Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misirdə yeni Süveyş kanalının təntənəli açılış mərasimi keçirilib

Avqust 07
18:00 2015

Misirdə ölkə üçün tarixi hadisə olan təntənəli mərasim – yeni 72 kilometrlik Süveyş kanalı məcrasının açılışı keçirilib. Kanalın yaradılması təşəbbüsü Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə məxsusdur.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirib ki, mərasimdə 90 rəsmi xarici nümayəndə heyəti, dövlət və hökumət başçıları, o cümlədən Fransa Prezidenti Fransua Olland, İordaniya Kralı II Abdullah, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev, Yunanıstanın Baş naziri Aleksis Tsipras və digər yüksək vəzifəli dövlət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasını Baş nazirin müavini Abid Şərifov təmsil edib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının yeni məcrasında “Əl-Maxrus” kruiz yaxtasının göyərtəsində İsmailiyə buxtasında fəxri qonaqlar üçün qurulmuş kürsüyə yönələrək mərasimi açıb. İki gəmi bu yeni və genişlənmiş su arteriyasında naviqasiyaya start əlaməti olaraq kanalın iki məcrası ilə keçib.
Misir Hərbi Dəniz Qüvvələri gəmilərinin iştirakı ilə suda və ölkənin Hərbi Hava Qüvvələrinin hava paradının başa çatmasından sonra Prezident Əbdülfəttah əs-Sisi Süveyş kanalının yeni məcrasının istismara buraxılması haqqında aktı imzalayıb.

Öz çıxışında Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu hadisəni Süveyş kanalının yeni məcrasının tikilməsinə böyük səylər göstərmiş Misir xalqı üçün tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, Misir xalqı çətinliklərə sinə gərməyə hazır olduğunu nümayiş etdirib. Kanal ölkə üçün çox mürəkkəb şəraitdə tikilib. Ölkə başçısı vurğulayıb ki, kanalın tikintisi Misirin keçəcəyi minlərlə addımdan biridir. Bu hadisə çoxsaylı layihələrin başlanğıcıdır. Əbdülfəttah əs-Sisi xüsusi qeyd edib ki, bununla yanaşı Misir xalqı ən qorxulu ekstremist ideologiyası ilə – terrorizmlə qarşı-qarşıya durdu və öz ölkəsi, bütün bəşəriyyət üçün dağıtmaq yox, inkişaf, quruculuq yolunu seçdi. Qeyd etmək lazımdır ki, Qahirədə və ölkənin bütün əyalətlərində Misir xalqı ölkənin həyatını yaxşılığa doğru dəyişəcək bu hadisəni bayram edir.

Bu möhtəşəm layihə keçən ilin avqustundan start götürüb. Yeni kanal cəmi bir ilə qazılıb. 8,5 milyard dollar dəyərində olan bu layihənin həyata keçirilməsi nəticəsində Süveyş kanalının ötürücülük qabiliyyəti 2 dəfə artacaq. Unikal hidrotexniki qurğunun istismarı ölkə iqtisadiyyatına əsas valyuta daxilolmalarından biridir, hər il 5 milyard dollar gəlir gətirir. Misir hökuməti gəmiçilik arteriyasından dövlətin gəlirini artıq 8 ildən sonra 3 dəfə artırmağı nəzərdə tutur. Layihəni Misir təkbaşına maliyyələşdirib.

Süveyş kanalı Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən, Avropadan Asiyaya ən qısa yol, həm də yüklərin nəqli üçün ən ucuz vasitədir. Yeni Süveyş kanalının uzunluğu 72 kilometrdir. Onun bir hissəsi köhnə kanalla paraleldir və gəmilərin şimaldan cənuba qarşılıqlı hərəkətinə imkan verir. İndi kanal 2 dəfə çox gəmi ötürəcək, mənfəət isə 2,5 dəfə artaraq 15 milyard dollar olacaq.

Su arteriyasının sahilləri boyu logistika mərkəzləri və sənaye zonaları yaradılacaq. Məsələn, gəmi tərsanəsinin, zavodların, avtomobil yığma sexlərinin və s. tikintisi nəzərdə tutulur. İsmailiyə və Port-Səid rayonlarında infrastrukturun inkişafına yönəlmiş avtomobil və dəmiryolu tunellərinin çəkilməsi və digər layihələr də planlaşdırılır. Bütün bunlar misirlilər üçün 1 milyona yaxın yeni iş yerlərinin açılmasına imkan verəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün) (bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür”. (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə)

“Allah təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər