Minlərlə müsəlman yağış yağması üçün dua edib (FOTO)
Yanvar 26
18:16
2017
1. 895 dəfə baxılıb
Bu gün səhər saatlarında minlərlə müsəlman bütün islam dünyasının müqəddəs məscidi, qibləsi olan Kəbədə yağış yağması üçün uca Allaha dua edib, namaz qılıblar. Camaata namazı Məscidin imamı şeyx Əbdürrəhman əs-Sudeys qıldırıb.
Namazdan sonra insanlara xitab edən Əbdürrəhman əs-Sudeys bildirib ki, İman və Təqva bərəkət və səadət əldə etmək üçün səbəbdir. O günahlardan uzaq durmağın, Allaha asilik etməməyin, gizlidə və aşkarda Allaha itaət etməyin vacib olduğunu bildirmiş, bu kimi əməllərin ruzinin çəkilməsinə səbəb olduğunu bildirmişdir.
Müsəlmanlara dəyərli tövsiyələr verən imam sonda Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) örnək tutaraq yağış namazından sonra əbalarını tərsinə çevirməyi tövsiyə etmişdir.
Sələf Xəbər: Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, “Cümə günü Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərə xütbə oxumağa qalxarkən bir bədəvi ərəb minbərlə üzbəüz qapıdan içəri girir və hökm verilən yerə yönəlir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qalxıb onu qarşılayır. Köçəri ərəb deyir: “Ey Allahın Elçisi! Mal-dövlət, ailə-uşaq, mal-qara, qoyun-quzu əldən gedir. Allaha dua et ki, bizə yağış yağdırsın. Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) əllərini qaldırdı, hətta qoltuqlarının altının ağı göründü və dedi: “İlahi! Bizə yağış yağdır! Bizə yağış yağdır! Bizə yağış yağdır!” Adamlar da əllərini qaldırıb onunla birlikdə dua etdilər. Rəvayətdə Ənəs deyir: “Səma şüşə kimi idi. Onun arxasından buludlar bir-bir çıxıb diş kimi düzüldü. Buludlar səmanın mərkəzinə yığışdıqdan sonra yağış yağdı. Nəfsim əlində olana (Allaha) and olsun, o buludları elə düzdü ki, elə bil bunlar dağlar idi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) o qədər minbərdə qalıb dua etdi ki, mən yağış damcılarının onun saqqalından süzülüb düşdüyünü gördüm (Rəvayətdə həmçinin deyilir: “Külək qalxdı, buludlar ətrafa səpələndi. Sonradan bir yerə yığışdı, səmanın ağzı açıldı və ordan gur su axmağa başladı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərdən aşağı düşdü və namaz qıldı. Məsciddən çıxıb evə gedənəcən bərk islandıq. Bu gün, sabah, o biri gün və gələn həftəyədək aramsız yağış yağdı. Şəhərin arxları daşdı. Allaha and olsun, altı gün biz günəşi görə bilmədik”. Bir həftə keçəndən sonra elə həmin qapıdan bir kişi içəri girdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xütbə oxumaq üçün minbərə qalxırdı. O, kişini qarşıladı. Kişi dedi: “Ey Allahın Elçisi! Evlər dağılır, yollar bağlanır, mal-qaranı su aparır, arxlar aşıb-daşır, mülklərimiz suda batır. Allaha dua et ki, yağışı saxlasın”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gülümsədi, əlini qaldırıb dedi: “İlahi, ətrafımıza, üstümüzə yox, İlahi, dağların, təpələrin, torpaqların və qumların üstünə, vadilərin içinə və ağacların yarpaqlarına tök yağışı!” O, əlini buludlara tərəf uzadan kimi onlar dağıldı və səmanın ortasında açıq havadan bir dairə əmələ gəldi. Mən Mədinənin ətrafında həm sağa, həm də sola səpələnən buludlara baxdım. Elə bil Mədinənin üstündən pərdə asıldı. Ətrafımıza yağırdı, şəhərə bir damcı belə düşmürdü. Bayıra çıxıb (günəşli) havada gəzdik.” (Buxari)