Məkkə və Mədinə arasında sürət qatarları işləyəcək- FOTO
1. 224 dəfə baxılıb
Tezliklə Səudiyyə Ərəbistanında Məkkə və Mədinə şəhərlərini sürət qatarları birləşdirəcək.
Selefxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Əl-Hərəmeyn” adlı layihəyə əsasən, Məkkə və Mədinə şəhərlərindəki 2 son dayanacaq və şəhərlərarası 3 dayanacaq da daxil olmaqla 5 stansiya olacaq. Ara stansiyaları Rabiq qəsəbəsində, Ciddə şəhərində və Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərəcək.
Bundan başqa, yeni dəmiryolu layihəsində səsboğucu texnologiya tətbiq olunacaq ki, bunun sayəsində dəmiryolu xətlərinin keçdiyi yaşayış ərazisindəki sakinlər səs-küydən narahatlıq duymayacaq.
Yeni dəmir yolu xətti zəvvarların iki şəhər arasında gediş və gəlişi üçün sərf etdikləri vaxtın əhəmiyyətli dərəcədə azalmasına kömək edəcək. 2018-ci ildə istifadəyə veriləcək dəmir yolu xətti sayəsində zəvvarlar iki müqəddəs şəhər arasında yolu iki dəfə tez və rahat qət edə biləcəklər.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.”(Müqəddəs Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.”
Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.