Məkkədə təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib
1. 090 dəfə baxılıb
Ramazanın son 10 günündə zəvvarların Məkkəyə axını səbəbilə təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib.
Təhlükəsizlik qüvvələri yalnız, xüsusi zəvvar geyimi – “ihramda” olan zəvvarlara Kəbə Məscidinə girməyə icazə verir. Məscidin hər bir girişində və çıxışında barrikadalar ucaldılıb.
Təravih namazlarında iştirak etmək istəyən çoxsaylı zəvvarlar hətta Kəbə Məscidinin xaricində də yer tapmaqda çətinlik çəkir. İzdihamın idarə olunması üçün ayrılmış Səudiyyə diplomatik korpusuna məxsus xüsusi qüvvələr, zəvvarlara Kəbə Məscidinin içərisində və ya ətrafında oturmağa icazə vermirlər.
Səhiyyə Nazirliyi, müsəlmanların Qədərin yazıldığına inandıqları Ramazanın 27-ci gecəsində, fövqəladə hallara hazır olmaq üçün xüsusi plan hazırlayıb. Fövqəladə hallar üzrə xüsusi dəstələr, gücləndirilmiş iş rejiminə keçib. Taif və Ciddədəki müvəqqəti dəstələr isə, qəza hallarının qarşısını almaq üçün Məkkədə səfərbər edilib.
Nazirlik, Riyad, Ciddə və Mədinə magistral yollarında baş verə biləcək qəzalardan qaynaqlanan fövqəladə hallara hazırlıq üçün tam təchiz olunub. “King Abdullah Medical City” və “Al-Noor Hospital” tibb mərkəzlərinin eniş-qalxış zolaqları helikopterləri qəbul etmək üçün hazır vəziyyətdədir.
Təhlükəsizliyə görə cavabdehlik daşıyan aviasiya qüvvələri isə, şəhərdəki tıxacları müəyyən etmək və əsas hökumət orqanlarına, Ramazan ərzində təhlükəsizliyin təmin olunması üçün əməliyyatlar həyata keçirməyə, humanitar yardım və logistik dəstək göstərməyə yardım etmək üçün havadan nəzarəti həyata keçirir.
“Havadan nəzarət əməliyyatlarında 8 helikopter iştirak edir” – təhlükəsizliyin havadan təmin olunmasına rəhbərlik edən Muhamməd Əl-Hərbi bildirib.
“Kəbə Məscidinin ərazisi və Məkkəni Ciddə, Mədinə və Riyada birləşdirən magistral yollara daim havadan nəzarət edilir”, o qeyd edib. Mülki Müdafiə qüvvələri fövqəladə hallar zamanı yardım göstərmək üçün 6 xüsusi dəstə səfərbər edib.
“Biz Kəbə Məscidinin içərisində zəvvarlara yardım göstərmək üçün Mülki Müdafiə heyəti səfərbər etmişik” – Məkkə Mülki Müdafiə qüvvələrinin polkovniki Saleh Əl-Olayani Arab News xəbər portalına verdiyi müsahibəsində bildirib.
“Xəstəlik, zəvvarların hərəkətinə qəfil maneçilik törədə bilər, odur ki, ziyarəti yerinə yetirə bilməyən xəstə və yaşlı zəvvarları təcili yardım maşınlarına, oradan isə xəstəxanalara aparmaq üçün Kəbə Məscidinin içərisində qruplar səfərbər etmişik”, o deyib.
“25 yüksək vəzifəli məmurun rəhbərlik etdiyi ehtiyat qüvvələri, sahə komandaları və bölmələrin xidmətini yüksəltmək üçün Mülki Müdafiə heyətinə köməklik göstərəcək. Mülki Müdafiə əməliyyat otağından isə, Məkkənin bütün rayonlarını əhatə edən müşahidə kameralarının köməyi ilə 24 saat ərzində Ümrə zəvvarlarının hərəkətinə nəzarət ediləcək”.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 126-cı ayə).
Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam beş əsas şey: din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. İslam qaydalarına müvafiq olaraq, müsəlmana qarşı münasibətdə qadağan olunmuş hərəkətlər, müsəlmanlarla müqaviləsi olan qeyri-müsəlmana qarşı da qadağandır.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər kim (müsəlmanlarla müqavilə altında olan) bir qeyri-müsəlmanı öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir.”
Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, və ya yollardakı quldurlar, və ya qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir. (Bax “Fataua əş-şər’iə fi qadaə əl-‘əsriya” 125).
Kəbə Məscidinə ibadətə gedənlərə vətənlərinə sağ-salamat qayıtmağı arzu edirik.
Allah bütün dünyaya, xüsusən də, müsəlman ölkələrinə əmin-amanlıq, firavanlıq bəxş etsin!