min barelə düşdüyü dövrlər olub. Bu isə ölkənin öz ehtiyaclarını da ödəmir.
Bütün bunlar Liviyada mahiyyət etibarilə dövlət qalmadığı üçün baş verir. Əlbəttə ki, orada özünü baş nazir, hökumət üzvləri, parlament spikerləri, deputat adlandıran insanlar var. Lakin, bu sadəcə nəzakət xətrinə, əcnəbi müxbirlərin kimdən müsahibə alacağını bilməsi üçündür.
Reallıqda isə bu personajlar sərt Liviya gerçəkliyinə çox zəif təsir göstərir. Baş naziri istənilən vaxt oğurlaya və naməlum yerə apara bilərlər və ya çox loğvalanmaması üçün hava limanına buraxmaya bilərlər. İyun ayında seçilmiş deputatlar əyalətlərdəki mehmanxanalarda və natamam heyətlə iclaslar keçirməli olurlar, çünki parlament fraksiyaları bir-birini boykot edib. Tripoli və Benqazi kimi iri şəhərlərdə fasiləsiz olaraq döyüşlər gedir. Xarici səfirliklərin çoxu çoxdan köçürülüb. Bu həftə Tripolidə naməlum təyyarələr şəhəri bombardman ediblər. Hansısa naməlum insanlar haradansa bombardmançı və bomba əldə edərək şəhəri yerlə-yeksan edirlər.
Hal-hazırda ölkə bir-biri ilə düşmənçilik edən onlarla silahlı qruplaşma arasında bölünüb. Bu qruplaşmalar regional, qohumluq, ideoloji, dini və digər prinsiplərə görə formalaşıblar. Bu insanları hökumət əleyhinə üsyançılar adlandırmaq çətindir, çünki onlardan çoxu hökumət adamıdır.
Bu qruplaşmaların liderləri arasında generallar, deputatlar və öz istefasını qeyri-qanuni hesab edən keçmiş nazirlər var. Döyüşçülərdən ibarət bir dəstə iri neft yatağını ələ keçirəndə, Liviya hökuməti buna sərhədçilərin maaşını 20% artırmaqla cavab verdi. Məntiqlə demək olar ki, yəqin daha yüksək maaşa həvəslənmiş sərhədçilər qeyri-qanuni işğalçıları qovublar. Lakin, Liviyada məntiqə yer yoxdur.
Əslində işğalçılar elə sərhədçilərin özləri idi və hökumət bu yolla onlardan canını qurtarmaq istəyirdi.
Təbii ki, liviyalı dəstələrin məqsədi vətənin neft sənayesini məhv etmək deyil. Sadəcə olaraq neft quyularının və liman terminalların zəbt edilməsi, mərkəzi hökumətdən pul qoparmağın yeganə yoludur. Onlar nefti özləri sata bilsəydi, sevə-sevə neft hasilatını dəstəkləyərdilər. Lakin neft narkotik maddə deyil, qiymətli daş deyil, heç siqaret də deyil.
Neftin qeyri-qanuni səyyar satışı ilə çox pul qazana bilməzsən. Bu sahədə müvafiq daşınma sistemi və ciddi alıcılara ehtiyac var, hansılar ki, yoxdur. Çünki hər kəs başa düşür ki, bir tanker neft əvəzinə liviyalı döyüşçülərə ödənilmiş pul, ictimai nəqliyyata qoyulmuş bomba şəklində asanlıqla geri qayıda bilər.
Liviyalı dəstələr bu istiqamətdə fəal şəkildə çalışırlar. Məsələn şərqi Liviyanın iri neft terminalları 2013-cü il avqust ayından bu yazın sonuna qədər, demək olar ki, bir il ərzində fəaliyyətsiz qalıblar. Çünki onları neft infrastrukturlarının mühafizəsi üzrə hökumət bölmələrinin rəhbər vəzifələrində çalışan yerli liderlərdən birinin qoşunları zəbt etmişdi. Böyük muxtariyyət və neft gəlirlərinin ədalətli şəkildə bölünməsi şüarları ilə çıxış edən bu insanlar hətta yerli özünüidarəetmə orqanları təsis edərək neftlərini satmaq üçün adam axtarırdılar.
Mart ayında döyüşçülər Şimali Koreya bayrağı altında üzən tanker taparaq ona on milyonlarla dollarlıq neft yükləyib naməlum alıcılara göndərdilər. Lakin Kipr ərazisində gəmi Amerika qoşunları tərəfindən zəbt edilərək zorla Tripoliyə qaytarıldı, komandanı isə həbs etdilər. Bu uğursuzluqdan sonra döyüşçülər hökumətlə razılaşmağa qərar verdilər: onlar terminalın azad edilməsinin əvəzində limanın mühafizəçiləri (yəni özləri üçün) maaş və ümumi amnistiya tələb etdilər. Əslində Liviyanın neft ixracatının təşkil edildiyi əsas prinsip məhz elə budur: bir qrup silahlı insan neft infrastrukturunun bir hissəsini ələ keçirir və ona blokadaya salır, hökumət onlara pul verir və onlar bunun əvəzində ventili açır, hökumət müəyyən müddət neft ixrac edir. Daha sonra döyüşçülərin pulu qurtarır, onlar yenə neftlə bağlı bir ərazini ələ keçirir və beləcə davam edir.
Qəddafi tez razılığa gələn insan deyildi, lakin hal-hazırkı şərtlərlə beynəlxalq neft şirkətlərinin işi çətinləşib. Həm inqilabdan əvvəl, həm də sonra çətinliklərin öhdəsindən gələn yeganə şirkət İtaliyaya məxsus Eni şirkətidir. Neft hasilatının əsas hissəsi şelfdə yerləşir. Döyüşçülər ora asanlıqla girişə bilmir. Bundan əlavə, italiyalılar
Liviyada 100-dən çox ildir ki, işləyirlər və biznes itkilərini minimuma endirmək üçün yerlilərdən kiminlə və necə razılığa gəlməyi hamıdan yaxşı bilirlər. Lakin hətta italiyalılar da öz neft ixracatlarını Qəddafinin hökm sürdüyü xoşbəxt günlərdəki səviyyəyə çatdırmağa nail olmayıblar. Digərlərinin işi lap çətindir. Liviyada daimi hücumlar səbəbilə öz işini dayandırmaq məcburiyyətində qalan ilk iri beynəlxalq şirkətlərdən biri
Royal Dutch Shell şirkəti olub. Şirkət Qəddafi ilə hələ 2004-2005-ci illərdə Britaniya hökumətinin qeyri-rəsmi dəstəyi ilə razılaşma imzalayıb – bu, Qərbin polkovnikə Lokerbi hadisəsini bağışlamasının əvəzində edilən ödənişin bir hissəsi idi. Planda geoloji kəşfiyyat, durulaşdırılmış (mayeləşdirilmiş) qazın emalı, 650 milyon dollarlıq sərmayə var idi. Lakin, 2011-ci ildə başlayan vətəndaş müharibəsi səbəbilə işi müvəqqəti olaraq dayandırmalı oldular. 2012-ci ildə isə, Royal Dutch Shell şirkəti Liviyada öz fəaliyyətini birdəfəlik dayandırdı və oradan neft ixrac etməyə nail olmadı.
Bənzər hadisə BP şirkəti ilə də baş verdi. Əvvəlcə 2007-ci ildə, hələ Qəddafinin hakimiyyəti dövründə şirkət liviyalılarla 900 milyon dollarlıq birgə layihələr barədə elan etdilər. İnqilabdan sonra bu məbləğ 2 milyard dollara qədər qalxdı. Lakin bu ilin əvvəllərində BP bütün yerüstü axtarış işlərini təhlükəsizlik səbəbilə qeyri-müəyyən müddətə dondurmalı oldu. İyun ayında isə, şirkət elan etdi ki, Liviyanın şelfində də vəziyyət sakit deyil, odur ki, orada işlərin başlanması ən azı 2015-ci ilə qədər dayandırılır.
Qərbin Qəddafinin devrilməsində iştirak etməsinin ən fəal tərəfdarlarından biri Fransa idi. Lakin Fransaya məxsus Total şirkəti heç bir mənfəət əldə etmədi. May ayında şirkət Liviyadan demək olar ki, bütün işçilərini çıxarmalı oldu. İndi isə onun ölkədə fəaliyyəti şelfdə cüzi işlərlə məhdudlaşır. Liviyada fəaliyyət göstərən böyük şirkətlərdən olan Amerikaya məxsus ConocoPhillips şirkətinin bu ilin əvvəllərində hasil etdiyi neftin həcmi keçən illə müqayisədə 20 dəfə aşağı düşüb.
Buna səbəb yenə də təhlükəsizlik məsələləri və terminalların daim quldur dəstələri tərəfindən blokadaya alınmasıdır. Digər Amerika şirkəti Marathon Oil artıq bir ildir ki, özünün Liviyadakı aktivlərini satmağa çalışır.
Odur ki, Liviyada rejimin dəyişməsi ilə qərbin neft korporasiyaları heç bir mənfəət əldə etmədilər. Əksinə, yalnız itki üz verdi. Hansı mənfəətdən danışmaq olar? Axı neft hasilatı müntəzəm olaraq inqilabdan əvvəlki dövrlə müqayisədə 3-5 dəfə aşağı düşür və hətta mühafizəyə böyük məbləğdə pul xərcləndiyi halda tam əksi baş verir və elə həmin mühafizəçilər sizin pulunuza silah alaraq sizi zəbt edir.
“Sizə verilən nemətlərin hamısı Allahdandır.”
Qurani Kərim, “Nəhl” surəsi, 53-cü ayə